Kürd baş nazir: “Türkiyə Konsulluğu təxliyə təklifimi rədd etdi”
Bizi izləyin

Dünya

Kürd baş nazir: “Türkiyə Konsulluğu təxliyə təklifimi rədd etdi”

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) baş naziri Nəçirvan Bərzani İŞİD basqınından əvvəl Türkiyənin Mosuldakı konsulluğuna iki dəfə zəng edib təxliyə təklif etdiklərini, ancaq konsulluğun bu təklifi rədd etdiyini deyib.

Publika.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRR) baş naziri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının qaçırdığı türk diplomatlarla əlaqədar “Milliyət”ə müsahibə verib.

Nəçirvan Bərzani İŞİD-in Türkiyənin Mosuldakı konsulluğundakı 49 nəfəri əsir götürməsi ilə əlaqədar bunları deyib:

“Mosulda hadisələr baş verən gecə cənab Davudoğlu ilə bir neçə dəfə telefonla danışdım. Bizim oradakı (Mosuldakı – red.) vətəndaşlardan muğayat olmağımızı istədi. Türkiyə konsulluğuna iki dəfə zəng edib onlar üçün nə edə biləcəyimizi soruşdum. Təxliyə təklif etdim. Amma konsulluq vəziyyətlərinin yaxşı olduğunu və buna ehtiyac olmadığını dedi. Sözün açığı, çox təəccübləndik. Hesab edirəm ki, konsul hadisələri analiz etməkdə səhvlərə yol verib. Bildiyimiz qədərilə, onları Dəclənin qərbində saxlayırdılar. Amma oradan da başqa yerə aparıblar”.

İŞİD-in təhdidi qeyri-ciddi qəbul edilməməlidir

İŞİD-ə qarşı Türkiyədən daha çox yardım gözlədiklərini bildirən Bərzani deyib: “Türkiyədən gələn humanitar yardım var. Amma təbii ki, gözlədiyimiz daha çox idi. “Bəs idi” deyə bilmərəm. Amma əsir məsələsinin də Türkiyə üçün nə dərəcədə vacib bir məsələ olduğunu da bilirik, anlayırıq. Amma yenə də İŞİD-in strateji təhdidlərini Türkiyə qeyri-ciddi qəbul etməməlidir. İŞİD özünü yeni bir cəbhə açacaq qədər güclü hiss edən zaman əvvəl-axır Türkiyə də bundan payına düşəni alacaq”.

Bərzani İŞİD hərbi imkanlarının İKRR-nin silahlı gücü peşmərgədən daha çox olduğunu bildirib: “Əllərində Amerikanın ən inkişaf etmiş silahları var. Məsələn, İŞİD-dən qənimət olaraq ABŞ istehsalı olan 155 millimetrlik top sistemi, “Hammer”, tank əleyhinə əl bombaları, zirehli avtomobillər... Yüngül silahlar və əllərindəki puldan danışmıram hələ...”.

“İŞİD demək olar ki, bir dövlətdir”

İŞİD-in bir təşkilatdan çox dövlət kimi hərəkət etdiyini vurğulayan Bərzani qeyd edib: “Mosul işğal edən zaman onlar İraq ordusunun bütün silahlarını və xeyli məbləğdə nağd pul ələ keçiriblər. Bu, İŞİD üçün motivasiya oldu. Bir də gözümüzü açıb görük ki, İŞİD-lə 1100 kilometrlik sərhədimiz meydana gəlib. İnsanlar İŞİD-i bir terror təşkilatı zənn edirlər. Amma bu, imkanları, hərbi təlimi və nizam-intizami ilə, demək olar ki, bir dövlətdir. Hərbi strategiyaları bir bölgəni bombalayıb, az saylı quru qüvvələri ilə geniş bir bölgəni ələ keçirməkdir”.

“Bizim üçün ən təhlükəlisi Mahmur idi”

Bərzani ABŞ-ın da hava dəstəyi ilə İŞİD-in işğal etdiyi bölgələrin çoxunu geri aldıqlarını deyib və İŞİD-in Türkiyədən köçən kürdlərin yaşadığı Mahmur qəsəbəsini ələ keçirməsinin onlar üçün təhlükəli olduğunu bildirib. Baş nazir bununla bağlı “İraq üçün ən strateji yer Mosul barajı idi. Onu da geri aldıq” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm