Rusiya “kəşfiyyat silahı”nı əldən vermək niyyətində deyil
Bizi izləyin

Dünya

Rusiya “kəşfiyyat silahı”nı əldən vermək niyyətində deyil

Xəbər verildiyi kimi, ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin Rusiya Federasiyası ərazisində qalma müddəti üç il uzadılıb.

Xatırladaq ki, E.Snouden 2013-cü ilin iyununda "Washington Post" və "Guardian" qəzetlərinə ABŞ və Böyük Britaniyanın internetdəki izlənmə proqramları barədə bir sıra gizli materiallar ötürmüşdü. Daha sonra o, Honkonqa uçub. İyun ayının 23-dən isə Rusiyadadır. Avqust ayında Snouden Rusiyadan birillik sığınacaq alıb.

E.Snoudenin vəkili Anatoli Kuçerena bildirib ki, indi sabiq kəşfiyyatçı ölkə ərazisini tərk edə biləcək. Amma bu, üç aydan çox olmayacaq. Dörd il sonra isə o, Rusiya vətəndaşlığı almaq üçün müraciət hüququna malik olacaq. A.Kuçerena əlavə edib ki, siyasi sığınacaqdan deyil, Rusiya ərazisində müvəqqəti yaşamaqdan söhbət gedir. Vəkil qeyd edib ki, siyasi sığınacaq prezident fərmanına əsasən verilir.

Yeni miqrasiya statusu E.Snoudenə yeni imkanları verir. Amma vəkil qeyd edib ki, Snouden Rusiya vətəndaşlığını alacağını, yoxsa ABŞ vətəndaşlığına qayıtmaq istədiyini hələ müəyyənləşdirməyib.

Rusiya mətbuatının yazdığına görə, Snoudenin həyatı üçün təhlükə hələ də qalır. Lakin o, Rusiyada yerdəyişmə ilə bağlı qərarları özü qəbul edir. Sabiq kəşfiyyatçı mağazalara, muzeylər və teatrlara gedir. Onun həyatı kifayət qədər sadədir, çünki o, öz təhlükəsizliyi barədə düşünür. “Qohumlara gəlincə, sözsüz ki, Snouden darıxır. O, vətəndən uzaqda yaşayır, onun üçün burada olmaq xeyli çətindir”, - Kuçerena qeyd edib.

Vəkil bildirib ki, Snouden ixsisas üzrə iş tapdı: “O, informasiya texnologiyaları sahəsində ən yüksək mütəxəssisdir”. Snouden maaş alır, eyni zamanda, yaradılan xüsusi fonda toplanan vəsaitdən istifadə edir. Amma onun Rusiyadan dövlət dəstəyi almadığı bildirilir. Kuçerena Snoudenə dövlət tərəfindən ev verilməsinin mümkün olmadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm