Ukraynanı nüvə silahına itələyən daha bir səbəb: Moskva Krımda təhlükəli oynayır
Bizi izləyin

Dünya

Ukraynanı nüvə silahına itələyən daha bir səbəb: Moskva Krımda təhlükəli oynayır

Ukrayna müdafiə naziri Valeri Qeleteyin bir neçə gün bundan əvvəl ölkəsinin nüvə dövləti statusunu bərpa edəcəyi barədə bəyanatına ciddi yanaşanlar da var.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Nüvə Silahının Yayılmaması barədə Müqavilənin dövlət-iştirakçısı kimi Ukraynanın nüvəsiz statusuna yenidən baxılmasının mümkün olmadığını bildirib. Rusiya xarici işlər nazirinin müavini Ukraynanın indiki nüvəsiz statusuna yenidən baxılması haqqında istənilən danışıqların Moskva üçün qəbuledilməz olduğunu bildirib.

Ukraynanı isə nüvə silahı əldə etməyə itələyən onun Rusiya qarşısında aciz vəziyyətə düşməsidir. Ukrayna müdafiə nazirinin sözlərinə görə, indiki silahlı münaqişədə Qərbin dəstəyini ala bilməsələr, Ukrayna nüvə silahına malik ölkə statusumuzu bərpa etməli olacaq. O, qeyd edib ki, Ukraynanın şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı artıq başa çatıb və indi Kiyev Rusiyadan müdafiə sistemini qurmalıdır.

Qeyd edək ki, Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından Sovetlər Birliyi dağılandan sonra imtina edib.
1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə uyğun olaraq Ukrayna bunun müqabilində ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik təminatı alıb.

Ukrayna bundan sonra Nüvə Silahının Yayılmaması barədə Müqaviləyə qoşulub.

Amma Ukraynanın yenidən nüvə silahı əldə etməsi o qədər də çətin olmayan məsələ hesab olunur. Ukrayna ərazisində böyük uranın yataqları və Atom Elektrik Stansiyasının enerji blokları var. Bu stansiyalarda isə nüvə yanacağını zənginləşdirmək mümkündür. Sözügedən stansiyalarda SSRİ illərində ballistik raketlər üçün nüvə yanacağı istehsal olunurdu. Rusiyalı ekspertlər hesab edir ki, bütün bu amillər 10 il ərzində Ukraynaya nüvə silahını yaratmağa imkan verəcək.

Rusiya Federasiyası Dövlət Dumasının müdafiə məsələləri üzrə komitə sədrinin müavini Frans Klinseviç Ukrayna müdafiə naziri V.Qeleteyin bəyanatını provokasiya adlandırsa da, hesab edir ki, məsələyə ciddi yanaşmaq lazımdır. “Unutmaq olmaz ki, Ukraynada elm həmişə inkişaf edib və bu nöqteyi-nəzərdən nüvə bombasının yaradılması da problemlər yaratmayacaq”, - Dövlət Dumasının üzvü deyib.

Moskva Dövlət Universitetinin coğrafiya fakultəsinin dosenti Pavel Safranovun sözlərinə görə, Avropada ən böyük uran filizi ehtiyatları məhz Ukraynadadır: “Ukrayna özünü xammalla tamamilə təmin etməyi bacaracaq. Amma nüvəsiz dövlət statusu nəzərə alsaq, zənginləşdirilmiş uranın istehsalı üzrə fəaliyyət hazırda mümkün deyil”.

F.Klinseviç qeyd edir ki, nüvə bombasının yaradılması üçün zənginləşdirilmiş uran lazımdır: “Ukrayna ərzisində Atom Elektrik Stansiyasının 17 enerji bloku fəaliyyət göstərir. Düzdür, burada uranın zənginləşdirməsi nəzərdə tutulmayıb. Əgər Ukrayna bir neçə enerji blokunda bu məsələnin həlli ilə məşğul olarsa, proses uzun müddəti tələb edəcək. Amma 10 il ərzində məsələnin öhdəsindən gəlmək mümkündür”.

Rusiya müdafiə nazirinin dünən verdiyi bəyanat da Ukraynanın nüvə silahı üçün barəsində düşünməyə əsas verir. Kiyev mart ayında qeyri-qanuni Rusiyaya birləşdirilən Krımı gec-tez qaytaracağını bəyan etsə də, Rusiya bunun əksini düşünür və yarımadada möhkəmlənməyin planlarını cızır. Rusiya müdafiə naziri Sergey Şoyqu dünən Rusiya Müdafiə Nazirlyində keçirilən müşavirədə Krım yarımadasında müdafiə potensialının gücləndiriləcəyini deyib. S.Şoyqu qeyd edib ki, Silahlı Qüvvələri Cənub hərbi dairəsinin prioritetli məsələlərindən biri Krım istiqamətində qoşunların sayının artırılmasıdır. Müdafiə Nazirliyinin başçısı Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərində xarici hərbi təhlükənin artması ilə Krım istiqamətində qoşunlarının sayının kifayət qədər artırılacağını vurğulayıb.

Rusiyanın hərbi ekspertləri də hesab edir ki, Moskva Krımın müdafiə qabiliyyətinin artırılması və mümkün təhlükənin neytrallaşdırılması üçün təcili tədbirlər görməlidir. Amma onlar Rusiyanın Krımda güclənməsi üçün daha təhlükəli variant irəli sürürlər. Onların fikrincə, bu tədbirlərdən biri də yarımada ərazisində nüvə silahının yerləşdirməsi ola bilər. Eksperlər Rusiyanın NATO və ABŞ mümkün hərbi qarşıdurmasında bunun əhəmiyyətli bir hərbi arqument ola biləcəyini bildirir. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Qərbə nüvə hədəsini məhz Krımdan etməsi təsadüf sayıla bilməz.

İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, yarımada ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir rəsmi maneə yoxdur.

“1996-cı ilə qədər Krımda nüvə-texniki anbarı var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. 1994-cü ildə Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və bu silahlar 1996-cı ilə qədər Krım ərazisindən çıxarıldı. Amma anbar qalıb və onu bərpa etmək üçün böyük əmək sərf etmək lazım deyil. Amma əsas məsələ odur ki, hazırda bu Rusiyaya lazımdırmı? Toqquşmalar mümkündür, çünki, Qərb Krım referendumunu və onun Rusiyaya birləşməsini tanımayıb”, - V.Yevseyev qeyd edir.

ABŞ və NATO-nun hərbi potensialının Rusiyanın hərbi potensialını bir neçə dəfə üstələdiyini deyən ekspert taktiki nüvə silahının yarımada ərazisində yürləşdirilməsinin Moskva üçün əhəmiyyətli olacağını bildirir.

Bir vaxtlar Rusiya Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinə başçılıq edən general-polkovnik Leonid İvaşov hesab edir ki, NATO və ABŞ-ın hərbi ritorikanı artırması, Rusiya sərhədlərində hərbi qruplaşmaların sayını artırmaq cəhdi Moskvanın cavab hərəkətlərini doğura bilər. “Krım ərazisində taktiki-nüvə silahının yerləşdirilməsi üçün bizə heç nə maneə olmur. Qərb unutmamalıdır ki, Krım indi Rusiyanın ərazisidir və beynəlxalq müqavilələrə zidd deyilsə, yarımada ərazisində istənilən silahı yerləşdirə bilərik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm