"Rusiyanın ərzaq təhlükəsizliyində Azərbaycanın xüsusi rolu var"
Bizi izləyin

Dünya

"Rusiyanın ərzaq təhlükəsizliyində Azərbaycanın xüsusi rolu var"

Cari ilin 20 avqust tarixində Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib.

ANS PRESS-in Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, səfər çərçivəsində geniş tərkibdə görüş keçirilib.

Görüşdə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər. Rusiya tərəfindən isə Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor Manılov, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Nikolay Podquzov, Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova, Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbərinin müavini Aleksey Saurin, Rusiya Xarici İşlər nazirliyinin Dördüncü MDB ölkələri departamentinin rəisi Aleksey Pavlovskiy və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş zamanı Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozin Azərbaycan nümayəndə heyətini salamlayıb və onun dəvətini qəbul edərək Moskva şəhərinə səfər etdiklərinə görə minnətdarlığını bildirib. O, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, görüşün cari ilin avqust ayının əvvəlində Azərbaycan və Rusiya Prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə olunan razılığın davamı olaraq keçirildiyini diqqətə çatdırıb. Dmitriy Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.

Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov dəvətə görə qarşı tərəfə təşəkkürünü bildirib və sözügedən səfərin iki ölkə Prezidentlərinin tapşırığına əsasən baş tutduğunu qeyd edib. Yaqub Eyyubov səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.

Dmitriy Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sentyabr ayının ortalarında Bakıda keçirilməsini təklif edib.

Eyni zamanda görüşdə Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor Manılov və bu ölkənin İqtisadi İnkişaf nazirinin müavini Nikolay Podquzov çıxış ediblər.

Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu deyən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlığını qeyd edib. Eyni zamanda o, Azərbaycanın bütün standartlara cavab verən müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin olduğunu söyləyib. Şahin Mustafayev cari ilin altı ayında Azərbaycandan Rusiyaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm