Ölümcül virus Avropaya sıçradı, Britaniya hökuməti təcili müşavirə çağırdı
Bizi izləyin

Dünya

Ölümcül virus Avropaya sıçradı, Britaniya hökuməti təcili müşavirə çağırdı

Afrikada yayılan ölümcül Ebola virusu Avropaya sıçrayıb.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniyanın Birmengem əyalətində Nigeriyadan qayıdan kişidə bu ölümcül xəstəliyin simptomları aşkarlanıb.

“The Daily Mail” Britaniya hökumətinin təcili müşavirəyə toplandığını xəbər verir.

Həmçinin virusun Afrika qitəsindən kənara yayılmasına dair ikinci fakt Honkonqda qeydə alınıb. Afrikadan səyahətdən qayıdan qadın Ebola virusunun törətdiyi titrətmə-qızdırma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Ebola virusu Afrikada bu ilin fevralından etibarən yayılmağa başlayıb və bütün rekordları qırıb. İndiyədək Qvineya, Liberiya və Syerra-Leonedə bu virusdan 600-dan çox adam ölüb. Ölənlərin dəqiq sayının 660-a yaxın olduğu bildirilir.

Üstəlik Ebola ilk dəfə Afrikanın qərbində aşkarlanıb. İndiyədək hesab edilirdi ki, bu xəstəlik qitənin mərkəzi hissəsinə xasdır.

Dünya səhiyyəsi virusun digər qitələrə yayılması riskindən narahat idi. Bir neçə gün əvvəl Liberiya hakimiyyəti ilə əməkdaşlıq edən amerikalı həkimdə açıq-aşkar bu xəstəliyin simptomları müşahidə olunduğu halda onu iki qitələrarası reysə buraxıblar. Daha sonra həmin həkim xəstəlikdən ölüb. Hazırda həkimlər onunla birlikdə uçmuş sərnişinləri axtarırlar.

Liberiyadan başqa ölkələrə bütün reyslər ləğv olunub. Bildirilir ki, Patrik Soyer adlı həmin həkim iki reysdən - Liberiyadan Qanaya, habelə Toqodan Laqosa uçan təyyarələrdə olub. Hər iki reysdə həkim ürəkbulanmasından və qarın ağrısından əziyyət çəkib. Həkim Laqosdakı xəstəxanada ölüb. Onun öldüyü xəstəxana bağlanıb və dezinfeksiya edilib.

Buna baxmayaraq əhalisi olduqca sıx olan və antisanitar vəziyyətdə yaşayan Laqosda xəstəliyin sürətlə yayılması riski var.

Ebola virusu heç kimə, o cümlədən bu xəstəliyə yoluxanların həyatını xilas etməyə çalışanlara aman vermir. Dünən iyulun 29-da Syerra-Leonedə bu xəstəliklə mübarizə aparan aparıcı mütəxəssis Şeyx Umar Xan da Ebola virusundan ölüb. Həkim indiyədək yüzlərlə adamın həyatını bu xəstəlikdən xilas edə bilmişdi, ancaq pasiyentlərdən birini müalicə etməyə çalışarkən özü də virusa yoluxub.

Xəbərlərə görə, virusun Amerikaya sıçraması riski də var. Bu günlərdə Kent Bredli adlı həkim ailəsi ilə birlikdə Afrikadan qayıdıb. Xəstəliyin inkubasiya dövrü 21 gün çəkir və ona görə də risk var ki, onlar da ölümcül virusa yoluxa bilərlər.

Titrətmə-qızdırma ilə müşaiyət olunan Ebola virusu xəstəliyinə qarşı heç bir effektiv müalicə metodu və ya peyvənd yoxdur. Bu virusa yoluxanların 90 faizə yaxını bir neçə gün sonra ölür. Virus ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında, Ebola çayı sahilində aşkar olunub və adını da bu çaydan götürüb. Ebola virusu titrətmə, ürəkbulanma, təngnəfəslik, qanaxma və diareya ilə müşaiyət olunur. Xəstəlik olduqca yoluxucudur və yoluxmuş insanlardan, yaxud heyvanlardan ifraz olunan qanla, habelə digər maye ilə təmas nəticəsində yayılır. Virus əleyhinə pereparatların heç biri Ebola virusuna qarşı effektli deyil. Müasir təbabət ancaq yoluxan insanda simptomları qismən yüngülləşdirməyə nail olur.

Xəstəliyin yayıldığı Afrika ölkələrində tibb personalı belə xəstələri müalicı etməkdən imtina edir, bir çox hallarda xəstəxanalardan qaçırlar və işdən çıxırlar. Bu günlərdə Liberiyada tibb personalı Ebola virusuna yoluxanların müalicə olunduğu xəstəxanalarda işə çıxmaqdan imtina ediblər və belə xəstələri Sərhədsiz Həkimlər beynəlxalq təşkilatından olan həkimlərin öhdəsinə buraxmağı istəyiblər. Habelə Afrika ölkələrində Ebola virusuna yoluxanların guya əl və ayaqlarının kəsildiyi, daxili orqanlarının çıxarıldığı haqda şaiyələr dolaşır və narahatlıq var ki, əhali xəstələrin bir çoxunu gizlədir. Beləliklə də virusun yayılması riski daha da artır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm