“Ərdoğanın seçilməsi 10 il sonraya hesablanıb” – Ekspert
Bizi izləyin

Dünya

“Ərdoğanın seçilməsi 10 il sonraya hesablanıb” – Ekspert

“Bu, reallaşarsa, Türkiyə-2023 planının tərkib hissəsi reallaşmış olur”.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Türkiyədə keçirilən prezident seçkilərini şərh edərkən dedi.

Onun sözlərinə görə, izlədiyimiz hadisələrin kökü 8 il əvvələ söykənir: “Bu, əslində, böyük yenilik deyil. Çünki Türkiyə 2006-2007-ci illərdən konstitusiya reformalarına start verilib. Bu islahatlar Ərdoğanın başçılığı altında keçirilir və AKP bu proseslərin önündə gedir. Ərdoğanın Türkiyəni parlament respublikasından prezident respublikasına keçirmək planı tədricən reallaşmaq üzrədir. Artıq 8 ildir ki, proseslər buna doğru gedir. Sadəcə, Ərdoğanın prezident seçilməsi qalırdı, bu da oldu. Bu islahatların ən mühüm mərhələsi idi və Ərdoğan bunu da etdi. Amma bu mərhələ tam olaraq bitməyib”.

Ekspertin fikrincə, bu siyasət bir addım uzağa hesablanıb: “2015-ci ildə Türkiyədə parlament seçkisi olacaq. Çox güman ki, seçkidə AKP qalib gələcək. Bu seçkidən sonra biz deyə bilərik ki, siyasi müstəvidə proses daha da sürətlənəcək və son nəticədə parlament respublikasından prezident respublikasına keçid tam olaraq başa çatacaq. Bu, reallaşarsa, Türkiyə-2023 planının tərkib hissəsi reallaşmışacaq və Cümhuriyyətin 100 illiyinə Türkiyə siyasi sistemini dəyişməklə daxil olacaq”.

Türkiyədə baş verən hadisələri şərh edən ekspert onu da bildirdi ki, ABŞ və Qərb bu proseslərin sürətlənməsində elə də maraqlı deyil: “Bu proseslər Türkiyə daxilində gedən, ölkənin daxili siyasətində təzahür edən proseslərdir. Əslində, başqa ölkələr buna müdaxilə edə bilməz. Amma son hadisələr göstərir ki, Türkiyənin regionda artan nüfuzu bir çox ölkələri qıcıqlandırır. Buna görə də müttəfiqlər, yəni NATO-nun üzvləri, xüsusi ilə də ABŞ, Fransa və Almaniya birmənalı olaraq bunu istəmir”.

Ekspertin fikrincə, Türkiyə öz siyasəti ilə ənənəvi formuldan çıxmağa çalışır:

“Türkiyə on illərlə Qərbin regionda forpostu rolunu oynayırdı. Ərdoğan hakimiyyətə gəldikdən sonra isə bu vəziyyət dəyişməyə başladı. Qətiyyətlə demək olar ki, son illərdə Türkiyə daha çox öz maraqlarına söykənən siyasət aparır. Buna görə də sadaladığım ölkələr bunu istəmir. Onlar Türkiyəni köhnə, ənənəvi roluna qaytarmaq istəyir. Bu baxımdan hazırki vəziyyət Qərbin və ABŞ-ın istəyinə uyğun deyil. ABŞ Fətullah Güləni Türkiyəyə verməməklə işarə edir ki, ölkə daxilində baş verən proseslərə müdaxilə edə bilərəm. Amma hadisələr onu göstərir ki, ABŞ-ın bu taktikası effekt vermir”.

Ekspert onu da bildirdi ki, daxildə müxalifətin Qərbə meyl etməsi də proseslərə təsir edə bilmədi: “Türkiyə müxalifəti də əslində ABŞ-a əl açıb. Onlar hər nə yolla olur-olsun, hakimiyyətə can atsalar da, Ərdoğan son nitqində bu məsələyə də toxundu. O, vurğuladı ki, müxalifət öz taktikasını dəyişsin. Ərdoğan bunu deməklə CHP, MHP və digər partiyalara bildirdi ki, Qərblə yaxınlaşmaq taktikasından əl çəkin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm