Ehtiyatlı “döyüşçü” Obama – Təhlil
Bizi izləyin

Dünya

Ehtiyatlı “döyüşçü” Obama – Təhlil

Publika.az BBC-nin Şimali Amerika redaktorunun yazısını təqdim edir:

Bəzi liderlər müdafiə etdiyi fikirlərlə xatırlanır. Bəzi liderləri isə qarşı çıxdığı fikirlərlə yaddaşlarda qalır.

Belə görünür, ABŞ-ın 44-cü prezidenti Barak Obama ikinci qrupda olacaq.

Barak Obama ilk dəfə prezident seçiləndə ən böyük vədi xarici ölkələrdəki ABŞ əsgərlərini ölkəyə geri qaytarmaq idi. Keçən il Suriyada Əsəd rejiminin kimyəvi silah istifadə edərək qırmızı xətti keçdiyini dedi, amma heç nə etmədi.

Obamanın xarakteri müharibə lideri olmağa imkan vermir. “Döyüşçü” kəlməsi Obamanı xatırlayanda istifadə ediləcək sözlərdən deyil. Və məhz buna görə dünən axşam Ağ Evdən canlı efirə çıxan Obama indiyədək çəkindiyi addımları atacağını dedi.

ABŞ prezidenti nitqinin əvvəlində 140 min ABŞ əsgərinin ölkəyə necə gətirildiyini söyləməsi heç də təəccüblü deyildi. Çünki bu, onun ən böyük uğurlarından biridir.

Prezidentin nitqindən belə məlum oldu ki, İraqdakı İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə elə də asan olmayacaq. Amma bütün bunlarla bərabər, Suriyadakı İŞİD yaraqlıları da ABŞ-ın hava əməliyyatlarının hədəfində olacaq.

Obama ABŞ xalqına bu sözlərlə səslənib: “Ölkəmizi təhdid edən terrorçuları hər nə yolla olursa-olsun, ovlayacağıq. İŞİD-ə qarşı Suriyada və İraqda əməliyyat təşkil etmək məsələsində tərəddüd etməyəcəyik. ABŞ-ı təhdid edənlər heç bir yerdə təhlükəsizlikdə ola bilməz”.

Amma bu sözlərdən sonra Obama ABŞ əsgərinin quruda hansısa əməliyyata başlamayacağını da vurğulayıb. Bunun əvəzinə, Suriyada Əsəd rejiminə və İŞİD-ə qarşı döyüşən müxalif yaraqlılar dəstəklənəcək. Bunun üçün Obama Vaşinqtondakı siyasətçilərdən bu hədəfə çatmaq üçün plan cızmalarını istəyib.

Obama Konqresə də səslənib: “Konqresdən bu döyüşçülərə təlim keçib, silahlandırmağımız üçün bizə əlavə səlahiyyət verməsini tələb edirəm. İŞİD-lə mübarizədə dövlət terroru yayan Əsəd rejiminə güvənə bilmərik”.

Obamaya görə, Suriyadakı müxalif yaraqlılar İŞİD-ə qarşı döyüşə bilər.

Muzdlu ordular

Obamanın nitqinin qalan hissəsində İŞİD-ə qarşı mübarizədə yol xəritəsində nələrin olmayacağına da diqqətə çatdırıb.

“Biz quru əməliyyatında iştirak edə bilmərik” deyən Obama söyləyib: “ABŞ xalqının İraq və Əfqanıstan müharibələrinin fərqli olduğunu başa düşməsini istəyirəm. Qətiyyətlə bildirirəm ki, ABŞ əsgərləri quruda əməliyyatlar təşkil etməyəcək. Hava gücümüz və qurudakı müttəfiqlərimizlə İŞİD-i sistemli bir şəkildə çökdürəcəyik”.

Bunları müxtəsər bir şəkildə diqqətə çatdırası olsaq, ABŞ öz müharibəsində quru əməliyyatlarını muzdlu ordularla həyata keçirəcək. Beləliklə, Obama toqquşmalarda ABŞ əsgərlərinin ölümlərinin minimuma endirilməsini diqqətdə saxlayır.

Obama ABŞ-ın bu müharibəyə təkbaşına girməyəcəyini də nəzərə çatdırıb və İŞİD-ə qarşı geniş bir koalisiya yaradacağını deyib. Koalisiyanın mərkəzinə isə İraq və qonşu ölkələri qoyub.

Prezident bildirib: “ABŞ-ın daha üstün addımlar ata bilər. Amma İraq xalqının özünün həll etməsi vacib olduğu problemləri biz boynumuza götürə bilmərik” deyən Obama bildirib ki, Orta Şərqin təhlükəsizliyi üçün “ərəb ölkələrinin məsuliyyətini də” Ağ ev öz üzərinə götürə bilməz.

Obama Ağ Evə ilk gəldiyi vaxtlarda ABŞ xalqı Əfqanıstan və İraqa görə dərin bir müharibə yorğunluğu yaşayırdı.

Yeni prezidentin ən böyük vədi birbaşa toqquşmalardan çəkinmək idi. Bunun əvəzinə o, diplomatiya yolunu öndə tutdu. Obama “ABŞ həmişə müharibə vəziyyətindədir” fikrinə də qarşı çıxırdı.

ABŞ xalqı nə istəyirdi?

Amma James Foley ve Steven Sotloff adlı ABŞ jurnalistlərinin başları kəsilərək öldürüləndə bəzi şərtlər dəyişdi.

Artıq ABŞ-da ictimai fikir başqa yöndədir. Obama isə bu dəyişikliyin fərqinə varıb başqa mövqe sərgiləmədi və “İŞİD-i nəzarətinə götürmək” kimi cümlələr işlətdi. ABŞ xalqı isə konkret addımlar atılmasını istəyirdi.

Obama iki həftə əvvəl isə “İŞİD-ə qarşı hələlik bir strategiyamız yoxdur” dedi. ABŞ xalqı da prezidentlərindən bu strategiyanı tapmağını istədi.

İctimai fikri öyrənmək üçün keçirilən sonuncu sorğuda iki ilginc nəticə ortaya çıxıb. Birincisi, hərbi hərəkatı dəstəkləyənlərin çoxalmasıdır. Halbuki, bir il əvvəl bu dəstək yox dərəcədə idi.

İkincisi, prezidentin hədsiz dərəcədə təmkinli olmasıdır. Nəticədə, Obamanı dəstəkləyənlər də ciddi dərəcədə azalıb.

Bütün bu baş verənlərdən sonra Obama dünən irimiqyaslı hərbi əməliyyatın başlayacağını elan etdi. Bundan əvvəlki prezident Corc Buşun çox məşhur, amma bir o qədər də vaxtsız verilmiş “Tapşırıq yerinə yetirildi” açıqlamasının oxşarının isə nə vaxt səslənəcəyini heç kim bilmir.

İki prezident arasındakı daha bir müqayisə var: Buşun İraq işğal əməliyyatının adı “şok yaşat və təəccübləndir” idi. Obama isə dünən “sabitlilik və davamlılıq” sözlərindən istifadə eləməyi seçdi.

ABŞ xalqı üçün yeganə ciddi məsələ İŞİD təhlükəsinə qarşı bir an əvvəl konkret addımlar atılmasıdır. ABŞ prezidenti də hər nə qədər ehtiyatlı bir şəkildə davransa da, bu istəyi yerinə gətirmək üçün hərəkətə keçib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm