Davudoğlu: “Mənə hoca deyin!”
Bizi izləyin

Dünya

Davudoğlu: “Mənə hoca deyin!”

Mənə hoca (xoca – müəllim) deyilməsini istərdim”. ANS PRESS-in xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu deyib.

Məlumata görə, ötən gün ilk dəfə Əhməd Davudoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilib. Bir çox məsələlərin müzakirəsindən sonra AKP idarə heyətinin üzvləri çıxış edərək Davudoğlunu yeni vəzifəsi münasibəti ilə təbrik ediblər. Bu təbrik vaxtı Davudoğluna baş nazir, hoca və hətta səhvən nazir deyənlər də olub.

İdarə heyətinin üzvü olan Lalə Ersoy isə çıxışı vaxtı Davudoğluna həm hoca, həm cənab nazir, həm də cənab baş nazir deyə müraciət edib. Ersoy çıxışının davamında, necə müraciət edəcəyini çaşdığını deyib.

Baş nazir isə hoca deyə müraciət olunmasını istəyib:

“Hər kəs rahat olsun. Mənə hoca deməyə davam edin. Hətta hocam deməyiniz məni məmnun edər. Çünki siyasət müvəqqətidir, amma hocalıq əbədidir. Bütün dostların mənə hoca deməsi arzumdur”.

Xatırladaq ki, bəzi akademik ünvanları olan professor Əhməd Davudoğlu yerli və xarici bir çox ali məktəblərdə məruzələrlə çıxış edib.

Bundan başqa, “Kurtlar Vadisi Pusu” serialında “Ağsaqqallar heyəti” ilə dövlət arasında vasitəçi olan “Hoca” ləqəbli heyət üzvünün də Əhməd Davudoğlunun prototipi olduğu bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm