Qəzzafidən "qurtulan" Liviyanın "uğurları"
Bizi izləyin

Dünya

Qəzzafidən "qurtulan" Liviyanın "uğurları"

Ərəb mediasının məlumatına görə, son günlər Liviyada siyasi gərginlik kritik həddə çatıb və ölkə faktiki olaraq parçalanıb. 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra ölkədə daha da dərinləşən siyasi böhran artıq Liviyanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxarıb.

Qəzzafi devrildikdə hakimiyyətə gələn qüvvələr Liviyada demokratik dövlət qurulacağı və ölkənin inkişaf edəcəyini vəd edirdilərsə, ötən müddət göstərdi ki, Liviya tarixinin ən böhranlı mərhələsini yaşamaqdadır. Müxtəlif tayfalar və qruplaşmalar ayrı-ayrı ərazilərdə faktiki öz hakimiyyətlərini qurub və mərkəzi hökumətlə hesablaşmır. Təbii sərvətlərlə zəngin olan Liviyada enerji daşıyıcıları hasil edilən bölgələrdə Qərb şirkətləri bölgəyə nəzarət edən qüvvələrlə əməkdaşlıq edir ki, bu da de-fakto Tripoli hakimiyyətinin süqutundan xəbər verir.

Müşahidəçilər xüsusi olaraq Qəzzafi iqtidarı dövründə asayişin qorunması və ölkədə sabitliyin hökm sürdüyünə diqqəti yönəldib, son 3 ildə ölkəboyu hərc-mərcliyin hökm sürdüyünü "ərəb baharının" Liviyaya vurduğu zərbə kimi səciyyələndirirlər. Ötən müddət ərzində nə vahid demokratik hakimiyyət formalaşa bilib, nə silahlı qüvvələr ölkə ərazisini tam nəzarəti altına ala bilib, nə də iqtisadi sabitlik yaranıb. Bu tendensiya mərkəzi hakimiyyətinin imicinin son illərdə durmadan zəifləməsi fonunda baş verir. İstər qanunverici orqan, istərsə də icraedici orqan son illərdə faktiki olaraq iflic vəziyyətinə düşüb.

Qeyd edək ki, 14 avqust 2013-cü il tarixində Liviyanın paytaxtı Tripolidə bərbər etnik qrupunun üzvləri ölkə parlamentinə daxil olaraq parlamenti tarmar etmişlər. Milli Konqresə hücum edənlər parlament binasının şüşələri və mebelini qırıb, deputatlara məxsus sənədləri oğurlamışdılar. Bərbərlər qəbul ediləcək yeni konstitusiyada onların dilinin və mədəniyyətinin tanınmasını tələb edirdilər. Qeyd edək ki, Qəzzafinin devrilməsindən sonra xüsusi aktivliyi ilə seçilən bərbər etnik qrupu nümayəndələri siyasi hakimiyyətə nüfuz edə bilmiş və Liviya tarixində ilk dəfə olaraq, ölkə başçısı postuna nail olmuşlar. Belə ki, 2013-cü ilin 25 iyun tarixində bu ilin 4 avqustunadək bərbərləri təmsil edən Nuri Əbu Səhmeyn Milli Konqresin rəhbəri seçilmişdir.

Bunun ardınca, həmin ilin 10 oktyabrında Liviyanın baş naziri Əli Zeydan naməlum silahlılar tərəfindən oğurlanmışdı. Aparıcı KİV-lər Əli Zeydanın paytaxt Tripolidəki otellərin birindən qaçırılaraq naməlum istiqamətə aparıldığını xəbər vermişlər. Xatırladaq ki, Ə. Zeydan 2012-ci ilin oktyabrından baş nazir vəzifəsində çalışırdı.

Bundan bir neçə gün sonra, 23 oktyabrda Liviyada inqilabın ikinci il dönümünün qeyd edildiyi bir vaxtda, hökumət ölkə ordusunun, təhlükəsizlik qüvvələrinin və sərhəd-mühafizə xidmətinin yenidən qurulmasında NATO-dan kömək istəmişdir. Bu barədə Liviya hökumətinin nümayəndəsi Məhəmməd Yəhya Kaebar paytaxt Tripolidə keçirdiyi mətbuat konfransında məlumat vermişdi. Onun sözlərinə görə, inqilabdan sonra ölkənin əvvəlkindən də çox anarxiya içində olması buna ehtiyac yaradıb.

Beləliklə, "ərəb baharı" Liviyanın müstəqilliyini real təhdidlə üz-üzə qoymuş və NATO qüvvələrindən asılı vəziyyətə çatdırmışdır.

Ölkə boyu hərc-mərclik cari 2014-cü ildə də davam etmişdir. Bu ilin 19 mart tarixində Tripolinin şərq bölgəsində Liviyanın daxili işlər nazirinin müavini Bəhlul əs-Seyid naməlum şəxslər tərəfindən oğurlanmışdır. Hadisədən bir neçə saat əvvəl nazir müavini Liviyanın müvəqqəti hökumətində tutduğu vəzifədən istefa vermişdi. Bunun ardınca silahlı hücumlardan ehtiyat edən bir sıra böyük vəzifəli şəxslər istefa vermək məcburiyyətində qalmışlar.

Bu hərc-mərcliklər fonunda Qərb KİV-ləri Orta Şərq regionunda mövcud olan beş dövlətin yaxın gələcəkdə paraçalanacağı və yerində 14 dövlətin yaradılacağı haqda proqnozlar yaymışlar. Bu fikirlər dünyanın ən məşhur nəşrlərindədən olan “Nyu York Times” qəzetində dərc olunmuşdur. Nəşr həmçinin Orta Şərq regionunun gələcək xəritəsini də hazırlamışdır. Xəritədə "5 ölkədən 14 ölkə çıxa bilər" başlığı ilə yayımlanıb. Xəritədə Liviyanın da parçalanacağı göstərilib.

Liviyadan verilən son məlumatlara görə, artıq ölkə ərazisi faktiki olaraq bir neçə hissəyə parçalanıb və hər birini nəzarəti altında saxlayan silahlı qüvvələr həmin bölgənin faktiki hökumətini qurub. Bu "hökumətlər" Qərb şirkətlərilə sövdələşib ölkənin təbii sərvətlərini satmaqla məşğuldurlar. Bununla belə, müşahidəçilərə görə, iqtisadi böhranın yaxın zamanlarda öz həllini tapacağı real görünmür.

Xatırladaq ki, Qəzzafinin vaxtında Liviyada iri vergi və rüsumlar qadağan idi. İşsizlik müavinəti kimi ayda 730 ABŞ dolları, hər bir yeni doğulmuş körpəyə isə 7000 ABŞ dolları verilirdi.

İslam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm