ABŞ-ın səfiri Putini “çılpaq kral”a bənzətdi
Bizi izləyin

Dünya

ABŞ-ın səfiri Putini “çılpaq kral”a bənzətdi

“Hans Kristian Andersenin klassik nağıllarından birində iki dərzi krala ağılsızlar üçün görünməz olan ipdən təzə paltar tikməyi vəd edir. Və kral yeni paltarda öz təbəələrinin qarşısına çıxanda yalnız kiçik bir uşağın ağlı kəsib qışqırır: “A, kral lütdür!”.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallin Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin direktoru Metyu Brayza “Faynənşl Tayms” qəzetindəki dərc etdirdiyi məqaləsində bildirib.

“Avropalıların siyasi təfəkkürünü dumanlandırmış mifi dağıtmaq üçün təcili belə bir açıq həqiqət lazımdır: guya Avropa Rusiya qazından olduqca asılıdır və odur ki, Ukrayna əleyhinə hərbi əməliyyatlara görə Rusiya ilə ciddi mübahisələr risklidir.

Moskva bu qış üçün ehtiyat qaz böhranı yaradanadək Avropa öz maraqlarını müdafiə edə bilər. Yadda saxlamaq lazımdır ki, Rusiya öz qazının başlıca ixrac bazarı kimi Avropadan asılıdır. Bununla yanaşı, rus qazı almadığımız halda qışlamağa hazırlaşmaq da lazımdır”, - Brayza bildirib.

Brayza xatırladır ki, mayın 21-də Putin qəflətən Çinin qazın qiymətini min kubmetr üçün 350 dollara endirməyə razılıq verdi:

“Bu, Litvanın ödədiyi qiymətdən 42 % aşağıdır; bu qədər aşağı qiymətlər bütün Uzaq Şərqdə, o cümlədən Yaponiyada qazın qiymətinin enməsi riskini yaradır. Putin bu qədər zərərli iqtisadi şərtə ona görə getdi ki, onun əsas məqsədi siyasət idi – Avropanı qorxutmaq! Ancaq Putin bu oyunun arxasında yaxşı başa düşür ki, rus qazının yeganə etibarlı bazarı Avropadır. Bütün bunlara baxmayaraq, Rusiya Ukrayna və Avropa Birliyini qaz təchizatını kəsəcəyi ilə hədələyir”.

Brayza qeyd edir ki, Rusiyanın təhdidlərini cəmi 3 addımla neytrallaşdırmaq olar:

“Birincisi Avropa Komissiyası əmin olmalıdır ki, Avropa Birliyi üzvlərinin bütün qaz saxlama məntəqələri dolu olmalıdır. Nəticədə 85 milyard kubmetr ehtiyat qaz yaranır - bu da Rusiyanın 2013-cü ildə nəql etdiyi 163 milyard kubmetr qazın təxminən yarısı deməkdir.

İkincisi, Komissiya yerdə qalan 78 milyard kubmetr qazı kompensasiya etmək üçün slans qazı ixracatçılarını müəyyənləşdirməlidir.

Üçüncü addımda isə Avropa Komissiyası bu alışın maliyyə hesabatını aparmalıdır. Bu fond üçün 20 milyard avro yetərlidir. Həmin fond Avropanın Rusiya qazının kəsiləcəyi təhdidinə qarşı müqavimətini sərgiləməyə xidmət edəcək. Bu da Kreml üçün qəbulolunmaz vəziyyətdir: O Avropaya ziyan verə bilməyəcək şəkildə təhdid edəcək, amma əvəzində federal büdcənin 10-15 faizini təşkil edən öz neft və qazından gələn gəlirdən məhrum olacaq”

Məqalə müəllifi sonda belə bir nəticəyə gəlir: “Bir sözlə, Avropa rus qazı olmadan da keçinə bilər. Moskva isə öz hədə-qorxusunu gerçəkləşdirə bilməz. Avropa liderləri Putinin şərqdəki hərbi avantürasına son qoymağa istiqamətlənmiş sərt tədbirlərindən dönməməlidirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm