• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Gülüstan və Türkmənçay müqavilələri İranın ağrılı yeridir"

  • Dünya
  • 3 Fevral 2014 14:10
  • 1 218 Baxış
"Gülüstan və Türkmənçay müqavilələri İranın ağrılı yeridir"

Yanvar ayının 30-unda Qazaxıstanın paytaxtı Astanada xəzəryanı ölkələrin xarici işlər nazirlərin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlaması üzrə Xüsusi İşçi Qrupunun 35-inci iclası keçirildi. İclasda elan olundu ki, xarixi işlər nazirlərinin görüşü yaxın aylarda Moskvada keçiriləcək. Xarixi işlər nazirlərinin görüşü isə prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyacaq. Xəzəryanı dövlət başçılarının dördüncü sammitinin Moskva və yaxud Həştərxan şəhərində keçirilməsi planlaşdırılır.

Xəzəryanı dövlət başçılarının dördüncü sammitinin əslində keçən il keçirilməsi nəzərdə tutulmuşdu. Prezidentlər bu barədə 2010-cu ilin noyabrında Bakıda keçirilən sammitdə razılaşmışdılar. Amma görüş olmadı. Rusiyanın “Nezavisimaya qazeta” yazır ki, xarici və daxili səbəblərin tam kompleksi bunun səbəbi idi. du.

Belə ki, beş xəzəryanı ölkədən ikisində - Azərbaycan və İranda prezident seçkiləri oldu. Bununla belə bu iki ölkədə seçki kampaniyasının xarakteri müxtəlif idi. Azərbaycan prezidenti İlham Əliyev seçkiyə əminliklə gedirdi. Gözlənildiyi kimi, İlham Əliyev 84 faiz səs toplayaraq beynəlxalq partnyorlara nümayiş etdirdi ki, bu gün faktiki olaraq Azərbaycan dövlətinin alternativsiz lideridir. Amma İranda seçkilərin nəticəsi çox sürpriz oldu. Həsən Ruhaninin birinci turda qələbəsi proqnozlaşdırılmırdı. İranda hakimiyyətə mülayim siyasətçinin gəlməsi 2013-cü ilin noyabrında İsveçrədə nüvə probleminin dinc yolla həllini nəzərdə “Yol xəritəsi”nin qəbulu ilə nəticələndi.

“Nezavisimaya qazeta” hesab edir ki, nüvə problem ətrafında dialoqun yenilənməsi və sanksiyaların yumşalması ehtimalı Xəzərin problemləri üzrə danışıqların gedişatına pozitiv təsiri göstərə bilər. “Qərb ölkələri ilə İranın açıq qarşıdurmanın aradan qaldırılması İran diplomatiyasına xarici siyasətin başqa istiqamətlərinə diqqət yetirməyə imkan verəcək. İlk növbədə regional baxımından. İkincisi, İran üzərindəki sanksiyaların yumşalması bu ölkənin xəzəryanı ölkələrlə iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək. Məlumdur ki, Qərbin təzyiq ilə İranın qonşuları bir çox qarşılıqlı və sərfəli layihədən imtina etməyə məcbur olmuşdu”, - Rusiya nəşri qeyd edir.

Suriya böhranının da regional dialoqa təsir etdiyini bildirən “Nezavisimaya gazeta” 2013-cü ilin sonunda böhranın həlli üçün ümidlərin yarandığını bildirir. Qəzet bu situasiyanın Xəzər regionu üçün də pozitiv siqnal olduğu qənaətindədir.

“Nezavisimaya qazeta” həmçinin hesab edir ki, İranda hakimiyyətə Həsən Ruhani kimi praqmatik siyasətçinin gəlməsindən sonra da Tehranda mövqe dəyişikliyinin olacağı şübhə doğurur:“Məsələ odur ki, tarixi və coğrafi səbəblərə görə, Xəzər dənizi İran üçün xarici siyasətin ən prioritetli istiqamətlərindən biridir. İran ictimaiyyəti hakimiyyətin Xəzər siyasətini çox diqqətlə müşahidə edir. Rusiya ilə bağlanılan Gülüstan və Türkmənçay müqaviləri onun üçün indiyə qədər ən ağrılı yeridir. Buna görə də öz İranın çox illik mövqeyindən geri çəkilməsi nə hakimiyyət, nə də İran cəmiyyəti üçün qəbulediləndir”.

Bununla belə, keçən il Bakıda keçirilən sammitdə qarşıdakı sammitdə əldə oluna bilən razılıqların bəzi konturları göstərildi. Bildirildi ki, tərəflər xüsusi sahilboyu iqtisadi zonanın ölçüsü ilə bağlı razılığa gələməyə yaxındır Sahilboyu ərazi isə təxminən 24-26 mil təşkil edəcək.Amma Mərkəzi Asiya və Orta Şərq üzrə rusiyalı ekspert Aleksandr Knyazev isə hesab edir ki, İranla bağlı təhlükəsizlik sahəsində prinsipial dəyişikliklərin olduğunu iddia etməyə tələsmək lazım deyil. “Genevrə danışıq prosesinin ikinci mərhələsi də göstərdi ki, prinsipial olaraq yeni heç nə yoxdur. ABŞ İranın konfransda iştirakını qəti şəkildə rədd etdi. Deməli, gec-tez İran-ABŞ münasibətlərində gərginliyin yeni dalğasını gözləmək lazımdır. Amma İran indiki fasilədən daxili, beynəlxalq və regional siyasətin ayrı-ayrı istiqamətləri üzrə mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Xəzər istiqamətində İran ətrafında ümumi dəyişikliyə məruz qalıb. İran-Azərbaycan ikitərəfli münasibətlərində gərginlik azalıb”, - A.Knyazev deyib.

Rusiyalı ekspertin sözlərinə görə, İranla Qərb arasında danışıqlar başlayandan sonra Bakı anlamağa başladı ki, ABŞ və NATO istənilən məqamda dünənki müttəfiqlərindən imtina edə bilər və onların köməyinə bel bağlayaraq İranla qarşıdurmaya getməyə dəyməz."Bununla yanaşı, Tehranın Xəzərin bölünməsi ilə bağlı mövqeyi dəyişməyib, deməli yeni müzakirələrdə hər hansı irəliləyişin olacağını da gözləməyə dəyməz”, -Knyazev belə hesab edir.

Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır.

Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Azərbaycan Xəzəri bir "göl" olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında “orta xətt” prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR