“Yerevanın acığına da gəlsə, Bakı ilə dostluğu sıxlaşdıracağıq”
Bizi izləyin

Dünya

“Yerevanın acığına da gəlsə, Bakı ilə dostluğu sıxlaşdıracağıq”

"Anqlo-sakson dövlətlərin “sülh naminə” etdikləri qlobal təhlükəsizlik konstruksiyasını darmadağın edib”

Rusiyalı diplomatlar Azərbaycanı Zaqafqaziya və Xəzər regionunda əhəmiyyətli strateji tərəfdaş adlandırırlar. İkitərəfli əməkdaşlığın mərkəzində iqtisadiyyat dayanır - ötən il iki ölkə arasında ticarət mübadiləsinin həcmi 3,5 milyard dolları keçib. Rusiyada hesab edirlər ki, əgər Bakı Moskvanın inteqrasiya layihələrində daha yaxından iştirak etsəydi, iki dövlət arasındakı münasibətlər həm iqtisadi, həm də siyasi cəhətdən daha faydalı ola bilərdi. Söhbət ilk olaraq Avrasiya İqtisadi Birliyindən gedir. Xatırladaq ki, Bakıya səfəri zamanı Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bunu Azərbaycana təklif etmişdi.

Amma ekspertlər bunun reallaşmasının mümkün olmadığı qənaətindədirlər. Belə ki, Azərbaycan Ermənistanın Avrasiya Birliyinə Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər daxil olmasından bərk narazıdır. Rəsmi Moskva Bakıdan bir çox beynəlxalq məsələlərdə, məsələn, Ukrayna məsələsində də dəstək almağa çalışır, amma hələ ki, real nəticə yoxdur. BMT Baş Assambleyası və ATƏT-in sessiyasında Ukrayna barədə səsvermədə Bakı Moskvanın tərəfini bir dəfə də olsun saxlamadı.

Baş verənlər fonunda rəsmi Bakı ilə xarici siyasətdə daha çox Qərbin aktivləşməsi daha qabarıq görünməyə başlayıb. Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərindən bir neçə gün əvvəl Azərbaycana Avropa Komissiyasının sədri Joze Manuel Barrozu səfər etdi. Bakıda o, Prezident İlham Əliyevlə danışaraq, AB ilə tərəfdaşlıq və modernləşdirmə sənədinin hazırlanması və imzalanması prosesinin sürətləndirilməsi barədə razılıq əldə etdi. Barrozu bildirib ki, bu sənəd İlham Əliyevin Brüsselə növbəti səfəri zamanı imzalanacaq. Lakin hələ ki, Avropa Birliyi də Azərbaycanla münasibətlərdə bundan artığına ümid edə bilməz. Azərbaycan hakimiyyəti hələ ki, AB-nin "Şərq Tərəfdaşlığı" proqramında elə bir aktivlik göstərmir.

Beləliklə, "Bizim Yol" əməkdaşı Rusiyanın keçmiş SSRİ regionunda siyasəti və bu siyasətdə Azərbaycanın rolu və funksiyası məsələlərini Rusiyanın "Şərq-Qərb Strategiyası" analitik mərkəzinin direktoru, hazırda Rusiya Sərhədyanı Əməkdaşlıq Assosiasiyasının Qırğızıstandakı nümayəndəsi Dmitriy Orlovla müzakirə edir.

- Cənab Orlov, söhbətimizə Azərbaycan-Gürcüstan münasibətləri ilə başlamaq istərdik. Siz öz analitik materiallarınızda bu münasibətlərə dəfələrlə toxunmusunuz. Hazırda Azərbaycan - Gürcüstan əlaqələri lazımi qədər yüksək səviyyədədir, yoxsa problemlər var?

- Beynəlxalq aləmdə ikitərəfli münasibətlərin ölçülməsinin yeganə meyarı effektivlikdir. Bunu bir-dəfəlik anlamaq lazımdır - siyasətdə dostlar və müttəfiqlər olmur - hamı düşməndir. Amma bəziləri bu düşmənçiliyi açıq-aydın, digərləri isə gizli edir. Odur ki, bir müddətdən sonra Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hər iki ölkənin milli maraqlarına uyğun gəlməyəcəksə, bu dostluq da bitəcək.

Amma indiki situasiya Bakı və Tbilisini bir-biri ilə dost olmağa məcbur edir. Söhbət heç də tərəflər arasında 180 kilometrlik bir ərazinin hələ də demarkasiya edilməməsindən getmir. Regionda maraqlı oyunçular var və onlar öz strateji maraqlarına görə iki dövlət arasında yeni konflikt baş verməsinə imkan verməyəcəklər.

Unutmayaq ki, Gürcüstan Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün yeganə tranzit ölkədir. Tikintisi davam edən Bakı-Axalkalaki-Qars dəmir yolu işə düşən kimi Azərbaycan Gürcüstan vasitəsi ilə Türkiyəyə, oradan da Avropaya dəmir yolu xətti əldə edəcək. Odur ki, rəsmi Bakının mövcud narazılıqlara baxmayaraq, Tbilisi ilə dalaşmaması başa düşüləndir.

Dediyim bütün bu tezislər eyni ilə Gürcüstana da şamil edilməlidir. Bu münasibətlərin davamlı olmasının hər iki dövlət üçün nə qədər vacibliyinin başa düşülməsi isə yeni Gürcüstan administrasiyasından asılıdır. Onların bu amili başa düşməsi çox mühümdür.

- Azərbaycanın daha bir qonşusu Ermənistan 20 ildən artıqdır ki, ərazimizin 20 faizini işğal edib. Fikrinizcə, yeni Qarabağ savaşı indiki zamanda mümkündürmü?

- Məncə, bu məsələdə əsas səhv - tərəflərin öz qarşılarına nail ola bilməyəcəkləri məqsədləri qoymasıdır. Ermənistan və Azərbaycan əhalisinin beyninə məhz öz ordularının rəqibdən daha güclü olması ideyası yeridilir. Əslində, burada pis bir şey yoxdur - xalqın mübarizə ruhunu daim "yemləmək" lazımdır. Problem müharibənin özündədir. İndiki müharibələr elə təşkil olunur ki, onu birdəfəlik, tez bir zamanda başa çatdırmaq mümkün olmur. Dövlətlər buna hazırdırlarmı? Bakıda və Yerevanda başa düşürlərmi ki, belə müharibələr tərəflərin bütün gücünü alır, iqtisadiyyatını məhv edir, əsl qalib isə heç də təbliğatın elan etdiyi tərəf olmur? Hələ ki, bu sualların cavabı açıq olaraq qalır.

Rəsmi Bakı və Yerevan istədikləri qədər silah vasitəsi ilə "əzələ nümayişi" edə bilərlər, amma yeni tipli müharibələrin öz məntiqi var. İndiki müharibələrdə düşmənin mümkün qədər çox torpağını tutan deyil, birinci olaraq, "bəsdir, bezdik" deyərək, danışıqlar masası arxasında oturan qalib gələcək.

- Hesab etmirsinizmi ki, Ermənistan Azərbaycanla Rusiya arasında daha sıx əməkdaşlıq üçün maneədir?

- Hal-hazırda Ermənistanın Moskvanın inteqrasiya proseslərində iştirakı ucbatından, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün heç bir real əsas yoxdur. İndi Moskva əvvəlkindən daha çox Azərbaycan kimi güclü bir dövlətlə müttəfiq olmaqda maraqlıdır. Elə rəsmi Bakı da Moskva ilə daha çox dost olmaq istəyir.

İqtisadiyyat və siyasətdən yaxa qurtarmaq olar, amma coğrafiyadan yaxa qurtarmaq mümkün deyil. Kiminsə xoşuna gələ və ya gəlməyə bilər, amma Rusiya Xəzərdə Azərbaycanla həmsərhəddir. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşməlidirlər. Onu da nəzərə alaq ki, müxtəlif politoloqların nə deməsindən asılı olmayaraq, hazırkı Kreml administrasiyası Azərbaycanla münaqişədə maraqlı deyil. Azərbaycanla Rusiya arasında real, tərəfləri razı salan siyasət aparılır və bu xətt Ermənistanın acığına gəlsə belə, davam etdiriləcək.

- Ermənistan Gömrük İttifaqı üçün əhəmiyyətlidir, ya əksinə? Bəlkə bu ölkənin Qərb inkişaf modeli ilə hərəkət etməsi daha yaxşı olardı?

