• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyə 2003-cü ildə bu bataqlığa girməmişdi, indi necə? – Təhlil

  • Dünya
  • 10 Sentyabr 2014 12:15
  • 489 Baxış
Türkiyə 2003-cü ildə bu bataqlığa girməmişdi, indi necə? – Təhlil

Türkiyənin də “soyuq müharibə” dövründə Şimali Atlantika İttifaqındakı yeri sərhəd xəttinə sahib olduğu SSRİ təhdidinə qarşı Türkiyənin və Qərbi Avropanın mütləq təhlükəsizliyinin təmin edilməsi idi.

“Soyuq müharibə” başa çatdı, amma…

“Soyuq müharibə”dən sonra hər nə qədər Türkiyənin NATO-da əhəmiyyətinin azaldığı fikri üstünlük təşkil etməyə başladı. Amma Şərqi Avropa, Yaxın Şərq və Orta Asiyadakı aktual proseslər perspektivində Türkiyənin NATO-nun müdafiə siyasətində əhəmiyyəti hələ də böyük və açıqdır. 11 sentyabr hücumları, 2001-ci il Əfqanıstan və 2003-cü il İraq müharibələri ilə başlayan yeni Yaxın Şərq dövründə Türkiyənin içində olmadığı müharibə və sülhün mümkün olmadığı aydınlaşdı.

Hazırda isə ABŞ “Əl-Qaidə”dən daha təhlükəli olduğu bildirilən İŞİD terror təşkilatına qarşı Türkiyə ilə birlikdə hərəkət etmək istəyir. ABŞ müdafiə naziri Çak Hegelin İŞİD-ə qarşı ortaq mübarizə yollarının müzakirə olunduğu NATO-nun Uels sammitindən üç gün sonra Ankara səfəri də təsadüfi sayıla bilməz.

Türkiyənin yüksək dövlət rəsmiləri və prezident Ərdoğanla görüşən Hegel bildirib ki, bu proses Türkiyəsiz mümkün deyil. Hegel Ərdoğan ilə Çankaya köşkündə görüşüb. Bir saat 10 dəqiqə çəkən görüşdə müzakirə olunan əsas mövzulardan biri də İŞİD ilə mübarizə olub. Amerikan rəsmilərin açıqladığına görə, Hegel İŞİD-ə qarşı koalisiyada Türkiyənin nə dərəcədə yer alcağını öyrənməyə çalışıb. Onların fikrincə, ərazidəki yerli qüvvələrə dəstək vermək, təlimat, yanacaq tədarükü, hava dəstəyi kimi geniş ehtiyaclarını qarşılamaq üçün bir çox ölkələrin yardımına ehtiyac var. Türkiyə isə coğrafi mövqeyinə görə vazkeçilməz bir parnyordur.

Lakin qeyd olunduğu kimi, İŞİD-in əlində 49 türk diplomatının olması səbəbindən rəsmi Ankarının bu təklifə soyuq baxdığı görünür. Gələcək həftələrdə isə Türkiyəni bu koalisiyaya cəlb etmək üçün daha yüksək vəzifəli ABŞ nümayəndələrinin Ankaraya səfərləri gözlənilir.

Hələlik ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı 10 dövlətin birlikdə mübarizə aparması çağırışı var. Obamanın istəyincə İŞİD ilə mübarizədə başda Türkiyə olmaqla regionun bütün dövlətləri iştirak etməlidir. Türkiyənin isə bu çağırışa necə cavab verəcəyi rəsmi məlum deyil. Amma politoloqların ilkin proqnozu əsasən belədir ki, Türkiyə bu təklifə isti münasibət göstərmir. Türkiyənin Strateji Düşüncə İnstitutunun əməkdaşı Mehmet Şahinin sözlərinə görə, əslində Türkiyənin bu prosesdən tam kənarda qalması mümkün deyil: “Türkiyə elə yaxud belə prosesin içində yer alacaq. Bunu yaxında görəcəyik”.

Türkiyə Beynəlxalq Siyasət Akademiyasınınsaytında dərc olunan bir yazıda da ABŞ müdafiə nazirinin Türkiyə səfərinin təfərrüatları barədə fikirlər yer alıb.

Türkiyə Rusiyanı narahat edəcək addımlarda ehtiyatlı olacaq

Uelsdə təşkil olunan NATO sammitində bir araya gələn Rəcəb Tayyib Ərdoğan ilə Barak Obama ictimaiyyətə iki ölkənin ortaq strateji baxışa sahib olduqlarını, kəşfiyyat məlumatlarının paylaşması mövzusunda həmfikir olduqlarını göstərdilər. Daha sonra isə ABŞ müdafiə nazirinin Ankara səfəri Amerikanın planlarında Türkiyənin əhəmiyyətli rol oynayacağına bir işarə idi.

ABŞ müdafiə nazirinin görüşlərində əsas mövzulardan biri də NATO-nun Ukraynaya hərbi qüvvə göndərməsi planı idi. Məlum olduğu kimi, NATO nizamnaməsinə uyğun olaraq ittifaqın qərar verə bilməsi üçün bütün üzv ölkələrin razılığı lazımdır. Yəni, hər bir üzv ölkə veto hüququna malikdir. Buna görə də Rusiyaya qarşı yaradılacaq hərbi birlik üçün NATO-nun Türkiyədən də icazə alması şərtdir. Lakin Türkiyə Rusiyanı narahat edəcək və sərt reaksiya doğuracaq strategiya ilə bağlı ehtiyatlı davranmağa üstünlük verəcək.

Türkiyə koalisiya güclərində təmsil olunacaqmı?

Bir başqa əhəmiyyətli məsələ, bəlkə də ən əhəmiyyətlisi İŞİD-i Yaxın Şərq coğrafiyasından təmizləmək üçün yaradılacaq koalisiyada Türkiyənin iştirak edib-etməməsidir. Şübhəsiz ki, Türkiyə, sərhədləri yaxınlığında fəaliyyət göstərən terror təşkilatı İŞİD-in aradan qaldırılmasını ən çox istəyən ölkələrdən biridir. Təşkilatın Türkiyəni təhdid edən bəyanatları, hələ də əlində olan diplomatlarını girov saxlaması xalq içərisində böyük gərginlik yaradır.

Türkiyə koalisiya güclərində təmsil olunsa, yaxud da təmsil olunmazda nə olacaq? Bu sual veriləndə ağlımıza dərhal 2003-cü il 1 mart sənədi gəlir. ABŞ həmin vaxt İraqa müdaxilə etmək üçün Türkiyə torpaqları və hərbi bazalarından istifadə etmək istəmiş, lakin qərar parlamentdən keçməmişdi. Bəzilərinə görə, bu qərar Qərbin sərt reaksiyasına səbəb olmuşdu, bəziləri isə bildirmişdi ki, Türkiyə Yaxın Şərq bataqlığına girməməklə milli təhlükəsizliyi üçün ən doğru qərarı vermişdir.

Bölgəyə çatdırılan silahların aqibəti nə olacaq?

Hazırda İŞİD-ə qarşı yaradılacaq koalisiyada Türkiyənin də olması nəzərdə tutulur. Rəsmi mənbələr Türkiyənin təmsilçiliyinin hərbi deyil, hərbi baza və digər yardımlar şəklində olacağınını deyir. Həmçinin Türkiyə vasitəsilə başda peşmərgələr olmaqla İŞİD-ə qarşı döyüşəcək tayfa qrupları da silahlandırılacaq. Almaniya artıq Şimali İraq kürd rəhbərliyini silahlandırdığını açıqlayıb. İŞİD məhv edildikdən sonra bu silahların aqibəti necə olacaq? 1991-ci il Körfəz Müharibəsi yaddaşlarda çox təzədir. Həmin dövrdə də Səddama qarşı silahlandırılan kürd və digər müxalif qruplar var idi. Müharibənin başa çatması ilə bu silahlar Türkiyəyə qarşı silahlı terror aktlarında istifadə edildi.

Buna görə də Türkiyə İŞİD-ə qarşı başlayacaq hərbi hərəkatla bağlı çox diqqətli davranmalıdır. Əlbəttə, öz sərhədləri təhlükə altında olduğu bir vaxtda Türkiyə belə bir koalisiyadan kənarda qalmağı seçə bilməz. Türkiyə bölgəyə göndəriləcək silah və yardımların öz torpaqlarından keçməsini təmin etməlidir. Çünki əgər həyata keçirilsə, bu döyüşü ABŞ-da demokratlar başlayacaq, respublikaçılar davam etdirəcək. Buna görə də Buş dövrünə bənzər günlərə qayıtmaq çox da uzaq görünmür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR