Ebola Konqoya çatdı (FOTO)
Bizi izləyin

Dünya

Ebola Konqoya çatdı (FOTO)

Konqo Demokratik Respublikası (KDR) rəsmiləri ölkədə iki nəfərin Ebola virusu ilə qeydiyyata düşdüyünü bildirib.

ANS PRESS-in məlumatına görə, Səhiyyə Nazirliyi bildirib ki, testlər 13 nəfərin artıq vəfat etdiyi Ekvator kəndində aparılıb. Rəsmilərin sözlərinə görə, izolyasiya edilən rayonlarda ölüm halları qeydə alınıb. Hazırda həmin ərazidə karantin elan edilib.

Nazir onu da bildirib ki, KDR-dəki virus Qərbi Afrikada yayılmış epidemiya ilə əlaqəli deyil. KDR-də Ebola virusu ilk dəfə 1976-cı ildə tapılıb.

Hazırda Qərbi Afrikada virusun yayılma partlayışı yaşanır, Sierre Lione, Liberiya, Qvineya və Nigeriyada 1400-ə qədər insan həlak olub.

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.

İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.

Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.

Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən “Zmapp” vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.

Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət konfransı keçiriləcək.



















Oxumağa davam et
Reklam
Reklam

Gündəm