• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyə mediası cəbhədəki hadisələrə niyə laqeyddir?! - CAVAB

  • Dünya
  • 8 Avqust 2014 11:37
  • 447 Baxış
Türkiyə mediası cəbhədəki hadisələrə niyə laqeyddir?! - CAVAB

Azərbaycan-Ermənistan sərhədində düşmənin davamlı şəkildə atəşkəsi pozması nəticəsində ordumuzun əsgərlərinin şəhid olması, yaralanması yalnız Azərbaycan ictimaiyyətinin deyil, həm də dünyanın müxtəlif ölkələrinin mediasının diqqətindədir. Ayrı-ayrı ölkələrin nüfuzlu mətbu orqanları cəbhədə baş verən son hadisələrdən, Ermənistanın atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan əsgərlərindən məqalələr dərc edirlər.

Bu mənada cəbhədə baş verən son hadisələrin fonunda Türkiyə mediasının informasiya siyasəti bir xeyli suallara və narazılıqlara yol açıb. Azərbaycanda və elə Türkiyənin özündə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər Türkiyə mediasının cəbhə xəttində yaşanan son olaylara sanki bir qədər laqeyd münasibət sərgilədiyi düşüncəsindədirlər.

İddia olunur ki, Ermənistanın bütün beynəlxalq prinsipləri heçə sayaraq davamlı olaraq atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgərlərinin şəhid olması kimi ölkəmiz üçün olduqca mühüm və həssas bir hadisəyə Türkiyənin ana mediasının yanaşması, təqdimatı Azərbaycandan olan gözləntilərə və iki ölkə arasındakı münasibətlərə adekvat deyil.

Editor.az gündəmi məşğul etməkdə olan bu sualları elə Türkiyənin bir sıra nüfuzlu media qurumlarının təmsilçilərinə və tanınmış jurnalistlərinə ünvanlayıb.

“İhlas” Xəbər Agentliyinin (İHA) “www.iha.com.tr” portalının baş redaktoru Dursun Kabaktepe Editor.az-a açıqlamasında Türkiyə mediasının Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgərlərinin şəhid olması faktına laqeyd yanaşdığı haqqında iddialarla razılaşmadığını deyib:

“Ermənistanın atəşkəsi pozması və Azərbaycan əsgərlərinin şəhid edilməsi faktı xəbər olaraq Türkiyə mətbuatında yer alır. Ancaq, hər halda Türkiyənin gündəmini məşğul edən suallar və ətrafımızda yaşanan olaylar silsiləsinin gərgin olması üzündən yalnız sıradan bir xəbər olaraq görünür. Çünki, Fələstində 1800-dən artıq insanın həyatını itirməsi, Suriyada daxili savaşlar səbəbi ilə ölümlərin olması, İraqda İŞİD təhlükəsinin fərqli bir şəkildə inkişafı və daxili siyasətdə Prezident seçkilərinin olması medianın diqqətinin daha çox bu mövzulara yönəlməsinə səbəb olur.

Yoxsa, Türkiyənin siyasəti daima zalımın qarşında olmaq olub. Baş nazir Ərdoğanın dediyi kimi, bu prinspial bir siyasət yürütməkdir”.

Populyar “Taraf” qəzetinin yazı işləri müdürü Ümit Aslanbayın isə səslənən iddialara münasibəti bir qədər fərqlidir:

“Türkiyə mediası bu mövzunu kifayət qədər bilmir, izləmir… Türkiyə mediası hadisə yerindən xəbər hazırlamağı, hadisələri təqib etməyi çoxdan unudub. Hazırda İraqda, Suriyada olanları da birbaşa deyil, başqalarının gözü ilə dolayısı formada izləyir.

Digər tərəfdən, Türkiyənin ana mediasının gözü də hökumətdədir. Hər hansı bir mövzuya diqqət ayırmaq üçün onlardan işarə gözləyir.

Daha zəif olan müxalifət mediası da eyni şəkildə… Bu media da xəbəri, informasiyanı iqtidarı vurmaq, zədələmək məqsədilə hazırlayır.

Bu baxımdan Türkiyə mediası bu toz-duman arasında qalan hər məsələyə gözünü yumur. Çünki, mövzunu bilmədiyi üçün nə edəcəyini, necə edəcəyini də müəyyən edə bilmir…”

Nüfuzlu “Akşam” qəzetinin keçmiş xəbər müdürü Metin Yener isə səslənən iddialarla razıdır. Onun sözlərinə görə, Türkiyə mətbuatının Türk respublikalarında və türklərin yaşadığı bölgələrdə baş verən problemlərə diqqəti kifayət qədər yetərli deyil:

“Fələstin və Misirdə yaşananlarla göstərilən həssaslıq, təəssüflər olsun ki, mövzu Türk olunca göstərilmir. Bu özünü Türkiyə mediasında da göstərir. Düşünürəm ki, nu mövzuda ciddi işlər görülməlidir”.

Editor.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR