• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Obama nədən bezərək “Terrorla müharibə –2”-yə başladı? – Təhlil

  • Dünya
  • 11 Sentyabr 2014 11:58
  • 622 Baxış
Obama nədən bezərək “Terrorla müharibə –2”-yə başladı? – Təhlil

2001-ci il sentyabrın 11-də “Əl-Qaidə”nin Amerikada törətdiyi, nəticələrini isə bütün dünyanın hələ də hiss etdiyi terror hücumlarından 13 il keçdi. Həmin gün Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı. Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

ABŞ xüsusi xidmət orqanlarının verdiyi məlumatlara görə terror aktının təşkilatçısı səudiyyəli milyoner Üsəma Ben Laden Əfqanıstanda gizlənir və ABŞ administrasiyası taliban hərəkatından onun təhvil verilməsini tələb edir. Onların rədd cavabına Buş belə reaksia verir: “Biz onları yuvalarından dartıb çıxaracaq... və ədalət məhkəməsi qarşısında mühakimə edəcəyik.” ABŞ administrasiyasının diplomatik səyləri və hərbi əməliyyatlar aparmaq üçün geniş koalisiya yaradılır. 2001-ci il milad bayramı ərəfəsində NATO koalisiyası və “Şimal alyansı” adlı mücahidlər qrupunun birgə əməliyyatlarından sonra Əfqanıstan üzərində tam nəzarət yaradılacaq milli vəhdət hökuməti qurulur, talibanın isə əsas hərbi birləşmələri məhv edilir.

2003-cü ildə isə kütləvi qırğın silahlarının məhv edilməsi adı altında İraq işğalına başlanıldı. Və İraqın, İraq əhalisinin bugünkü faciəsinin əsası qoyuldu.

11 sentyabrdan sonra ABŞ dünyanı təkbaşına idarə etmək fikrinə düşdü. Çünki bütün məsələlərə münasibətdə ABŞ-ın mili təhlükəsizliyi ön plana keçmişdi. Nəticədə bir qədər sonra müttəfiqlərlə onun arasında narazılıq baş verdi. Bu, xüsusilə də İraq əməliyyatları zamanı özünü daha çox göstərməyə başladı. Dünyanı təkbaşına idarə etmək istəyi Rusiya ilə də konfrontasiya yaratdı.

2001-ci il 11 sentyabr hadisələrindən düz 13 il keçib. Rusiya isə artıq həmin Rusiya deyil. Suriya məsələsində bunu açıq şəkildə gördük. Ukrayna hadisələrində isə əlavə danışmağa ehtiyac yoxdur. Rusiya artıq Liviya əməliyyatlarında ABŞ-ın sözünə qulaq asan Rusiya deyil. İndiki vəziyyətdə real görünmür, amma bəlkə də, Rusiyanın özü dünyanı təkbaşına idarə etmək fikrinə düşüb.

ABŞ-ın keçmiş prezidenti Corc Buşun 11 sentyabr hadisəsindən sonra beynəlxalq koalisiya yaratmaq məqsədi ilə etdiyi çoxlarının yadındadır. “Müharibə prezidenti” dünyanı terrorla mübarizəyə səsləyərək, demək olar ki, onun yanında olmayanların hamısını terrorçu adlandırmışdı: “Bizim yanımızda deyilsənsə, bizə qarşısan”. Və həmin vaxt çox az ölkə tapılardı ki, ABŞ-ın “antiterror əməliyyatları” adı altında başqa məqsədlər güddüyünü fikirləşsin. Fikirləşənlər belə bunu dilinə gətirməyə cəsarət tapmadı.

Corc Buşun terrorra qarşı müharibə bəyanatından 13 il sonra bu dəfə eyni çıxışı Barak Obama etdi. Şübhəsiz ki, Obamanın antiterror əməliyyatlarının strategiyasını açıqlamaq üçün məhz 11 sentyabr tarixini seçməsi təsüdüf deyil. ABŞ prezidenti “Hədəfimiz çox açıqdır. Genişmiqyaslı və davam etdirilə bilən bir terrorla mübarizə strategiyası ilə İŞİD-in gücünü azaldacağıq və tamamilə yox edəcəyik” dedi.

Barak Obamanın çıxışında isə diqqətçəkən başlıqlar aşağıdakılar idi.

- Hədəfimiz çox açıqdır. Genişmiqyaslı və davam etdirilə bilən bir terrorla mübarizə strategiyası ilə İŞİD-in gücünü azaldacağıq və tamamilə yox edəcəyik.

- İlk olaraq terrorçulara qarşı sistematik hava hücumları təşkil edəcəyik. Həm Suriya, həm də İraqda İŞİD-ə qarşı hərəkətə keçməkdən tərəddüd etməyəcəyəm.

- İkinci mərhələdə terrorçularla mübarizə edən güclərə dəstəyimizi artıracağıq.

- İŞİD kimi bir xərçəngi yox etmək zaman alacaq. Hərbi əməliyyatların riskləri də olar. Amma bu, İraq və Əfqanıstandakı müharibədən fərqlidir.

- Bizim əsas prinsipimiz budur: Əgər Amerikanı təhdid etsəniz, sığına biləcəyiniz heç bir etibarlı bölgə olmayacaq.

- Bu mübarizədə Əsəd rejiminə güvənə bilmərik. Suriyada İŞİD-ə qarşı mübarizə aparan müxalifləri dəstəkləyəcəyik.

Barak Obama antiterror strategiyasını açıqlamaq üçün nədən 11 sentyabr tarixini gözlədi? Obama prezidentliyi dövründə İraq və Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qərar verməklə sülhsevər prezident adını qazanmışdı. Onun bu xidməti hətta Nobel Sülh Mükafatı ilə də qiymətləndirilmişdi. Doğrudanmı, o, hakimiyyəti “müharibə prezidenti” alaraq tərk etmək niyyətindədir. Doğrudanmı, o fikirləşir ki, “sülh elçisi” missiyasını daşımaq ABŞ prezidentləri üçün deyil. Doğrudanmı, o fikirləşir ki, ABŞ prezidentisənsə, deməli, sənin alnına etdiyin hərəkətlərə müxtəlif adlar qoymaqla yalnız dağıtmaq və öldürmək yazılıb.

Heç şübhəsiz ki, ABŞ prezidenti “Obama ABŞ tarixinin ən zəif prezidentidir”, “Obama Putinə məğlub oldu” və bu kimi tənqidlərdən bezərək, heç də zəif olmadığını nümayiş etdirmək istəyir.

ABŞ-ın hazırda nə istədiyi tam olaraq məlum deyil. Amma bu faktdır ki, Obamanın dünənki çıxışı ilə “Terrorla müharibə – 2” başladı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR