Yenidən orduda: Rusiya çeçenləri müharibəyə hazırlayır
Bizi izləyin

Dünya

Yenidən orduda: Rusiya çeçenləri müharibəyə hazırlayır

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Çeçenistan Respublikasından hərbi çağırışı bərpa edib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bildirib.

R.Kadırov qeyd edib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Çeçenistan Respublikasından 500 nəfərin orduya çağırışı barədə qərar qəbul edib. Çeçenistan Respublikasının prezidenti qərarın onların xahişi ilə qəbul olunduğunu və çağırışçıların sayı artacağını ifadə edib.

Bu ilin avqust ayında R.Kadırov Çeçenistan Respublikasının sakinlərinin Rusiya ordusuna hərbi xidmətə çağırılmamasından narazılığını dilə gətirib. Avqustun ortalarında polkovnik Əhməd Ceyraxanov Çeçen Respublikasının hərbi komissarı təyin edilib.

“Mən Əhməd Ceyraxanova bu problemin həlli ilə məşğul olmağı və orduya çağırışa nail olmağı tapşırdım. Çeçenlər Rusiya vətəndaşlarıdır və heç kim onları vətənin müdafiəçisi olmaq imkanından məhrum etmək hüquqlarına malik deyil”, - Kadırov vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin qərarını Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin müsbət qiymətləndirib: “Beləliklə, Çeçenistan Respublikası Rusiya Federasiyasının hüquq sahəsində qismən qayıdır. Mövcud qaydalar Çeçenistan Respublikasını Rusiyanın digər regionlarından ayırırdı”.

Xatırladaq ki, Çeçenistan Respublikasından son hərbi çağırış 1990-cı illərin əvvəllərində olub. Çeçenistan müharibəsinin başlanması ilə respublikadan orduya hərbi çağırış tamamilə dayandırılıb. Çeçenlər hazırda Rusiya Daxili İşlər Nazirliyinin respublika ərazisində yerləşdirilmiş bölmələrində hərbi xidmət keçirlər.

Müstəqil ekspertlər isə çeçenlərin orduya yenidən cəlb edilməsini Ukraynaya qarşı aparılan müharibə ilə izah edirlər. Təsadüfi deyil ki, Donbasda Ukrayna ordusuna qarşı çeçenlərdən təşkil olunan xüsusi hərbi bölmələrin olduğu barədə xəbərlər kifayət qədərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm