Putin Lukaşenkonu bu qadınla əvəzləyə bilər
Bizi izləyin

Dünya

Putin Lukaşenkonu bu qadınla əvəzləyə bilər

Gələn il Belarusda prezident seçkiləri keçiriləcək. Aleksandr Lukaşenkonu əvəzləmək istəyənlərin sayı isə 10-a yaxınlaşır.

Belarus müxalifətində hələlik vahid seçkiqabağı strategiya yoxdur. Aleksandr Lukaşenkonun yerini tutmağa iddialılar arasında tamamilə yeni simalar, o cümlədən qadınlar var.

Hazırda Belarus müxalifət düşərgəsində sabiq prezidentliyə namizəd Nikolay Statkeviçin təklifi fəal müzakirə edilir. Həbsxanadan həyat yoldaşına yazılan məktub siyasətçinin şəxsi saytında dərc edilib. O bildirir ki, Belorusda real seçki yoxdur. Siyasətçi daha real hədəfə fokuslanmağı təklif edir. Onun fikrincə, prezident kreslosunun alınması kütləvi küçə aksiyaları yolu ilə hakimiyyətə təzyiqi göstərmək, “rejimə mənəvi və siyasi zərər vurmaq” yolu ilə mümkündür. Siyasətçi hesab edir ki, müxalifətdən “özünü qurban verməyə hazır” vahid namizəd olmalıdır. “Daha yaxşı olardı ki, bu namizəd hətta indiki siyasi dustaq olsun. Onu həbs edə bilməyəcəklər, çünki artıq içəridədir”, - Nikolay Statkeviç deyib.

Yeni ideyanın müzakirəsinə siyasətçilər və ekspertlər qoşulub. Amma mümkünsüz namizədi irəli sürmək ideyası hamının xoşuna gəlmir. Bir çoxları real vahid namizədin müəyyənləşdirilməsi üçün danışıqlara qoşulub. Bunlar ənənəvi və çoxillik stajı olan müxalifətçilərdir: Sergey Qaydukeviç (Liberal Demokratik Partiya), Anatoli Lebedko (Birləşmiş Vətəndaş Partiyası), Aleksandr Milinkeviç (“Azadlıq üçün” Hərəkatı) və Vladimir Neklyayev (“Həqiqəti danış” kampaniyası). Onlara general Valeri Frolov (Sosial Demokrat Partiyasının sədr müavini) qoşulmağa hazırdır. A.Milinkeviç gənclərə yol verməyi təklif etsə də, A.Lukaşenko ilə rəqaqbəti təşkil etməyə hazırdır.

Mümkün qadın namizədlərə gəlincə, onlardan biri 35 yaşlı Olqa Karaçdır. O, müəllim, istedadlı ictimai xadim və “Belarusun ən gözəl qadın siyasətçisi” titulunun sahibidir Bu günlərdə ona filoloq və ictimai xadim Yelena Anisim da qoşulub. Yelena elektorata dərindən bələd olması və Belarus dilinə populyarlıq gətirməsi ilə tanınır.

Belarus hakimiyyəti isə demokratik güclərin diskreditasiyası üçün Ukraynadakı vəziyyətdən fəal istifadə edir. Xüsusi halda, göstərilir ki, hakimiyyət dəyişikliyi müharibəyə gətirib çıxara bilər. Müxalifət isə Ukraynadakı “Sağ sektor”la müqayisə edilir. Ukrayna hadisələrindən sonra keçirilən sorğular da Lukaşenkonun reytinqinin artdığını göstərir. Qeyd olunur ki, yarım il ərzində Lukaşenkonun tərəfdarlarının sayı 37,7 faizdən 49,6 faizə qədər ardıb. Rəyi soruşulanların yalnız 18,3 faizi müxalifət partiyalarına etibar edir.

“Lukaşenkonun reytinqini Ukrayna hadisələri qaldırdı. Əvvəlcə Maydan hadisələri, sonra Krım ssenarisi, nəhayət Ukraynanın şərqindəki hərbi qarşıdurma Belarus vətəndaşını düşünməyə məcbur etdi”, - siyasi analitik Aleksandr Klaskovski qeyd edir.

Politoloq Yuri Drakoxrust hesab edir ki, Belarus vətəndaşları xaos və müharibə qorxusuna görə, kütləvi küçə etirazları ideyasını dəstəkləməyəcəklər. Onun sözlərinə görə, Aleksandr Lukaşenkonu növbəti prezidentlikdən imtina etməyi yalnız Moskva bacara bilər. “Kreml Lukaşenkonun analoqu olaraq krımlı Aksyonovu və ya donetskli Qubaryov təklif edə bilər”, - politoloq bildirir.

Əslində, bu versiya da mümkün görünür. Lukaşenko Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə Vladimir Avrasiya İttifaqında dominantlıq etməsinə qarşı çıxır. Lukaşenko Belarusa ixrac olunan enerji məhsullarına tətbiq olunan gömrük rüsumlarına açıq etiraz edir. Lukaşenko həmçinin Nursultan Nazarbayevlə birlikdə Ermənistanın Gömrük Şurasına üzvlüyünü ləngidir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bütün bunlar isə heç şübhəsiz ki, Kremlin xoşuna gəlmir. Belarusda hakimiyyətə gəlmək naminə Putinin sözünə qulaq asmaq istəyənlər isə kifayət qədərdir.

Necə deyərlər, Putin Lukaşenkonun qara gözünə aşiq olmayıb ki.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm