Şotlandiya Britaniyadan ayrılmamağa səs verdi
Bizi izləyin

Dünya

Şotlandiya Britaniyadan ayrılmamağa səs verdi

Böyük Britaniyanın Şotlandiya əyalətinin müstəqilliyinə dair 18 sentyabr referendumunda qeydə alınmış ilkin nəticələrə görə müstəqilliyə “yox” deyən düşərgə qələbə qazanıb.

Səslərin müstəqillik əleyhinə 55-45 faiz nisbətində bölündüyü bəlli olub.

Əyalətin paytaxt şəhəri Edinburqda isə müstəqillik əleyhinə səs verənlər böyük faizlə üstünlük əldə ediblər.

Əyalətin ikinci ən böyük şəhəri olan Qlazqoda və Dandi şəhərində müstəqilliyə səs verənlər 53-47 faiz nisbətində qalib gəlsələr də, demək olar, bütün başqa seçki dairələrində “Yox” düşərgəsi uğur qazanıb.

Cəmiyyət bölünüb

Bununla belə, ümumilikdə “yox” və “hə” səslərinin arasındakı fərq təxminən 200 mindən bir qədər çoxdur və bu, Şotlandiya cəmiyyətinin müstəqillik barəsində az qala bərabər iki cəbhəyə bölündüyünü nümayiş etdirir.

Təhlilçilərin fikrincə, innən belə əyalətdə millətçilərlə loyalistlər arasında münasibətlərin daha da kəskinləşəcəyi gözlənilir.

Şotlandiyaya daha geniş muxtariyyət veriləcək

Britaniya mətbuatı yazır ki, Birləşmiş Krallığın bütövlüyünün qorunması son anda ölkənin bütün siyasi partiyalarının güclü həmrəy mövqedən çıxış etməsi nəticəsində mümkün olub.

Hakimiyyət koalisiyasında olan mühafizəkarlar və liberal-demokratlar, habelə müxalif leyboristlər yaxın gələcəkdə Şotlandiyaya daha geniş muxtariyyət vəd ediblər.

Ekspertlər bildirirlər ki, bu, sadəcə vəd olaraq qala bilməz və London, həqiqətən də, Şotlandiyaya və Şotlandiya parlamentinə daha geniş səlahiyyət və hakimiyyət verməli olacaq.

BP Britaniyanın bütövlüyünə töhfə verdi

Bu da qeyd olunmalıdır ki, müstəqllik əleyhinə ən çox səs Şotlandiyanın neft sənayesinin cəmləşdiyi regionlarında, o cümlədən BP-nin baş qərargahı yerləşən Aberdin şəhərində qeydə alınıb. Aberdində müstəqilliyə səs verənlərin faizi 60 olub.

18 sentyabr referendumuna bir həftə qalmış BP başda olmaqla bir çox iqtisadiyyat və kommersiya nəhəngləri Şotlandiya müstəqil olarsa, əyaləti tərk edəcəklərini bildirmişdilər.

Başqa bir maraqlı fakt budur ki, Şotlandiya referendumu səs verənlərin sayına görə müharibədən sonrakı dövrdə Britaniya üçün rekord olub.

Bu referendumda elektoratın 87 faizindən çoxu iştirak edib.

Kameron xilas oldu

Şərhçilər bildiriblər ki, referendumun nəticələri baş nazir Deyvid Kameronun, nəhayət, rahat nəfəs almasına imkan verəcək. Bəzi təhlillərdə Şotlandiya ayrılarsa, onun vəzifəsindən istefa verəcəyi bildirilirdi.

Bu gün az sonra Deyvid Kameronun Britaniya parlamentində çıxış edəcəyi gözlənilir.

Qərb məmnun, Rusiya məyus olacaq

Beynəlxalq aləmdə Britaniyanın parçalanması əleyhinə olan başlıca qüvvə Birləşmiş Ştatlar idi. Prezident Barak Obama şortlandlara müraciət edərək Britaniyanın bütövlüyünü qorumağa çağırmışdı.

Əksinə, son vaxtlar qonşularının ərazisində separatçılıq bayrağını ucaltmış Rusiyada Şotlandiya referendumunun nəticələri çoxlarını məyus edəcək.

Son günlər Rusiya mediası Şotlandiyanın müstəqlliyinə müsbət yanaşan materiallarla çıxış edirdi.

Təhlilçilərin fikrincə, Şotlandiyanın Britaniyadan ayrılmasının ciddi beynəlxalq nəticələri olacağı gözlənilirdi.

Belə.ki, Şotlandiyanın Millətçi Partiyası referendumda qalib gəldiyi təqdirdə əyalətin NATO-dan çıxacağını və nüvə başlıqlı raketləri olan Britaniya sualtı qayığı “Trident”in öz sahillərindən çıxarılacağını elan etmişdi.

Bu sualtı qayıq Qərbin və NATO-nun Rusiyadan gələn təhlükələrə qarşı cəbhəsində son dərəcəli önəmli hərbi obyekt sayılır.

Rəsmi Bakı üçün yaxşı nəticə

Şotlandiya referendumunun nəticələri rəsmi Bakı üçün də əlverişli sayıla bilər.

Özü separatçılıqdan əziyyət çəkən Azərbaycan beynəlxalq aləmdə daha bir presendtin baş verməsini istəməzdi.

Referendumun nəticəsi Azərbaycanda ən böyük investor olan BP-nin də ürəyincə olub.

Edinburqdan məxsusi olaraq Publika.az üçün

Zülfüqar Rüfətoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm