Prezident qızının müəmması: Özbəkistanda “seçki kampaniyası” başladı
Bizi izləyin

Dünya

Prezident qızının müəmması: Özbəkistanda “seçki kampaniyası” başladı

Gülnarə Kərimova Özbəkistan prezidentinin İslam Kərimovun böyük qızıdır. Daşkənddə yeddi aydır ki, ev həbsində olan Gülnarə bu günlərdə yenidən özünü xatırlatdı. Londonda yerləşən “Davidson-Ryan-Dore” konsaltinq şirkətinin vəkili Loksli Rayan G.Kərimovanın dərhal azad olunması tələbi ilə bəyanat yayıb. Gülnarənin şəkilləri də yayılıb. Şəkillərdə ev həbsində olan keşikçilərin onunla kifayət qədər sərt davrandığı görüntülənib. Britaniya şirkətində “Gülnarənin işi” siyasi hesab olunur və Özbəkistanda gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqələndirilir.

Loksli Rayan jurnalistlərə bildirib ki, üç ay əvvəl G.Kərimovanın maraqlarının xaricdə mühafizəsi üzrə rəsmi nümayəndəsi oldu. Onun sözlərinə görə, konsaltinq şirkətinə G.Kərimovanın dostları və ailə üzvləri müraciət etdilər. Söhbət Gülnarənin babası ilə eyni adı daşıyan oğlu İslam Kərimovdan gedir. Kiçik İ.Kərimov Londonda yaşayır və oxuyur. Gülnarənin 16 yaşlı qızı İman da onunla birlikdə Daşkənddə ev həbsindədir.

Loksli Rayan əmindir ki, G.Kərimovanın ev həbsinə məhkum edilməsi prezidentin ətrafındakı insanların prezident seçkiləri öncəsi məntiqsiz addımdır. Vəkil bildirir ki, Gülnarə ilə bağlı qeyri-sağlam təəssüratı yaratmağa çalışırlar. “Gülnarə həmişə öz atasına hörmət etdiyinə görə siyasi kampaniyalardan kənar dayanırdı. Mən də təsdiq edə bilərəm ki, o, bugünkü Özbəkistan hakimiyyətində yer almaqda maraqlı deyil. Gülnarə Kərimova bir neçə dəfə özünün günahsız olduğunu bildirib. O, bəraət qazanmaq üçün qanunun aliliyini tanıyan istənilən məhkəməyə müraciət etməyə hazırdır”, - Rayan bəyanatında qeyd edib.

Yaxın vaxtlara qədər biznes-maqnat, diplomat, pop-müğənni və dizayner olan G.Kərimova Özbəkistanın ən nüfuzlu insanlarından biri idi. Şayiələr gəzirdi ki, o, atasının varisi ola bilər. Onunla bağlı xoşagəlməz hadisələr isə iki il əvvəl başlandı. İsveç jurnalistləri aydınlaşdırdılar ki, “Telia Sonera” telekommunikasiya korporasiyası özbək mobil rabitəsi bazarına daxil olmaq üçün böyük miqdarda pul ödəyib. Pulun isə Cəbəllütariqdəki və G.Kərimova yaxın olduğu bildirilən şirkətin hesablarına köçürüldüyü bildirilir. Bundan sonra Avropanın 10 ölkəsi Gülnarənin sahibkar fəaliyyətinin araşdırılmasına başlayıb. Prezidentin qızının İsveçrə banklarındakı hesabları dondurulub. Eyni zamanda, onun Özbəkistandakı bütün biznes və xeyriyyəçilik fondunun fəaliyyəti dondurulub.

Prezidentin qızı iddia edir ki, bütün korrupsiya ittihamlar hakimiyyət uğrunda sərt mübarizə ilə bağlıdır. Bununla belə, Özbəkistan Baş prokurorluğu korrupsiya maddəsi ilə ona qarşı ittiham irəli sürüb. Sentyabrın əvvəllərində isə Gülnarənin yaxınlığı olduğu deyilən Qayan Avakyan və Rüstəm Madumarovun məhkəməsi oldu. Britaniya vəkili L.Rayan Özbəkistanda Gülnarə ilə bağlı dürüst və ədalətli məhkəmə prosesi gözləmədiyini deyib.

