• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yaponiyada Xirosima qurbanlarının anım mərasimi keçirilib

  • Dünya
  • 7 Avqust 2014 01:12
  • 518 Baxış
Yaponiyada Xirosima qurbanlarının anım mərasimi keçirilib

Avqustun 6-da Xirosima şəhərində Yaponiyanın bu yaşayış məntəqəsinə atom bombası atılmasının 69-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Xirosima şəhərinin meri Kazumi Maçui ənənəvi nitqində deyib: “Yaponiya bundan sonra da sülh dövləti olaraq qalmalı və sülh yolu ilə addımlamalıdır. Uşaqları ailə məhəbbətindən, gələcəklərindən məhrum edən atom bombası şər qüvvəsidir”.

ABŞ qoşunları tərəfindən Xirosimaya atom bombası atılmasının ildönümü ilə əlaqədar Yaponiyada hər il həmin şəhərin Sülh parkında həlak olanların xatirəsinə həsr edilmiş təntənəli mərasim keçirilir. Mərasimin əvvəlində iştirakçılar – Baş nazir Şinzo Abe, hökumət üzvləri, parlamentin deputatları, 68 dövlətin, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri adından Sülh abidəsinin önünə əklillər qoyulub.

Abidənin üzərində bombanın atılması nəticəsində həlak olmuş 292 min 325 nəfərin siyahısı qoyulub. Siyahıya əlavə edilmiş 5507 nəfər ötən bir il ərzində məhz bombardman nəticəsində dünyasını dəyişənlərdir.

Səhər saat 8:15-də, atom bombasının şəhərə atıldığı vaxtda bir dəqiqə sükut elan olunub.

2011-ci ildə “Fukusima-1” atom elektrik stansiyasında (AES) qəza baş verdikdən sonra xirosimanın merinin çıxışında yalnız atom bombasından deyil, eyni zamanda atom enerjisindən istifadədən imtina da yer alırdı. Lakin bu il hökumətin dayandırılmış AES-lərin işini bərpa etmək barədə qərarını nəzərə alan mer, çıxışında ilk dəfə olaraq bu stansiyalarla bağlı məsələyə toxunmayıb. Mer çıxışını başa vurduqdan sonra səmaya sülh rəmzi olan onlarla ağ göyərçin buraxılıb.

1945-ci ilin avqustunda ABŞ təyyarəçiləri Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıblar. Partlayış nəticəsində Xirosima şəhərində həmin an 140 min, Naqasakidə isə 74 min insan həlak olub. Ölənlərin əksəriyyəti mülki vətəndaşlar olublar. Hər il faciənin ildönümü günlərində - avqustun 6-da və 9-da Hirosimada və Naqasakidə “Sülh mərasimi” təşkil olunur.

AzərTAc

Xəbər lenti

DAHA ÇOX XƏBƏR