Putinin hədəsinə Kiyevin cavabı gecikmədi
Bizi izləyin

Dünya

Putinin hədəsinə Kiyevin cavabı gecikmədi

Avropa Birliyi (AB) ilə imzalanan assosiasiya haqqında razılaşma Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən 16 sentyabrda Ali Radaya daxil edilə bilər.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın rəsmi saytında bildirilir.

“Bildiyim qədər prezident Pyotr Poroşenko Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı 16 sentyabrda Ali Radaya təsdiq edilməsi üçün təqdim etməlidir. Parlament bu razılaşmanı dərhal səsverməyə çıxaracaq”, - xəbərdə Ali Rada sədri Aleksandr Turçinovdan sitat gətirilir.

Dünən isə Rusiya prezidenti Vladimir Putin Kiyevə hədə sayıla biləcək bir bəyanat verib. “Bizim keçə bilməyəcəyimiz sərhədlərimiz var” deyən Kreml rəhbəri nazirlər səviyyəsində prosesin bütün iştirakçıları üçün münasib olacaq hansısa güzəştlərə nail ola biləcəyinə ümid etdiyini bildirib.

Brüsseldə keçiriləcək Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyaları şərh edən Putin konsultasiyaların gedişatında Rusiya Nazirlər Kabinetinin güzəştləri axtarmalı və elastiklik göstərməli olduğunu vurğulayıb. Amma Putin bunun müəyyən hüdudlara qədər olacağını deyib.

Xatırladaq ki, Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyalar sentyabrın 12-də keçiriləcək.

“Ümid edirik ki, nazirlər səviyyəsində hansısa güzəştlərə nail olacağıq və bu, prosesin bütün iştirakçıları üçün münasib olacaq, həm Avropa Birliyi, həm Ukrayna, həm də Rusiya üçün. Hər halda, mən sizdən güzəştləri axtarmağı və müəyyən elastiklik göstərməyi xahiş edəcəyəm. Amma əlbəttə ki, müəyyən hüdudlara, müəyyən sərhədlərə qədər. Həmin sərhədlər ki, istehsalçılarımız və iqtisadiyyatımızın maraqları üçün keçə bilmirik”, - Putin söyləyib.

Qeyd edək ki, Rusiya Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb. Bu danışıqların isə minimum iki il davam edəcəyi bildirilir. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni, söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir.

Ekspertlərin qiymətləndirmələrinə görə, Moskvanın əsas məqsədi razılaşmanın Ukrayna Ali Radasında təsdiqinə imkan verməmək, Avropa Birliyini isə yeni və uzunmüddətli danışıqlara başlamağa inandırmaqdır.

Bir müddət əvvəl isə Ukrayna baş naziri Arseniy Yasenyuk bildirmişdi ki, nəyin bahasına olursa-olsun, assosiasiya haqqında razılaşma sentyabr ayında ratifikasiya olunacaq. O, Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyaların nəticəsinin də Kiyevin qərarına təsir etməyəcəyini dilə gətirib.

Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişin siyasi hissəsini 21 mart, iqtisadi hissəsini isə 27 iyunda imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm