ABŞ İŞİD-ə hücum etsə, nələr olacaq? – TƏHLİL
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə hücum etsə, nələr olacaq? – TƏHLİL

Publika.az Furkan Azərinin təhlilini təqdim edir:

Bu koalisiyanın Suriya və İraqdakı xaosla əlaqədar konkret planı yoxdur. Zatən bu problemin genişlənib şaxələnməsində körfəz ölkələrinin zülmkar və diktator siyasətlərinin payı var.

ABŞ İŞİD-ə (İraq Şam İslam Dövləti) hücum etsə, İŞİD, bəlkə, qısa müddətə gücdən düşəcək, amma məhv olmayacaq.

Bu hücumların sayəsində İŞİD İslam dünyasının zərərçəkəni vəziyyətinə düşəcək və özünə zəmin və az da olsa, leqallıq qazanacaq.

İŞİD bu hücumlar nəticəsində daha da silahlanacaq və bu bölgə xalqı üçün daha böyük bir təhlükə olacaq.

ABŞ quru qoşunu yeritməyəcək, hava hücumu edəcək. Dolayısı ilə, PKK-nın Suriyadakı qolu olan PYD-yə bağlı YPG milisləri və şiə qruplaşmaları hava hücumlarına alternativ olaraq qurudan dəstək verəcək. Bu vəziyyətdə Orta Şərqdə çətinliklə həll olunan məsələlər yenidən açılacaq və düşmənçilik, kin və nifrət yaranacaq.

Bu hücumlardan sonra ABŞ 15-30 dəqiqə içərisində Aralıq Dənizinin şərqində yerləşdirilən gəmilərinə qayıdacaq. Amma geridə qoyduğu kin və nifrət Orta Şərq xalqları üçün heç vaxt bu bölgədən çıxa bilməyəcək.

Bu əməliyyatdan sonra ABŞ heç bir şey itirməyəcək. Və hər halda, qazanan yeganə tərəf özü olacaq. Çünki əməliyyat uğurlu olsa, “mən elədim, mən qurtardım, mən azadlıq verdim” deyəcək. Yox, uğurlu olmasa, bildirəcək: “Biz havadan vurduq. Vəzifəmizi yerinə yetirdik. Koalisiya qurudan işini görmədi”. Yəni qumarbazlar oyunu yaxşı qurub. Qətiyyən uduzmayacaqlar.

Bu hücum sayəsində ABŞ özünü dünyaya “xilasedici mələk” kimi təqdim edəcək. Obama qəhrəman elan ediləcək. PYD-Bərzani-şiə milisləri güclənəcək və müstəqillik qazanacaq. Bu isə gələcəkdə başda Türkiyə olmaqla, sünni xalqların xeyrinə olmayacaq. Hətta tarix də şahiddir ki, bu qruplaşmalar əllərinə fürsət düşdükcə sünniləri əzib və onlara zülm ediblər.

Suriyadakı müxalifət və İraqdakı sünni əşirətlər fikirləşəcək: “Yaxşı, İŞİD zalılmdır, qatildir və s. Bəs Əsəd-Çaliki PYD və şiə milisləri çoxmu məsumdur? Çoxmu mərhəmətlidir? İŞİD bunların elədiyi zülmlərin neçə faizini edib görəsən?” Hətta dünya müsəlmanları da fikirləşəcəklər: “Misirdə tanklar altına alınaraq öldürülən müsəlmanların haqqı və hüququ üçün ABŞ niyə susub? Yoxsa, Obamanın İŞİD-in tutduğu bölgələrdəki müsəlmanlara xüsusi bir simpatiyasımı var?” Bəlkə, suda batan saman çöpündən yapışdığı kimi, İŞİD-in ətrafında birləşmələr daha çox olacaq. Həm də İraqdakı əşirətlər və xalqın bir hissəsi sırf bunların zülmkar və ikiüzlü siyasətlərinə görə İŞİD-ə dəstək vermədilərmi?

Bir tərəfdən də çox üzücüdür ki, bizim bölgənin problemlərini niyə ABŞ həll eləsin? İnsan xəritəyə baxmağa utanır. Həm də bu günə qədər, bircə dəfə də olsa, hansısa problemi həll elədilərmi? Çox təəccüblənirəm. Yəni heçmi müsəlmanların qüruruna toxunmur?

Halbuki ilk gündən indiyə qədər problemin həlli bəlli idi: ortada qalan müxalifəti dəstəkləmək, Əsəd zülmünün qarşısına keçərək bu müharibəni dayandırmaq. Bu günə qədər Suriya müxalifətinə “Əsəd zülmünün havadan qarşısını alsın” deyə təchizat verilməyib. Hətta bufer zona belə yaradılmayıb.

Son olaraq bildirmək istəyirəm ki, bu koalisiyanın Suriya və İraqdakı xaosla əlaqədar konkret planı yoxdur. Zatən bu problemin genişlənib, şaxələnməsində körfəz ölkələrinin zülmkar və diktator siyasətlərinin payı var. Əgər belə davam etsə, bölgədə yeni İŞİD-çilərin ortaya çıxması qacılmaz olacaq.

Bəli, müsəlmanların və İslamın xeyri üçün İŞİD-in bitməsini bütün müsəlmanlar kimi mən də istəyirəm. Ancaq düşünmədən də olmur:

Öz prestijindən başqa heç nə düşünməyən ABŞ.

Özünün rahatçılığından və mədəsindən başqa heç bir dərdi olmayan Səudiyyə Ərəbistanı, öz məzhəblərindən başqa bütün məzhəbləri düşmən olaraq görən İran.

Öz iqtidarı bahasına yüzlərlə müsəlmanı öldürməkdən çəkinməyən xunta Misir hakimiyyəti.

Bunlar əzilən, daha doğrusu, əzdikləri müsəlman xalqa xoşbəxtlik gətirə bilərmi?

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm