• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Bu, əsl dəhşət idi” - Fotolar

  • Dünya
  • 1 Sentyabr 2014 12:28
  • 934 Baxış
“Bu, əsl dəhşət idi” - Fotolar

Beslan faciəsindən 10 il keçdi...

Bürkülü məktəbin döşəməsi üstündə Nadezhda Guriyeva-nın uşaqları ona sığınmışdılar. Partladıcı qurğu bir neçə addımlıqda idi. Uşaqlardan ikisi – Boris və Vera ilk dərs günü bayramında rəqs etmək üçün milli paltar geyinmişdilər. Lakin bu bayramın başlanması qismət deyilmiş.

Boris və Vera 186 uşaq daxil olmaqla 1 nömrəli məktəbə terrorçu basqınının iki günü ərzində partlayışlardan və güllələrdən ölən 334 nəfərin arasında idilər. Guriyeva-nın kiçik qızı İrina salamat qalıb. Elə onun sağ qalmağı anasının da bu faciənin ağrı-acılarına sinə gərməsinə kömək edib: «Başqa yolum da yox idi, balaca qızım vardı. Bir gözü həmişə məndə idi ki, baxsın görsün ağlayıram, ya yox».

Silahlı terrorçuların 2004-cü il, sentyabrın 1-də törətdiyi məktəb basqınından 10 il keçir. O vaxt terrorçular 1100 məktəblini, valideynləri və müəllimləri girov götürmüşdü. Bu müsibət yalnız 52 saatdan sonra başa çatmışdı. Lakin faciədə sağ çıxanlar və onların yaxınları üçün hər şey artıq dəyişmişdi. «Bəzi adamlar çıxıb getdilər və həyatlarını büsbütün dəyişdilər. Bəziləri isə həyatlarını bu faciənin necə baş verdiyini araşdırmağa həsr etdilər. Bəziləri, məsələn, mənə bu muzeyi saxlamaqda kömək etdilər. Bir başqaları isə qəbiristanlığa gedib ağlamaqda davam etdi», 1 nömrəli məktəbdə 26 il müəllimlik etmiş Guriyeva deyir.

54 yaşlı Guriyeva oğlu və qızının gözləri qarşısında həlak olmasının faciəsinə dərdi içinə salmaqla sinə gərib: “Qərara gəldim ki, kədər nə qədər böyük olsa da, onun yükünü başqalarının çiyinlərinə qoymayım. Elə bil hər şey dünən baş verib... On il yanımızdan ötüb keçdi, mən heç cür kəsdirə bilmirəm ki, biz bu on ili necə yaşaya bildik. Partlayışlardan yox, orada keçirilmiş 52 saatın dərdindən necə sağ qala bildik. Bu, əsl dəhşət idi».

Həmin səhər məktəbi ələ keçirdikdən sonra onlarca çeçen və inquş silahlıları girovları məktəbin içinə yığmış və daha sonra binanı əldəqayırma partladıcılarla tamamilə minalamışdılar. Daha sonra tələblərini elan etmişdilər. Onlar Şimali Qafqaz müharibəsinin girdabına düşmüş Çeçenistandan Rusiya qoşunlarının çıxarılmasını tələb edirdilər.

Girovlar sakit dayanmaq istəməyəndə, silahlılar başqalarına dərs olsun deyə, bir kişini məktəbin qarşısında edam etdilər.

Əvvəlcə uşaqlara ayaqyoluna getməyə icazə verirdilər. Uşaqlar orada bir az su içir, həmin ilin son dərəcə isti yayının boğanağına dözməyə çalışırdılar. Bugünədək də insanlar içində su olan şüşələri ehsan kimi bura gətirirlər. Həmin gün Borisin qızdırması vardı və o bir az halsız idi. «Sonra silahlılar əlüzyuyanları və boruları sındırdılar ki, biz su içə bilməyək. Uşaqlar borulardan sızan su ilə köynəklərini isladır, suyu bu yolla gətirməyə çalışırdılar. Uşaqlardan bəziləri anaları üçün suyu ağızlarında gətirirdilər», Guriyeva danışır.

Danışıqlar alınmırdı və girovluğun ikinci günündə uşaqları ümumiyyətlə həyətə buraxmadılar.

Guriyeva xatırlayır ki, sentyabrın üçündə günortadan sonra adamlarda bu qarşıdurmanın hansı nəticə ilə olursa-olsun bitməsinə sərsəm bir ümid vardı. Və tezliklə hər şey qurtardı. Bəzən ölü sükut idman zalında əks-səda verirdi. Silahlılar adamları sakit saxlamaq üçün tavana atəş açırdılar, lakin girovları idarə etmək çətinləşmişdi.

Saat 1-i keçəndə məktəb binası güclü partlayışdan silkələndi. Özlərində güc toplaya bilənlər qalxıb qaçdılar. Lakin onlardan bəzilərini də güllələdilər. Guriyeva deyir ki, silahlılar qaçıb qurtarmaq istəyən uşaqları məktəbin damından gülləyə tuturdular.

Guriyeva xatırlayır ki, bir balaca qız kiçik su fəvvarəsinə tərəf qaçanda snayper onu yerindəcə vurdu. Tezliklə ikinci partlayış baş verdi. Həmin anda tavan uçdu və yanğın başladı. «Mən balaca Veroçkama yaxınlaşanda, o, artıq sağ deyildi», Guriyeva deyir.

O həlak olarkən 11 yaşında olan qızının şəklini göstərir: «Onun üzündə elə bu fotodakına bənzər ifadə vardı. Elə beləcə gülümsəmişdi, amma gözləri bağlı idi. Gözlərindən qanlı göz yaşları axırdı».

Guriyeva xatırlayır ki, Veroçkanın ovcunda haradansa tapdığı xaç var idi. Qollarını sinəsində çarpazlamışdı. Başının arxasında qəlpə yeri vardı. Borisin və Veranın cəsədləri yanğından tanınmaz hala düşmüşdü. Veranı rəqs etmək üçün geyindiyi milli paltardan tanıdılar.

Boris qana bulaşmışdı. Bunun çoxu Guriyevanın qanı idi. Lakin qəlpə uşağın qarnından girib belindən çıxmışdı. İrina yüngülcə xəsarət almışdı və anası ona demişdi ki, var-gücü ilə qaçıb qurtarsın. Boris hələ nəfəs alırdı. Anası onunla qalmışdı. Guriyeva qolunun yaralanmasına baxmayaraq Borisi birtəhər sürüyürdü. O, uşağı başqa yaralı girovların yığışdığı küncə dartırdı. Ətrafda insan bədənlərinin hissələri səpələnmişdi.

Silahlılar Guriyevaya məktəbdən çıxıb yeməkxanaya tərəf getməsini əmr etdilər. O, kiçik qızının əlindən tutub çıxdı. Yeməkxananın mətbəxində bir az çirkli su tapıb içdilər. Girovlar bu suda toyuq budlarının buzunu açmışdılar. O, qızına orada gözləməyi tapşırıb Borisi gətirməyə getdi. Lakin silahlılar onun yolunu kəsdilər və geri qayıtmağı əmr etdilər. Onlardan biri avtomatın qundağı ilə Guriyevanın dişini sındırdı.

Rusiyanın xüsusi qüvvələri gəldi. Guriyeva pəncərədən çıxıb qaçdı. İrina da yanında idi: «Belə bir qəddar hadisəyə düşdükdən sonra hər bir insan yenidən həyatının mənasını tapmağa çalışır, elə bir məna tapmağa çalışır ki, bundan yapışıb yaşaya bilsin. Ya da elə olur ki, heç bir məna tapa bilməyəndə, kimsə solub gedir, hər şey qəbiristanlıqla qurtarır. Bizdə yaşlı kişilər arasında intiharlar qeydə alınıb. Çox sayda kişi öz həyatı ilə haqq-hesab çürüdür».

Böhranın belə qanlı şəkildə başa çatmasına kimin – Rusiya təhlükəsizlik qüvvələrinin, yoxsa silahlıların səbəb olmasına dair suallar hələ də havadan asılı qalır. Bəziləri bu kimi suallardan yaxa qurtara bilmirlər.

Guriyeva-nın əri Stanislav qisas hissindən əzab çəkirmiş: «Üstəlik, konkret olaraq təqsirkar tapmaq da mümkün deyildi. Sadəcə olaraq bir zorakılıq başqa bir zorakılığı törətmişdi».

İl yarım əvvəl Stanislav 46 yaşında vəfat edib. O, içkiyə qurşanmışdı. «O özü ilə bacara bilmədi. Hər şeyi unutmaq üçün içkiyə qurşandı və içki də onu məhv etdi», Guriyeva deyir

Faciədən iki ay sonra Guriyeva yenidən dərs deməyə başladı: «Mənim ilk dərsim oğlumun oxuduğu köhnə sinif otağında idi. Mən dəhlizlə gedirdim. Birdən bir qız mənə yaxınlaşıb dedi: «Nadezhda, nə yaxşı oldu ki, siz gəldiniz. Bəs Borya haradadır?. O vaxt adamlar kimin öldüyünü, kimin qaldığını bilmirdilər. Bizim birinci dərsimiz bir-birimizə qoşulub ağlamaq oldu».

Lakin Guriyeva üçün müəllimliyi həm də dözüm mənbəyi idi. O deyir ki, müəllimlik rol oynamaq kimi bir işdir: «Müəllim peşəsi aktyorluq peşəsinə çox bənzəyir. İstəsən də, istəməsən də, ürəyin ağrısa da, qəlbin parçalansa da uşaqlara dərs deməlisən. Mənim məktəbdən kənarda məşğul olduğum on şagirdim var idi. Onların evlərinə daxil olmazdan əvvəl qapının ağzında bir anlıq dayanır, nəfəsimi dərir, içəri girib gülümsəməyə çalışırdım. Elə ki dərs qurtarırdı, ordan çıxıb başqa bir şagirdin evinə çatanadək yol boyu ağlayırdım. Uşaqlardan bəzisi ilə ünsiyyət çox çətin idi».

Köhnə 1 nömrəli məktəblə üzbəüz yeni məktəb binası tikilib. Məktəbin girişində al-əlvan hərflərlə «Yeni həyatın başlanğıcında» yazılıb. Lakin Guriyeva bu keçmişdən qaçmaq istəmir: «1 nömrəli məktəbin hekayəti bizim hekayətimizdir. Bu terrorçu basqını bizim hekayətimizdir. Ağırdır, dəhşətlidir, qanlıdır…amma bizim hekayətimizdir. Biz bu hekayəti unutmuruq. Biz yeni məktəb binasına köçüb yeni həyata başlamaq istəmirik. Biz hər şeyi yenidən başlamaq istəmirik. Biz həyatımızı yaşamaqda davam edirik».

Azadlıq Radiosu

Tom Balmforth

Xəbər lenti

DAHA ÇOX XƏBƏR