“Gülnarə Kərimovanın rəsmi nümayəndəsi Loksli Rayanın bəyanatı prezidentin qızının ətrafında qalmaqalın yeni mərhələsinin göstəricisidir. Bəyanat prosesə həmçinin yeni suallar əlavə edir”,- rus mətbuatına açıqlamasında Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov deyib.

İyul ayında G.Kərimovanın oğlu İ.Kərimovun Londondan Rusiya telekanalına verdiyi müsahibə də Kərimovlar ailəsində vəziyyəti yenidən gündəmə daşımışdı.

İslam Londondan Rusiyanın REN-TV kanalı ilə əlaqə saxlayaraq müsahibə vermək istədiyini bildirmişdi. Telekanalın əməkdaşı Marianna Maksimovskaya onunla görüşüb və Özbəkistanın hakim ailəsində ötən ilin payızından etibarən baş verən qalmaqallar barədə danışdırıb. Nəvə İ.Kərimov anasının və bacısı İmanın Daşkənddə ev dustağı edildiyini təsdiqləyib, həmçinin onların həyatı üçün təhlükə olduğunu bildirib. İslam Kərimovun nəvəsi müsahibədə babasına müraciət edərək onları dinləməyə çağırıb.

Kiçik Kərimov hesab edirdi ki, kimlərsə onun anası barədə Özbəkistan prezidentinə yanlış informasiyalar çatdıra və beləliklə də, ailədə düşmənçilik yarada bilər. Təsadüfi deyil ki, G.Kərimovanın özü də dəfələrlə anası və bacısının atasını ona qarşı qaldırdığını deyib. Həmçinin nəvə Kərimov anasının və özünün ağır metalla zəhərləndiyini də deyib.

Kərimovlar ailəsi barədə son yazılardan biri İngiltərənin “The Guardian” qəzetində dərc edilib. “Özbəkistan: Prezidentin ailəsindəki çəkişmələr və qızının yox olmasının tapmacası” başlıqlı yazının müəllifi Şaun Uokerdir. Onun sözlərinə görə, Özbəkistanı idarə edən ailədə baş verənləri anlamaq çox çətindir. “Bu ölkənin ilk və tək prezidenti İslam Kərimov diktaturasının məxfilik səviyyəsi yalnız Şimali Koreya ilə müqayisə edilə bilər. Ancaq son aylarda ailədə baş verənlər tədricən ictimaiyyətin var-dövləti olmağa başlayıb”, - ingilis nəşrinin əməkdaşı bildirib.

Yetmiş altı yaşını qeyd edən İ.Kərimov seçkilər yaxınlaşsa da, varisin adını çəkməyib. O, hələ ki ölkəni itaətkarlıq vəziyyətində saxlamağa müvəffəq olur. Və birdən-birə prezidentin Böyük Britaniyada yaşayan nəvəsi fikirlərini açıq şəkildə bölüşdü. O, anası və bacısından təhlükəsizliyi üçün narahat olduğunu dilə gətirdi. Oksford Universitetinin ikinci kurs tələbəsi olan balaca İslam biznes və hüquq ixtisası üzrə təhsil alır.

Dekabr ayında “The Guardian” qəzetinə danışan G.Kərimova bildirmişdi ki, anası ilə bacısı atasının ona qarşı hərəkət etməsi üçün razılığa gəliblər. Fevral ayında isə “Tvitter” hesabında hakimiyyətin zirvəsində və ailədə narahatlıq olduğunu bildirmiş və bu onun ətraf aləmlə əlaqəsinə son qoymuşdu. Daim qərbsayağı tədbirlərdə iştirak edən G.Kərimova ümumiyyətlə yoxa çıxdı. Şayiələr dolaşdı ki, prezident İsveçrədə ailə üzvlərinin şəbəkəsi barədə aparılan araşdırmadan qəzəblənib və buna görə məsuliyyəti böyük qızının üzərinə qoyur.

İ.Kərimovun bacısı İman Britaniya məktəbində təhsil alırdı. İndi isə o, Britaniyaya qayıda və təhsilini davam etdirə bilmir. Onun sözlərinə görə, axırıncı dəfə martda anası ilə əlaqə saxlaya bilib. İslam yalnız anonim nömrələrdən bir neçə dəfə mesaj aldığını bildirib.

Kiçik Kərimovun sözlərinə görə, dekabr ayının ortalarında Britaniya universitetində birinci semestri bitirərək Daşkəndə yola düşüb. O, həmişə öz ad gününü 22 dekabrda ailəsi, həmçinin dövlət başçısı ilə birlikdə keçirir. Ancaq silahlı insanlar onu və bacısını bu dəfə prezident iqamətgahına buraxmadılar. Bundan əvvəl isə İ.Kərimovun avtomobili mühafizə postunda saxlanılmışdı. Yarı yolda isə nənəsinin baş mühafizəçisi ona və bacısına xəbərdarlıq etdi ki, təcili olaraq qayıtmağa məcburdur. Onlara yoluna davam edəcəyi halda snayperlə vurula biləcəyi barədə xəbərdarlıq olunub.

Nəhayət, yanvarın 2-də onlara xəbər verdilər ki, prezident gözdən düşmüş qızı ilə görüşməyə hazırdır. Kiçik Kərimov və anası vəziyyəti düzəltmək üçün prezidentlə görüşə yola düşüb. Görüşdə prezidentin xanımı Tatyana Kərimova da iştirak edirdi.

“O vaxt biz sonuncu dəfə görüşürdük. Biz vəziyyəti təfərrüatı ilə izah etməyə çalışırdıq ki, əslində nə baş verir, amma sözümüzü kəsdilər. Bu yüksək səs, göz yaşları və mübahisələrlə dolu emosional görüş idi”, - nəvə Kərimov bildirib.

Onun Böyük Britaniyaya qayıtmasından sonra anası ilə birlikdə onlarla insan həbs edildi. Xüsusi xidmət orqanları kiçik Kərimovun dörd mühafizəçisini saxladılar. Mart ayında BBC-nin müxbiri G.Kərimovun əlliyə yaxın mesajını almışdı. Gülnarə ona qarşı qəddar rəftardan danışırdı. “Mən güclü psixoloji təzyiq altındayam, məni vururlar”, - mesajlardan birində deyilirdi.

Ölkədə gələn il növbəti prezident seçkiləri keçməlidir. Xəstələnən Kərimovun varisi olmadığı üçün müxtəlif qruplaşmalar hakimiyyət uğrunda gizli mübarizəyə qoşulub. Hərçənd Kərimova özünü atanın təbii varisi olaraq görürdü. Amma onun böyük biznes-imperiyası ailə üzvləri üçün böyük təhlükəni təqdim edirdi. G.Kərimova dekabr ayında “The Guardian” qəzetinə müsahibəsində ona qarşı ölkənin xüsusi xidmət orqanlarının sui-qəsd cəhdinin olduğunu bildirmişdi.

“Mən anlamaqda çətinlik çəkirəm ki, bu günə qədər sənə yaxın olan insanlar xəyanət edə bilərlər. Amma hər şey dəyişir, hər şey pul, siyasətə və ya hakimiyyətə aiddir. Paxıllıq və qısqanclıq həmişə sülhə maneədir, hətta ailənin daxilində”, - G.Kərimova deyirdi.

G.Kərimovanın bacısı Lola Özbəkistanın YUNESKO-dakı daimi nümayəndəsidir və Cenevrədə yaşayır.

Prezident İslam Kərimov reallıqdan uzaqlaşıb. O, nadir hallarda səyahət edir. Özü də keçmiş sovet respublikalarına. O, heç vaxt jurnalistlərin suallarına cavab vermir. Özbəkistanın əhalisinin əksəriyyəti yoxsul yaşayır, korrupsiya çiçəklənir və pambıqçılıqda uşaq əməyindən kütləvi şəkildə istifadə olunur. Ötən il prezident nadir çıxışlarından birində Rusiyaya qazanc dalınca gedən əmək miqrantlarını sərt tənqid etdi və vətənində iş axtarmayanları tənbəl adlandırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm