Ukrayna “Qazprom”u “düşmən” elan etdi
Bizi izləyin

Dünya

Ukrayna “Qazprom”u “düşmən” elan etdi

“Ukrayna hökuməti qaz-nəqliyyat şəbəkəsinin müasirləşdirilməsi yolu ilə Avropa və dünyanın energetika xəritəsini dəyişdirəcək”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna baş naziri Arseniy Yasenyuk qaz-nəqliyyat şəbəkəsinin idarə sisteminin dəyişikliyi haqqında qanun layihəsi barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir Kiyevin bunu ABŞ və Avropadakı partnyorları ilə birlikdə edəcəyini bildirib. O əlavə edib ki, Ukrayna hökuməti tarixdə ilk dəfə ölkənin energetika sektoruna vergiləri artırıb. A.Yasenyuk Ukrayna qaz-nəqliyyat şəbəkəsinin Rusiyanın mülkiyyətinə verilməyəcəyini də dilə gətirib.

Xatırladaq ki, A.Yasenyuk ötən həftə istefa verdiyini elan etmişdi. Bunun səbəbi isə vergi kodeksi və qaz-nəqliyyat sistemində dəyişikliklər barədə Nazirlər Kabinetinin təklif etdiyi qanun layihələrinin Ali Rada tərəfindən dəstəklənməməsi idi. Bu gün isə neft-qaz sektorundakı şirkətlərdən büdcəyə daxilolmaların artırılmasını nəzərdə tutan qanun layihəsinə 206 deputat səs verib. Yasenyukun istefası isə qəbul edilməyib.

Ukrayna qaz-nəqliyyat sistemində islahatlar aparmaq niyyətindədir. Xüsusi olaraq, 2015-ci ilin yanvarına qədər Avropa İttifaqının qəbul etdiyi “Üçüncü enerji paketi“nə uyğun olaraq qaz-nəqliyyat şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. 2015-ci ilin 1 yanvar tarixinə kimi iki ortaq müəssisənin – qaz-nəqliyyat sistemi və qaz bazarında islahatlar çərçivəsində yeraltı anbarlara nəzarət edəcək müəssisənin yaradılması planlaşdırılır. İslahat planlarına əsasən, müəssisələrin 49 faizi beynəlxalq partnyorlara, 51 faizi isə “Ukrtransqaz”a məxsus olacaq. Həmçinin bildirilir ki, beynəlxalq partnyorların seçimində Rusiyanın “Qazprom” şirkəti yer almayacaq.

Daha əvvəl isə Ukraynanın “Naftoqaz” şirkətinin başçısı Andrey Kobolev bildirib ki, ölkənin qaz-nəqliyyat sisteminin “Qazprom”a satışı qəbuledilməzdir.

“Qazprom”un rəhbəri Aleksey Miller isə İTAR-TASS-a açıqlamasında Ukraynanın qaz-nəqliyyat şəbəkəsində şirkətin heç bir marağının olmadığını deyib. O vurğulayıb ki, Ukraynanın qaz-nəqliyyat şəbəkəsinin dəyəri çox kiçikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm