Sahibsiz qalan türkmanlara İran əl uzadır – Geosiyasi mənzərə kimin xeyrinədir?
Bizi izləyin

Dünya

Sahibsiz qalan türkmanlara İran əl uzadır – Geosiyasi mənzərə kimin xeyrinədir?

Şimali İraqda “İraq Şam İslam Dövləti” (İŞİD) terrorundan qaçaraq Türkiyə sərhədlərindən keçmək istəyən türkmanları geri qaytaran Ankara onları, həmçinin bölgədəki Osmanlı mirası hesab edilən bəktaşilər, şebekilər və kakailəri İranın qucağına atır.

Publika.az-ın türk mediasına istinadən xəbər verir ki, minlərlə türkman Habur sərhəd keçidində qalıb.

Pasportu olmadığı üçün onların sərhədi keçməsinə icazə verilmir. Onlar arasında tanınmış türkman liderləri də var. Telaferdə şiə türkmanlarının lideri Kasım Karanın özünün və birinci həyat yoldaşının Türkiyə pasportu var, lakin uşaqları və digər həyat yoldaşında bu yoxdur. Ankaraya zəng edib kömək istəsə də, heç nə alınmır və geri qayıtmaq məcburiyyətində qalır.

İddialara görə, Şimali İraqda kürd bölgəsinə doğru irəliləyən İŞİD-in üzərinə yağdırılan ABŞ bombaları Sincar, Telafer və Mosulda yaşayan türkmanları da hədəfə alıb. Yüz minlərlə türkmanın evindən didərgin düşdüyü barədə xəbərlər yayılıb. Türkiyə ictimaiyyəti isə hökuməti türkmanlara dəstək verməməkdə ittiham edir.
“2011-ci ildən bu yana heç bir pasportu olmayan 1,5 milyon suriyalıya sərhədləri açdınız, fələstinlilərə də bunu etdiniz. İndi bir milyondan artıq soydaşımıza nə üçün sərhədi açmırsınız” ittihamları daha çox səsləndirilir.

Türkmanlara pasport verməyən rəsmi Ankara sərhəddə qalan 500 türkman ailəsini Ərbil konsulluğuna getməyi tövsiyə edir. Çünki Türkiyənin İraqdakı yeganə diplomatik təmsilçiliyi buradadır. Ərbil isə hazırda ən təhlükəli yerlərdən biridir. Digər tərəfdən, konsulluğa gedən türkmanlara pasport verilmir.

Ankara Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Kanbolad bildirib ki, rəsmi Ankara şiə türkmanlarına qarşı ayrı-seçkilik edir. Onun fikrincə, Türkiyənin bu addımının üç səbəbi var.

“Birincisi, Ankaranın siyasi dünyası İraqdakı şiəlikdən ələvi-bəktaşiliyə dönüşü başa düşmür. İkincisi, Türkiyədəki ələvi təşkilatların ələvi kimliyindən uzaq olmalarıdır. Yəni, daxili siyasətə başlarının qarışmasıdır. Üçüncüsü, Türkiyədəki İraq türkmanlarının təşkilatlarının sünni-Kərkük ağırlıqlı olması, dövlət xaricində qərar vermək mexanizmlərinin olmamasıdır. Nəticədə, Ankaranın bölgədə sahib çıxmadığı bu qruplara İran kimi bölgənin digər gücləri əl uzadır”, - deyə türkiyəli analitik qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm