Ukrayna ordusu separatçılara ağır zərbələr endirdi- VİDEO
Bizi izləyin

Dünya

Ukrayna ordusu separatçılara ağır zərbələr endirdi- VİDEO

Ukrayna hərbi qüvvələri ölkənin şərq vilayəti Luqanskda separatçılara qarşı əməliyyatlar keçiriblər.


ANS TV-nin məlumatına görə, Lisiçansk şəhərində hökumət qüvvələrilə silahlılar arasında ağır döyüşlər gedib. İnsan itkisi barədə məlumat verilməsə də, qarşıdurmalar zamanı çoxlu sayda dağıntılar baş verib. Raket zərbələri bir neçə yaşayış məntəqəsinə tuş gəlib.


Yerli sakinin sözlərinə görə, hər tərəfdən atışma səsləri gəlirdi: “Atışma başlayanda biz zirzəmidə idik. Səhərə qədər zirzəmidə qaldıq. Atışma zamanı anam 92-yaşlı nənəmi də zirzəmiyə gətirdi. O, artıq bir dəfə müharibə görüb, bu isə ikincisidir”.


Rəsmi Kiyev əməliyyatların uğurlu keçdiyini açıqlayıb. Həmçinin separatçılar əməliyyatlar zamanı şəhəri tərk etmək məcburiyyətində qaldıqlarını da etiraf ediblər.


Ukrayna prezidenti Petro Poroşenko Novıy Petrovçı kəndində hərbi qüvvələrin təlimini izləyib. Poroşenko qeyd edib ki, Ukrayna ordusu ölkə ərazisini işğaldan azad etmək üçün hər cür imkanlara malikdir: ”Bu iki ay ərzində Ukrayna ordusu yenidən doğulub. Bu gün onların azadlıq uğrunda mübarizə apardığını görürük”.


Ukraynanın şərqində raketlə vurulduqdan sonra qəzaya uğrayan sərnişin təyyarəsilə əlaqədar isə istintaq işləri davam edir. Hazırda təhqiqatlar Ukrayna polisi tərəfindən aparılır. Hollandiya polisi isə hadisə yerində xüsusi “silahsız polis missiyası”nı həyata keçirəcək. Missiyanın əsas məqsədi isə, Hollandiya vətəndaşlarına aid meyitlərin və əşyaların toplanması olacaq.


Hadisə zamanı ölən daha 38 nəfərin meyiti Hollandiyaya yola salınıb.


Beynəlxalq müşahidəçilər isə, hadisə yerində hələ də meyit qalıqlarının olması barədə xəbərdarlıq edirlər.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm