• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Evlərin qiyməti ucuzlaşıb

  • Dünya
  • 15 Avqust 2014 22:23
  • 1 165 Baxış
Evlərin qiyməti ucuzlaşıb

Ötən ay təkrar yaşayışlı mənzil bazarında qiymətlər 1 faiz ucuzlaşıb.

«MBA Consulting Group» Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli bildirib ki, ucuzlaşma mövsümlə əlaqədardır: «Ötən ay yaşayış təyinatlı daşınmaz əmlak bazarında satışa təklif olunan 1-5 otaqlı yaşayış mənzillərinin hesablanmış orta qiyməti 2084 dollar/kv.m-dən 2075 dollar/kv.m-ə qədər ucuzlaşıb. Bazar portfelində ümumi təkliflərin sayı isə ötən ilin müvafiq ayı ilə müqayisədə isə 7,35 faiz azalıb.

Əmlak bazarında qiymətin azalması mövsümə uyğun olaraq gözlənilən idi. Ümumilikdə, son dövrdə təkrar yaşayış mənzillərinin qiymətlərinn pik nöqtəyə çatdığından, bazarda artıq durğunluq müşahidə edilməkdədir».

N.İbrahimlinin sözlərinə görə, bazarın aktivliyində və bazardakı alqı-satqı əqdlərinin sayında azalmalar davam edir: «Ümumilikdə, iyul ayında Bakı şəhəri üzrə təkrar yaşayış mənzili bazarında qeyd edilən alqı-satqı əqdlərinin sayı 0,42 faiz azalıb. Digər tərəfdən isə, alıcıların böyük əksəriyyəti qiymətlərin növbəti yaxın aylarda düşəcəyini ehtimal edərək gözləməyə üstünlük verirlər. Alıcıların ehtiyatlı tərpənərək gözləməyə üstünlük vermələri öz növbəsində iyul ayında qiymətlərin nisbətən azalmasına gətirib çıxarıb».

«Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın tələbinin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 45,5 faiz, ucuz evlərin payı isə 53,1 faiz təşkil edib»,- deyə N.İbrahimli bildirir. Onun sözlərinə görə, köhnə tikili mənzillərin qiymətində yeni tikili mənzillərin qiyməti ilə müqayisədə daha çox azalma olub: «Təklif portfelində köhnə mənzillərin paylarının artması əsasən «alman», «fransız» və «Kiyev» layihəli binalarda müşahidə olunub. Bazarda qiyməti 85-100 min ABŞ dolları arasında olan mənzillərin payı 54,4 faizə malikdir. Mənzillərin orta otaq sayı 2.42, hər otağın orta satış qiyməti 67 478 ABŞ dolları, mənzilin orta qiyməti 160 264 ABŞ dolları, daimi struktur ilə isə 191 499 ABŞ dolları təşkil edib.

2013-cü ilin sonundan davam edən qiymət artımı 2014-cü ilin ilk 5 ayında da davamlı olub. Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərə çarpacaq qiymət artımı olmadığı halda daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilməsinin bir sıra səbəbləri var. Belə ki, ölkə əhalisinin gəlirləri artdıqca mənzil şəraitlərini yaxşılaşdırmağa üstünlük verirlər. Bundan əlavə, mənzil bazarında qiymət artımı bank depozit faizlərini üstələdiyindən investorlar bu bazara daha çox üstünlük verməyə meyllidirlər. Rusiya və Ukraynada baş verən hadisələr də Azərbaycan daşınmaz əmlak bazarına pul kütləsinin təzyiqinin artımına səbəb olub.

Eyni zamanda mənzil tikintisi bazarında bazar iştirakçılarının sayı azaldıqca, süni qiymət artımı imkanları daha da çoxalır».

Xəbər lenti

DAHA ÇOX XƏBƏR