- "Qərb inkişaf modeli" deyilən bir universal metod yoxdur. Qərbdə hər bir ölkə öz yolu ilə gedir. Nə Ermənistan, nə də Gömrük İttifaqı üzvləri heç kimi kopyalamamalı və öz yolları ilə getməlidirlər. Adı çəkilən ölkələrin öz tarixi yolları var. 1990-cı illərin əvvəllərində "Qərb inkişaf modeli" keçmiş SSRİ ölkələri üçün tətbiq edilməyə başladı. Bunun nə ilə nəticələndiyini siz də gördünüz.

O ki qaldı Ermənistanın Gömrük İttifaqına üzvlük məsələsinə, istənilən inteqrasiya geosiyasi eqoizmdən daha faydalıdır. Amma bu inteqrasiya düşünülmüş, xalqın maraqlarına uyğun olmalıdır. Gömrük İttifaqının indiki vəziyyətinə onu yaradan dövlətlərin belə narazılıqları var. Amma orada iş davam edir. Hələ ki, hər şey planlaşdırıldığı kimi reallaşmayıb. Praktika göstərir ki, istənilən prezidentin (Serj Sarkisyan da istisna deyil) sözləri ilə bu sözlərin reallaşması arasında kifayət qədər böyük məsafə var.

- Hər halda bu fonda Azərbaycanla Rusiyanın münasibətlərinin gələcək taleyi də maraqlı olacaq...

- Unutmayın ki, nə Rusiya Azərbaycansız, nə də Azərbaycan Rusiyasız keçinə bilər. Ən əsası - münasibətlərimizə qarşı davam edəcək təxribatlara uymamaqdır. Moskva və Bakının münasibətlərində böyük pullar qazanmaq istəyənlər kifayət qədərdir. Amma dövlətlərimiz arasında dost münasibətlərinin inkişafını istəyənlər daha çoxdur. Bu vaxta qədər hər iki xalqın qarşılıqlı istinad nöqtələri tapmaq qabiliyyəti, dostluğa sadiqliyi münasibətlərin hansısa bir mübahisə ucbatından düşmənçiliyə gəlib çıxmasına imkan verməyib. Əminəm ki, yenə də belə olacaq.

- Bəs İranın Qərblə müəyyən anlaşması, Türkiyə ilə yaxınlaşması regionda hansı qlobal dəyişikliklərə gətirib çıxaracaq?

- İranla Türkiyənin münasibətlərinin yaxınlaşmasını "isinmə" adlandırırlar. Bu çox düzgün ifadədir. Çünki "isinmə" qarşıdan yenidən "şaxta" gəlməyəcəyinin zəmanəti deyil. Odur ki, bu yaxınlaşmanın ömrünün uzun olacağını söyləməkdən uzağam. Həm Tehran, həm də Ankara Azərbaycana məhz onunla yaxın əməkdaşlıq üçün "qızıl dağlar" söz verə bilərlər (Beynəlxalq siyasətdə heç də həmişə öz vədlərinə görə məsuliyyət daşımırsan). Unutmayın ki, böyük dövlətlər həmişə kiçikləri öz maraqlarına görə istifadə edirlər. Tarixən bu belə olub. Azərbaycan yaranan situasiyadan özü üçün maksimal dərəcədə dividend əldə etmək barədə fikirləşməlidir.

Regiondakı son vəziyyətlə bağlı onu da demək istəyirəm ki, hətta İran və Türkiyənin yaxınlaşması belə buradakı "stabil qeyri-stabillik" şəraitinə təsir edə bilmir. Çünki anqlo-sakson dövlətlərin "sülh naminə" dünyada etdikləri, SSRİ-nin də iştirakı ilə İkinci Dünya Müharibəsindən sonra onların özlərinin yaratdıqları qlobal təhlükəsizlik konstruksiyasını darmadağın edib. Dünya xəritəsinə baxın - hansısa künc-bucaqda mütləq bir münaqişə ocağı var. İndi çox az adam yatarkən, sabah daha pis ola biləcəyi təhlükəsini nəzərə almaya bilir. Odur ki, dünyada gedən proseslərin nəzarətə götürülməsi üçün yeni beynəlxalq bir orqana ehtiyac var. Məhz onunla dünyada yenidən dünya təhlükəsizlik konstruksiyası qurmaq olar. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm