• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yaxın Şərqi “doğrayırlar”? – Rusiyalı ekspertdən şok iddialar

  • Dünya
  • 16 Sentyabr 2014 12:07
  • 907 Baxış
Yaxın Şərqi “doğrayırlar”? – Rusiyalı ekspertdən şok iddialar

Yaxın Şərqdə onsuz da çox narahat olan vəziyyət “İslam dövləti” (İŞİD) döyüşçülərinin İraqda avqust ayında keçirdiyi ekspansiyası nəticəsində daha da kəskinləşdi. Terror təşkilatının hərbi əməliyyatlarında minlərlə dinc insan həlak oldu.

Ölkənin şimalındakı geniş ərazilərdən geri çəkilməli olan İraq hökuməti bundan sonra “İslam dövləti”nə qarşı mübarizə aparmaq üçün beynəlxalq cəmiyyətdən yardım istədi. İraq hökumətinin müraciətindən sonra isə ABŞ aviasiyasının İŞİD mövqelərinə zərbələri başladı. ABŞ prezidenti Barak Obamanın bir neçə gün əvvəl açıqladığı İŞİD-ə qarşı mübarizə strategiyası isə Vaşinqtonun terror təşkilatına qarşı mübarizədə nə dərəcədə qətiyyətli olduğunu nümayiş etdirdi. Strategiya İŞİD mövqelərinə aviasiya zərbələrinin endirilməsi, İraq və Suriyanın mülayim müxalifətinə dəstəyin artırılması və İŞİD-ə maliyyə axınlarının kəsilməsindən ibarətdir.

Artıq, demək olar ki, İŞİD-ə qarşı koalisiya da formalaşdırıb. Bir neçə Qərb ölkəsi ilə yanaşı, Körfəz ölkələrindən bəziləri İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yanında olacaq. Ancaq Obamanın İŞİD strategiyasından əsas məqam olunla bağlıdır ki, hərbi əməliyyatlar İraqla kifayətlənməyəcək. Belə ki, Fransa xarici işlər naziri Loran Fabius bildirib ki, “İslam dövləti”nin yaranmasının əsas səbəbi Suriya dövlət başçısı Bəşər Əsəd olub. Təbii ki, belə bir mövqe Əsədin əsas dəstəkçilərindən olan Rusiyanı narahat etməyə bilməzdi. Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov xəbərdar etdi ki, Qərb estremist qruplaşmanın döyüşçüləri ilə mübarizə bəhanəsi ilə Suriyaya hücüm edə bilər. Elə rəsmi Dəməşqin özü də bu versiyanı istisna etməyib. Suriya ABŞ-ı xəbərdarlıq etməkdən də çəkinməyib. Bildirilib ki, rəsmi Dəməşqin icazəsi olmadan Suriya ərazisinə daxil olan ABŞ hərbi təyyarələri vurulacaq. Obama isə bu xəbərdarlığa cavab olaraq Suriya ordusunun raketdən müdafiə sisteminin məhvinin İŞİD-i məhv etməkdən də asan olacağını, terrorla mübarizədə sərhəd tanımayacaqlarını bildirib.

Rusiya isə hesab edir ki, “İslam dövləti”nin yaranması üçün əlverişli şərait heç də Suriya, o cümlədən prezident Bəşər Əsədlə bağlı deyil. Qeyd olunur ki, daxili silahlı konfliktin dördüncü ilinə keçməsi, beynəlxalq cəmiyyətin baş verənlərə laqeyd münasibəti, ayrı-ayrı dövlətlərin münaqişənin nizama salınması ilə bağlı üst-üstə düşməyən mövqeləri belə bir problemin ortaya çıxmasını labüd edirdi.

Rusiya Proqnoz Mərkəzinin rəhbəri Aleksandr Kuznetsov hesab edir ki, dünyanın inkişafının özü məntiqi olaraq yeni siyasi fövqəlmilli qurumların yaradılmasına gətirib çıxarır. “Avropada Avropa Birliyi yaranıb, Latın Amerikası ölkələri vahid iqtisadi məkanda birləşir və yəqin ki, gələcəkdə bu siyasi xarakter daşıyacaq. Prosesin bu cür inkişafı tamamilə məntiqdir, çünki XXI əsrdə qloballaşma şəraitində başqa cür mümkün deyil. Əks halda kiçik milli dövlətlər sadəcə sağ qalmayacaq və rəqabətə dözməyəcək. Ancaq Yaxın Şərqdə tamamilə başqa, maksimal şəkildə parçalanma proses, anklav dövlətlərin yaradılması prosesi gedir”, - rusiyalı siyasi ekspert bildirib.

A.Kuznetsovun fikrincə, İraqda sünni dövləti yaradılsa, bu dövlət dənizə çıxış məhrum edilən, tamamilə neft yataqları və hansısa xarici mənbələrdən asılı olacaq. Ekspert bu halda həmin dövlətin super dövlətlərin əllərində bir oyuncaq olacağını bildirri: “Bütün bunlar sözsüz ki, regionun idarə edilməsi və hər hansı panərəb siyasi birliyininin yaranmamasına imkan verməməkdir. Əlbəttə, bu cür layihələr Qərbin neokoloniya məntiqinə heç bir halda uyğun deyil”.

A.Kuznetsov hesab edir ki, Qərb Yaxın Şərqi parçalamaq, mübarizə və reaksiya vermək qabiliyyəti olmayan dövlətlərin yaradılması üçün mümkünh olan hər şeyi edir: “Həmin dövlətlər elə dövlətlər olmalıdır ki, onlar xarici və daxili siyasətdə tamamilə Qərbdən asılı olsunlar. Ancaq bu siyasətin icra olunması üçün ilkin mərhələdə xaos və qarışıqlığın yaradılması lazım idi. Yaxın Şərqdə belə bir siyasəti həyata keçirməklə amerikalılar həqiqətən də çox dağıdıcı nəticələrə və İŞİD kimi terror qruplaşmaların yaranmasına nail oldular. Onlar İŞİD kimi dağıdıcı gücləri oyatdılar, hansı ki, artıq özləri də nəzarət edə bilmirlər”.

Yaxın Şərqdə Rusiyanın rolu haqqında danışan A.Kuznetsov xatırladır ki, Moskva Bəşər Əsədin hökumətini dəstəkləyərək ABŞ-ın hərbi müdaxiləni imkan verməməklə Suriya böhranında yaxşı çıxış etdi: “Son zamanlar regional aktyorların Rusiyaya maraq artır. General Əbdülfəttah Əs-Sisinin başçılıq etdiyi Misir Rusiya ilə strateji əməkdaşlığı inkişaf etdirmək istəyir. Silahlandırılma və iqtisadi münasibətlərin inkişafı ilə bağlı mühüm razılaşmalar imzalanıb. İraqdakı son hadisələrə qədər biz Bağdad hökuməti, həmçinin İraqın kürd muxtariyyəti ilə münasibətlərin yaxınlaşmasını müşahidə edirdik”.

Ancaq rusiyalı ekspert etiraf edir ki, Ukraynadakı hadisələr Rusiyanın maliyyə və siyasi resurslarını ciddi şəkildə Yaxın Şərqdən yayındırır. A.Kuznetsov ehtiyat edir ki, Ukrayna hadisələri Rusiyanın Yaxın Şərqlə bağlı xarici siyasət səylərinin aktivləşməsini dayandıra bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR