ABŞ müharibə erasının kandarında?
Bizi izləyin

Dünya

ABŞ müharibə erasının kandarında?

“Prezidentliyə namizəd Barak Obama ABŞ-ı sülhə gətirmək istəyirdi, amma prezident Obama ölkəni yenidən müharibəyə çəkir. Onun başqa çıxış yolu yoxdur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər ABŞ-ın İŞİD terror təşkilatına qarşı koalisiya qurmaq cəhdlərini şərh edən Almaniyanın “Deutsche Welle” qəzetində yer alıb.

Nəşr xatırladır ki, Barak Obamanın ABŞ prezidenti seçilməsinin əsas səbəbi onun amerikalılara sülh vəd etməsində idi: “Barak Obama 2008-ci ildə prezidentliyə namizəd olanda İraqda “axmaq müharibə”ni bitirəcəyinə və Əfqanıstandakı amerikalı əsgərləri vətənə qaytaracağına söz vermişdi. Prezidentliyə namizəd Barak Obama 2008-ci ildə müharibələrin anlamını şübhə altında qoyurdu. Onun sözləri amerikalıların ürəklərinə təsir edirdi. Baxmayaraq ki, o zaman Vaşinqtonun əli altında dünyanın ən müasir və güclü ordu var idi. Bu, indi də belədir. Amma Konqresdə hətta “soyuq müharibə”nin tərəfdarları anlamağa başladılar ki, problemlər mövcuddur. Başa düşdülər ki, problemləri heç kim, hətta ABŞ hərbi yolla həll edə bilmir”.

“Deutsche Welle” hesab edir ki, Vaşinqtonda illər öncə formalaşan bütün bu fikirlər indi ikinci plana keçirilir: “Seçkiqabağı kampaniyaya hazırlaşan siyasətçilərin nitqlərində vətənpərvərlik əsas yer turur: “İslam dövləti” məhv edilməlidir. CNN, FoxNews və digər xəbər kanalları Birləşmiş Ştatları bəşəriyyət tarixində mövcud olmuş ən böyük güc kimi tərifləyir”.

Alman nəşri qeyd edir ki, amerikalıların əksəriyyəti Suriya və İraqda “İslam dövlətinə” qarşı əməliyyatı dəstəkləsə də, onların hamısı müharibələrdən yorulublar. Bununla belə qeyd edilir ki, yüksək rütbəli dövlət rəsmiləri səviyyəsində səsləndirilən müharibə bəyanatı cəmiyyətdəki əhvali-ruhiyyəni sürətlə dəyişə bilər: “Siyasətçilərin səsləri ucadan eşidilməyə başlayıb. Məsələn, respublikaçı senator Con Makkeyn hesab edir ki, Əfqanıstandan qoşunların çıxarılması yanlış olardı. Vaşinqtondakı analitik mərkəzlərdə müzakirələr gedir ki, NATO-nun partnyorları, məsələn, Almaniya 2014-cü ildən sonra da Əfqanıstana öz əsgərlərini göndərə bilərmi? ABŞ-da düşünürlər ki, “Əl-Qaidə” zəiflədilmişdir, amma ona tam qalib gəlmək mümkün olmayıb. Təşkilatın Pakistan və Yəməndə hələ də güclü olduğu bildirilir. “Qərbin dəstəyinə ehtiyacı olan Somalini unutmaq olmaz” deyirlər”.

2001-ci ildə Əfqanıstanda hava əməliyyatlarına rəhbərlik edən, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Çarlz Uold bu yaxınlarda fikrini çox dəqiq bildirdi: ABŞ-a sonsuz müharibələr erası lazımdır. Onunla başqa generallar da razılaşırlar.

“Deutsche Welle" qeyd edir ki, heç bir ölkə, hətta ABŞ kimi supergüc belə daim müharibə vəziyyətində olmaq istəmir.

Amma ABŞ prezidentinin İŞİD-ə qarşı müharibədə yalnız hava qüvvələrindən istifadə edəcəyi barədə bəyanatına baxmayaraq, digər variant da istisna edilmir: “Uzunmüddətli davam edən müharibələr ölkəni taqətdən salır və yorur. Deyəsən, prezident Barak Obama da bunu anlayır. O, bu yaxınlarda amerika xalqına müraciətində bildirdi ki, “İslam Dövləti”nə qarşı müharibə İraq və Əfqanıstan müharibələrindən fərqlənəcək, Amerika əsgərləri quru əməliyyatlarda iştirak etməyəcəklər. Amma İŞİD nə qədər dözümlülük göstərəcək, bu məlum deyil. ABŞ-ın hava zərbələri, Suriya və kürd hərbi bölmələri “İslam Dövləti”nə qalib gəlmək üçün kifayət edəcəkmi? Kifayət etməzsə, ABŞ təslim olacaq? Bu, ağlasığmazdır. ABŞ münaqişəli regiona əsgərləri göndərmək barədə qərar qəbul edəcəksə, bu artıq prezident Obama olmayacaq, onun Ağ Evdəki varisi olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm