Avrasiya İttifaqının yeni “qonağı”: Ukraynaya əvəz tapılıb
Bizi izləyin

Dünya

Avrasiya İttifaqının yeni “qonağı”: Ukraynaya əvəz tapılıb

İran Avrasiya İqtisadi İttifaqının yeni iştirakçısı ola bilər. Belə bir nəticəyə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iranlı həmkarı Həsən Ruhani ilə görüşündən sonra ekspertlər gəldilər. Dövlət başçıları arasında sentyabrın 8-də baş tutan görüşdə İranın Gömrük Şurası ilə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

İran prezidentinin MDB ölkələrinə turnesi Qazaxıstandan başlayıb. H.Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 11-12 sentyabr tarixlərində Tacikistanda keçiriləcək sammitində iştirak edəcək. İran hələ ki ŞƏT-də müşahidəçi qismində çıxış edir. Bundan başqa, İran prezidentinin sentyabrda Rusiya və Azərbaycana rəsmi səfəri gözlənilir.

“İranın ŞƏT-ə üzvlüyü məsələsi de-fakto həll edilib. Buna nə Rusiya, nə Çin, nə də başqaları etiraz edir”

Tehran təşkilata üzv olmaq üçün çoxdan sifarişi verib. Ancaq Qazaxıstanın təşəbbüsü ilə beynəlxalq təzyiqə görə ölkənin ŞƏT-ə qəbul edilməməsinə qərar verilib. Amma məhz Qazaxıstan İranın nüvə proqramı üzrə beynəlxalq danışıqların nəticə verməsi üçün çox səy göstərib. Məhz bundan sonra vəziyyət dəyişməyə başlayıb. Sərhəd Əməkdaşlığı Assosiasiyasının strateji planlaşdırma xidmətinin rəhbəri Aleksandr Sobyabin vestikavkaza.ru saytına açıqlamasında bildirib ki, İranın ŞƏT-ə üzvlüyü məsələsi de-fakto həll edilib: “Çünki buna nə Rusiya, nə Çin, nə də təşkilatın başqa ölkələri etiraz edir”

Demək olar ki, həll edilmiş bir məsələ olduğu üçün ŞƏT-ə üzvlük Ruhaninin hazırkı səfərlərində əsas gündəm mövzusu deyil. “İran tədricən sanksiyalardan azad olur və yeni əməkdaşlıq münasibətlərinin qaydaya salınmasında son dərəcə maraqlıdır. Təsadüfi deyil ki, Tehran məhz Rusiya və MDB ölkələrini seçib. Bu ölkələr İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə tərəfdardır”, - siyasi müşahidəçi Viktoriya Panfilov deyib.

“Son vaxtlar dünya siyasətində vəziyyət kəskin dəyişib. Biz prioritetlər və münasibətlərin yenidən qurulmasını müşahidə edirik. Rusiya Qərbdən uzaqlaşır. Eyni zamanda İran üçün yeni imkanlar yaranıb. İran ilk növbədə iqtisadi imkanlardan istifadə etməyə çalışacaq. İran və Orta Asiya arasında ticarət münasibətləri inkişaf tendensiyalarına malikdir. Nəzərə alaraq ki, "nəhənglər"in mübarizəsi (Rusiya, Çin və ABŞ-Ö.D.)Mərkəzi Asiyada İranı ikinci plana itələdi. Bundan başqa sərt sanksiyalar da Mərkəzi Asiyada onun rolunu kəskin azaltdı. İndi isə vəziyyət dəyişir və gözləmək olar ki, prezident Ruhaninin səfəri İran və regionun ölkələri arasında münasibətlərin inkişafına gətirib çıxaracaq”, - Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lana Ravandi-Fadai vestikavkaza.ru saytına söyləyib.

“İran Gömrük Şurasına Nursultan Nazarbayevin yerini dəyişməsi ilə maraqlandı"

V.Panfilovun sözlərinə görə, diqqətəlayiqdir ki, İran Gömrük Şurasına qoşulmağa Nursultan Nazarbayevin yerini dəyişməsi ilə maraqlandı. “Biz bank əlaqələrinin sadələşdirilməsi məsələlərini müzakirə etdik. Biz həmçinin İranla Gömrük Şurasının əməkdaşlığı perspektivlərinə baxdıq", - H.Ruhani qazax həmkarı ilə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Tehran hələ keçən il Avrasiya İqtisadi İttifaqına qoşulmaq imkanı barədə danışıb. Prinsip etibarilə, Tehran "donor" olaraq inteqrasiya proseslərinə daxil ola bilər. Çünki artıq özünü Tacikistanda etibarlı investor kimi göstərir. İran bu ölkədə artıq bir neçə böyük layihə reallaşdırıb. Bir neçə layihənin icrası isə hazırlıq mərhələsindədir.

"İran tarixdə ilk dəfə mürəkkəb partnyor rolundan strateji müttəfiq roluna yüksəlir”.

A.Sobyabinin sözlərinə görə, İran tarixdə ilk dəfə mürəkkəb partnyor rolundan strateji müttəfiq roluna yüksəlir. “Ehtimal ki, məhz İran Böyük Orta Şərq regionunda Rusiyanın ən etibarlı partnyoru olacaq”, - Sobyabin deyir. Ekspert xatırladır ki, Belarus maşınqayırma və neft-qaz sahəsində İranla əməkdaşlıq edir. Rusiya İranla energetika sferasında əməkdaşlığa başlayır. Belə ki, avadanlıq və məhsullara əvəz olaraq İran gündə təxminən 500 min barel nefti Rusiyaya verəcək. İki ölkə arasında iqtisadi razılaşmaların dəyəri 20 milyard dollar çata bilər.

“Azərbaycan İranın təcrid vəziyyətindən çıxarılmasında xüsusi rol oynayır”

V.Panfilov qeyd edir ki, Azərbaycan İranın təcrid vəziyyətindən çıxarılmasında xüsusi rol oynayır: “Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərindən sonra Bakı və Tehran arasında əlaqələri yeni səviyyəyə çıxarmaq mümkün oldu. Bu istiqamətdə konkret addımlar da artıq atılıb. Tərəflər hökümətlərarası komissiyanın rəhbərlərini təyin etdi, Araz çayı üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı razılıq əldə olundu. İki ölkə arasındakı hərbi əməkdaşlıq məsələləri isə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfərində həmkarı Hüseyn Dehqanı ilə müzakirə olundu. Münasibətlərin bu templə inkişafı fonunda Xəzərin statusu ilə bağlı problemin də həll ediləcəyini gözləmək olar”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov bildirir ki, Azərbaycanın İranla bağlı öz konkret gündəliyi və milli maraqları var: “Bu, birincisi regional təhlükəsizlik məsələsidir. İran böyük regional dövlətdir və regionda mövcud olan Qarabağ münaqişəsinin nizama salınmasına, eləcə də başqa təhlükələrə münasibəti çox əhəmiyyətlidir. İkincisi, Bakıda Xəzərin energetika resursları ilə bağlı suallar var və bu haqda danışıqlar aparmaq lazımdır. Üçüncüsü, cənub-şimal dəmir yolu dəhlizi ilə bağlı planlar hazırlanıb. Dəmir yolu dəhlizi üzərində İran, Azərbaycan və Rusiya yerləşir. İran Qərb ölkələrinin sanksiyalarından xilas olarsa, prinsip etibarilə ciddi layihələrin reallaşdırılması üçün heç bir maneə yoxdur. Layihələrin həyata keçirilməsində Azərbaycan da maraqlıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm