• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Britaniya öz cihadçı vətəndaşlarına müharibə elan etdi

  • Dünya
  • 25 Avqust 2014 12:22
  • 707 Baxış
Britaniya öz cihadçı vətəndaşlarına müharibə elan etdi

Əslində, buna “Londonistan”ın sonu da demək olar. İslam dininə və müsəlmanlara Avropada ən çox dözümlü olan ölkənin paytaxtı indiyədək belə bir ad çıxarmışdı.

Hətta bir neçə ay bundan əvvəl özünü əzilən müsəlmanların əzabkeşi elan edən birisi günün-günorta çağı, gur küçənin ortasında Britaniya hərbçisi Li Riqbinin başını kəsəndə də rəsmi London dişini dişinə sıxaraq ingilissayağı soyuqqanlığını saxlaya bilmişdi.

Lakin Amerika jurnalisti Ceyms Foleyin başının edamsayağı kəsilməsi və bunun video ilə dünyaya yayılması, ən əsası isə cəlladın ingiliscə, Britaniya ləhcəsi ilə danışması səbirli Londonun da səbir kasasını daşırdı.

Əgər hərbçi Riqbinin qətlindən sonra Britaniya məsçidlərinə ekstremist hücumları baş verərkən belə rəsmilər təmkinli idilərsə, indi məhz onlar radikal islamçı Britaniya vətəndaşlarına qarşı ən sərt tədbirlərə əl atılmasına çağırırlar. İqtidarlı-müxalifətli...

Köhnə vaizlər üçün təzə qanunlar

Ötən həftəsonu ölkənin daxili işlər naziri Tereza Mey radikallara qarşı yeni və son dərəcə sərt qanunların qəbul edilməsinə çağırıb.

“Sunday Telegraph” qəzetində dərc olunmuş məqaləsində xanım Mey yazır ki, belə qanun layihələrini iki-üç günə parlamentə təqdim edəcək.

Yeni qanunlar radikallara və Britaniya məsçidlərini özlərinə isti yuva etmiş nifrət vaizlərinə tətbiq ediləcək.

İndiyədək ekstremist moizələrin oxunması cinayət əməli sayılmırdısa, innən belə nifrət qızışdıran moizələrə görə həbsxana cəzaları nəzərdə tutulacaq.

Danışmaq da əməl sayılacaq

Məqalədə deyilir ki, yeni qanunlar təkcə anti-ictimai hərəkətləri yox, həm də anti-ictimai söhbətləri və çıxışları cəzalandırmalıdır.

Tereza Mey yazır ki, hətta terrorçu olmayan, lakin ekstremist mövqedə duran təşkilatların üzvləri də cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Nazir bildirir ki, yeni qanunlar əvvəllər terrorçu təşkilat kimi təfsir edilə bilməyən qurumların qadağan olunmasına imkan yaratmalıdır.

Daxili işlər nazirinin niyyətləri kifayət qədər amansız görünə bilər, lakin onun partiya yoldaşları, vəzifəli mühafizəkarlar daha sərt tədbirlərin görülməsini təklif edirlər.

Qanuna “kiçik” böyük düzəliş

London meri Boris Conson qanunlara “çevik və kiçik” bir düzəliş etməyə çağırır.

Cənab Conson dünya hüquq praktikasında hakim olan “günahı isbat edilənədək günahsızdır” prinsipini terror şübhəlilərinə şamil edərkən onu belə dəyişməyi təklif edib: “günahsızlığı isbat edilənədək günahkardır”.

İlk baxışdan kiçik görünən bu düzəliş günahsızlığı isbat etmək müsibətini hakimlərin çiynindən alıb şübhəlinin üzərinə qoyur.

Başqa bir mühafizəkar – Deyvid Deyvis Suriya və İraqa səfər edən cihadçıların Britaniya vətəndaşlığını ləğv etməyə çağırıb.

O yazır ki, yeni cinayətkar dövlətə (yəni İraqda elan edilmiş xilafətə) vətəndaşlıq edənlərin Britaniya vətəndaşı olmağa haqları çatmır.

Cənnətin pasportunu gəzdirənə Britaniya pasportu lazımdırmı?

Sosial şəbəkədə bu bəyanatı daha da inkişaf etdirən biri isə zarafatla yazır: “Cihada gedib, şəhid olub cənnətə pasport alan Britaniya pasportunu neyləyir?”

Bu arada bəlli olub ki, mətbuatda geniş işıqlandırılmasa da, hökumət indinin özündə də terror şübhəlilərinə qarşı kifayət qədər sərt tədbirlər həyata keçirirmiş.

Tereza Mey adı çəkilən məqaləsində yazır ki, 2010-cu ildən bəri “nifrət vaizi” kimi tanınan 150 xarici vətəndaşın ölkəyə daxil olmasının qarşısı alınıb.

Suriya və ya İraqdan qayıdan onlarca gənc Britaniya vətəndaşlarının pasportları əllərindən alınıb və onlara qarşı cinayət işləri qaldırılıb.

Baş nazir Deyvid Kameron isə bəyan edib ki, Suriya və İraqda hərbi cinayət törətmiş şəxslər ölkəyə qayıtdıqdan sonra cinayəti Britaniyada törətmiş şəxslər kimi mühakimə olunacaqlar.

Avropa Məhkəməsi və ya başkəsənin insan haqqı varmı?

Bu da məlumdur ki, cənab Kameron Britaniyanın, ümumiyyətlə, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxmasına çalışır.

Bunun başlıca səbəbi odur ki, bir çox hallarda Avropa Məhkəməsi terror şübhəlisi olan şəxslərin deportasiyasını əngəlləyir.

Avropa Məhkəməsinin prinsiplərinə görə hətta terror şübhəlisinin də insan haqları var.

Lakin Britaniyada ictimai rəy kifayət qədər sərtləşib.

Bəzi siyasətçilər bildirirlər ki, başkəsənlərin insan haqları ola bilməz.

Ölkədə aparılmış rəy sorğuları göstərib ki, adətən, müharibə əleyhinə olan britaniyalılar indi başqa cür düşünürlər.

Rəyi soruşulanların 43 faizi Britaniyanın İraqda raket zərbələri endirən ABŞ-a qoşulmasını istədiyini bildirib. Əleyhinə olanların sayı bundan azdır.

Son 50 ildə ilk dəfə olaraq britaniyalıların 45 faizi ölüm cəzasının cinayət məcəlləsinə qaytarılmasına tərəfdar olduğunu bildirib.

Ən yüksək cəzanı qəbul etməyənlər 39 faiz təşkil ediblər.

London zəngin ərəblər üçün təhlükəli olub

Maraqlıdır ki, bu günlərdə varlı Körfəz ölkələrinin Londondakı səfirlikləri öz vətəndaşları üçün “Londonun təhlükə xəritəsi”ni təsvir edən kitabça hazırlayıblar.

Ən dəbdəbəli mağazalara məkan olan Oksford Strit küçəsi ərəblər üçün təhlükəli küçələrin siyahısındadır.

Bu yazını başa çatdırarkən telekanallar başqa bir xəbər yayırdılar.

2 ildir ki, Suriyada cihadçıların girovu olan başqa bir Amerika jurnalisti “gözlənilmədən” azad edilib. Qətər əmirliyinin vasitəçiliyi ilə…

Köpəyoğlunun Oksford Striti…

Zülfüqar Rüfətoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR