• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Avropa Putindən qurtuluş yolu axtarır - Sui-qəsd

  • Dünya
  • 11 Sentyabr 2014 17:40
  • 528 Baxış
Avropa Putindən qurtuluş yolu axtarır - Sui-qəsd

Ukrayna hakimiyyəti ilə separatçılar arasında sentyabrın 5-də Minskdə sülh razılaşması əldə olunsa da, həmin vaxtdan keçən 6 gün ərzindəki real vəziyyət və bəyanatlar nikbin olmağa əsas vermir.

Ukrayna tərəfinin məlumatına görə, Donbas hövzəsində separatçılar və Rusiya qoşunlarının yenidən qruplaşması gedir. Rusiya qoşunlarının əsas hissəsinin ölkə ərazisini tərk etməsi barədə xəbərlərə baxmayaraq, rus hərbi təlimatçılarının separatçıların yanında qaldığı və onlara hərbi təlim keçdiyi bildirilir. Dünən yayılan bir başqa məlumatda isə Donetsk separatçı qurumun milli valyutanı dövriyyəyə buraxmağa hazırlaşdığı deyilir.

Publika.az-ın verdiyi xəbərə görə, Polşanın “Polityka” saytı Minsk razılaşmasının Ukraynaya sülh gətirməyəcəyini yazıb.

Moskva “qırmızı xət”ləri hələ nə qədər keçəcək?

Qeyd olunur ki, sülh razılaşması hərbi qarşıdurma öncəsi müvəqqəti fasilədir: “İmzalanmış protokolu heç bir tərəf üçün müvəffəqiyyətli adlandırmamaq olmaz. O cümlədən hərbi əməliyyatlarda rəsmən iştirak edən Rusiya üçün. Vladimir Putin Ukrayna siyasəti ilə yalnız bu ölkədə antirus əhvali-ruhiyyənin artmasına, Kiyevin Brüssel və Vaşinqtonla daha da yaxınlaşmasına gətirib çıxardı. Moskvanın barışdırıcı addımları da Qərbin sanksiyalarının daha da kəskinləşməsindən qaçmaq məqsədi daşıyırdı”.

Polşanın “Newsweek Polska” nəşri hesab edir ki, Minsk barışığı Putinin taktiki qələbəsidir: “Putin Minsk barışığı ilə münaqişə tərəfi deyil, arbitr rolunu qəbul edə bildi. Bu isə Moskvaya imkan verəcək ki, Kiyevi separatçılarla danışıqlara məcbur etsin. Bu, Rusiya qoşunların nəzarət etdiyi ərazilərdə separatçı hərbi birləşmələrin formalaşmasına xidmət edəcək. Bu isə siyasi və iqtisadi planda Ukraynanı zəiflətməyə və Qərb strukturları ilə yaxınlaşmasına mane olmağa xidmət edəcək”.

Şimali Atlantika İttifaqının Uels sammitini hərbi alyansın son 25 ildə ən əhəmiyyətli tədbir adlandıran “Gazeta Wyborcza” qəzeti hesab edir ki, bu, Rusiyanı dayandıra bilmək üçün yeganə mexanizm oldu. Polşa nəşri hesab edir ki, yeni “soyuq müharibə” Qərb başlamamışdı.

“Qərb Moskva barəsində düşmən niyyətlərə malik deyildi və Rusiyada insan hüquqlarının pozulması faktlarına göz yumaraq onu partnyoru hesab edirdi. Ancaq Putinin aqresiv siyasəti Qərb ölkələrini öz mövqeyini dəyişdirməyə məcbur etdi. Uels sammitində NATO-nun kollektiv operativ güclərin yaradılması barədə qərarı da Moskvanın açıq təhdidi ilə izah olunur. Rusiya ittifaqı birbaşa hədələyir və buna görə də NATO-nun Şərqi Avropada gücləndirilməsi yaxşı addım olacaq. Biz bilmirik ki, Moskva hələ nə qədər “qırmızı xətlər”i keçəcək və ya hansı öhdəlikləri pozmağa qərar verəcək. Biz istənilən ssenarilərə hazır olmalıyıq”, - Onet.pl xəbər portalına açıqlamasında litvalı siyasətçi Qabrielyus Landsberqis bildirib.

Qərb Mixail Qorbaçova söz verdi ki…

Polşanın keçmiş müdafiə naziri Romuald Şeremetyev hesab edir ki, NATO-nun yeni planları daha çox Rusiyanın qorxudulması funksiyasını yerinə yetirəcək. Onun sözlərinə görə, NATO-nun cavab hərəkətlərinin Ukrayna-Rusiya münasibətlərini kəskinləşdirəcəyi barədə fikirləri qəbul etmir. Estoniya təhlükəsizlik polisi əməkdaşının Rusiya xüsusi xidmət orqanları tərəfindən tutulmasına münasibət bildirən keçmiş nazir müavini hesab edir ki, Rusiya üçün bu kiçik ölkə yalnız rus azlığına görə deyil, həm də böyük sirlərə malik olduğuna görə əhəmiyyətlidir: “Rusiyanı anlamaq olar. Qərb Mixail Qorbaçova söz verdi ki, NATO Almaniyanın birləşməsinə razılıq əvəzində Şərqə tərəf genişlənməyəcək. Ancaq NATO doqquz il sonra bu vədi pozdu. Moskva öz sərhədlərinə NATO strukturlarının yaxınlaşmasından narahatlıq keçirir və “soyuq müharibə” məntiqi ilə yaşamaqda davam edir. Xüsusilə Ukraynanın Qərbə istiqamətlənməsini geosiyasi maraqları üçün təhdidi hesab edir. İndiki halda Qərbin qarşısında iki variant var: ukraynalıları silahlandırmaq Ukrayna ərazisindən rusiyalıları sıxışdırıb çıxarmaq, ya da Kiyevi Donbas hövzəsinin itkisi ilə barışdırmaq. Amma onlar hələ ki “üçüncü yol” axtarırlar. Hərçənd məlum deyil ki, “üçüncü yol” varmı, yaxud da Putinin planları Donbasla yekunlaşırmı?”

“Gazeta Wyborcza” qəzetinin yazdığına görə, Ukraynanın Avroatlantik məkana inteqrasiyası Moskva tərəfindən faciə kimi qəbul edilir. Qəzet yazır ki, əgər Qərb Rusiya ilə hərbi toqquşmaya hazır deyilsə, o halda Kiyev yalnız şərq regionlarına deyil, həmçinin tam müstəqilliyə bel bağlaya bilməyəcək: “Bu haqsızlıqdır, amma geosiyasət bundan ibarətdir”.

“Putinin strateji hədəfi NATO-nun 1989-cu il sərhədlərinə qədər geri çəkilməsinə nail olmaqdır. Bu strategiyanın həyata keçirilməsində ilk addım Ukraynanın destabilizasiyasıdır”, - “Gazeta Wyborcza” qeyd edir.

Putinə qarşı “Qu quşu” metodu

Interia.pl xəbər portalına açıqlamasında publisist Rafal Zemkeviç bildirib ki, Ukrayna kampaniyası Rusiyanı və şəxsən Putini iflasa gətirib çıxaracaq: “Rusiya prezidentinin hərəkətləri Dövlət Təhlükəsizliyi Komitəsinin mahir hərəkətlərini xatırlatmır. O, qan axıdaraq, dünyanı nüvə silahı ilə qorxudaraq və Çinlə əlverişsiz razılaşmaları imzalayaraq hərəkət edir. Əgər Rusiyada həqiqətən də bu ölkəni güclü imperiyaya çevirməyə çalışan əvvəlki siyasi elitalar qalıbsa, onlara Putindən qurtulmaq lazım gələcək. Məsələn, “Qu quşu” metodunun tətbiqi ilə, yəni bədbəxt hadisə nəticəsində baş vermiş aviaqəzanın altında maskalanmış sui-qəsd. Bu da öz növbəsində yeni güclərin hakimiyyətə gəlişi, danışıqlar və münasibətlərin yaxşılaşması üçün perspektivləri açacaq. Xüsusi olaraq, Moskva və Varşava arasında”.

Oxşar ssenari ilə “Gazeta Wyborcza”nın baş redaktoru çıxış edir. “Rusiya prezidentinin siyasəti ölkənin maraqlarına böyük zərbə vurur. Rusiya tarixində bir neçə dəfə baş verdiyi kimi, öz liderini “ləğv etmək” olar. Əgər Moskva elitası müharibə ilə Putin və ya Putinsiz sülh seçimi arasında qalarsa, onlar ikincini seçəcəklər", - baş redaktor Mixnik bildirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR