Ukrayna ordusu Luqansk vilayətini tərk edir
Bizi izləyin

Dünya

Ukrayna ordusu Luqansk vilayətini tərk edir

Ukrayna antiterror gücləri Luqansk vilayətinin bir sıra yaşayış məntəqələrini tərk edib.

Publika.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Luqansk Xalq Respublikası” separatçı qurumun hərbi qərargahından bildirilib.

“Ukrayna Privetnoe, Pankovo, Stukalova Balka, Svetloe, Xristovo, Markovka, Novopskov, Belovodsk, Novoaydar, Severodonetsk, Starobelsk və Svatovo yaşayış nəntəqələrindən qoşunlarını çıxarır”, - məlumatda deyilir.

Xatırladaq ki, üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) sentyabrın 5-də Belarusun paytaxtı Minskdə keçirilən toplantısında atəşkəs rejiminin tətbiq olunması barədə razılıq əldə olunub. Bununla belə, ötən həftənin şənbə və bazar günləri Ukrayna antiterror gücləri və separatçılar atəşkəs rejiminin pozulduğu barədə qarşı tərəfi ittiham ediblər.

Həm Rusiya prezidenti Vladimir Putinin “7 addımlıq” planında, həm də Putinin planı əsasında yazılan separatçıların planında Ukrayna ordusunun Luqansk və Donetsk vilayətlərinin geri çəkilməsi şərt olaraq irəli sürülüb. Bu planların heç birində Rusiya qoşunlarının və hərbi texnikasının çıxarılması, eyni zamanda separatçıların tərksilah olunması barədə müddəa yer almayıb.

Sözügedən “sülh planları”na sərt reaksiya verən Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftənin şənbə günü “Yespreso.TV” kanalına açıqlamasında “Biz bu əraziləri tərk etməyəcəyik. Çünki söhbət bizim ərazilərimizdən gedir” söyləmişdi.

Ukrayna dövlət başçısı Ukrayna qoşunlarının öz mövqelərində qalacağını və geri çəkilməyə hazırlaşmadığını deyib.

P.Poroşenkonin 14 bəndlik sülh planının açıqlandığı vaxt separatçılar Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini nəzarətdə saxlayırdı. Uğurlu antiterror əməliyyatları keçirən Ukrayna ordusu separatçıları geniş ərazilərdə geri çəkilməyə məcbur edib. Baxmayaraq ki, bu ərazilərin bir hissəsi son döyüşlərdən sonra yenidən separatçıların əlinə keçib.

“Hazırda separatçıların nəzarətindəki ərazilərin üçdə ikisi geri qaytarılıb. Bu, şübhəsiz ki, Ukrayna Silahlı Qüvvələrinin müvəffəqiyyətidir. Ukrayna ordusu geri çəkilmək niyyətində deyil”, - Poroşenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm