“Ukraynada məğlub olarsa, o, hakimiyyətdən devriləcək” – Müsahibə
Bizi izləyin

Dünya

“Ukraynada məğlub olarsa, o, hakimiyyətdən devriləcək” – Müsahibə

Andrey Piontkovski rusiyalı politoloq, jurnalist və siyasətçidir. Rusiya hakimiyyətinin daxili və xarici siyasətini kəskin tənqid edənlərdən biridir.

Publika.az-ın verdiyi xəbərə görə, rusiyalı politoloq Litva səfərində delfi.lt saytına verdiyi müsahibədə bu tənqidləri davam etdirib.

Krımda keçirilən referendumdan təxminən bir ay əvvəl - 21 fevral 2014-cü ildə Litva milli radiosu və televiziyanın internet portalına müsahibə verən Piontkovski Krımın zəbt edilməsi ehtimalını dilə gətirdi. “Kreml Ukraynanı parçalamağa və Krımı zəbt etməyə çalışır. Amma Qərb Rusiyanı saxlaya bilmir, çünki ABŞ prezidenti Barak Obama Avropa İttifaqının siyasətçiləri kimi onurğasızdır”, - deyə o bildirmişdi.

Piontkovski 14 martda 2014-cü ildə “Son mərhələ” adlı məqaləsində Rusiyanın Krımın zəbt etməsindən yenidən danışdı. O, bu ayın əvvəlində bəyanat verərək Moskvadan təcavüzkar macəraya son qoymağı, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və separatçılara hərbi dəstəyi dayandırmağı tələb etdi.

O, delfi.lt saytına müsahibədə Ukrayna ilə bağlı siyasətinə görə Moskvanı tənqid edib, Qərbi isə Rusiya təhlükəsi barədə xəbərdar edib. A.Piontkovski bildirib ki, əgər Ukraynada Putinin “rus dünyası” konsepsiyasının icrası dayandırılmasa, o halda dünya nüvə müharibəsinə hazırlaşmalıdır. Onun sözlərinə görə, Rusiyanı dayandırmaq üçün hələlik iqtisadi və siyasi metodlar var. O, Putinin Ukraynada məğlub olacağı halda devriləcəyini qeyd edib. Rusiyalı politoloq Rusiyanın Ukraynada dayandırılmayacağı halda növbəti hədəfin Baltikyanı ölkələr olacağını söyləyib.

Rusiyalı politoloqun delfi.lt saytına verdiyi müsahibəni ixtisarla təqdim edirik.

- Avropa Birliyi ilə Ukraynanın assosiativ razılaşması Qərbin müvəffəqiyyəti idimi?

- Polşa xarici işlər naziri Sikorskinin son bəyanatını oxudum. O deyir ki, Rusiya Ukrayna və Avropa Birliyinin təzyiq altında Rusiya geri çəkildi. Bu məğlubiyyət simvolikdir. Əgər siz Rusiyanın təbliğatını izləyirsinizsə, görərsiniz ki, müharibə təbliğatı aparılır. Putin hələ bir il əvvəl Avropa Birliyi-Rusiya-Ukrayna üçtərəfli danışıqlardan danışırdı. Merkel çox sərt cavab verdi ki, bu bizim ikitərəfli münasibətlərimizdir və üçüncü tərəf lazım deyil. Bundan sonra Putin Krımı zəbt etdi və Avropa Birliyi onun bir il əvvəlki tələbi ilə razılaşır. Sülh razılaşması tamamilə Ukraynaya lazım idi. Ukrayna Donbas hövzəsində məğlubiyyətə uğrayırdı, çünki Putin artıq nizami qoşununu bura yeritmişdi. Gizlətməyək ki, Donbas əhalisinin otuz faizi “rus dünyası” ideyasını dəstəkləyirlər və Rusiya qoşunlarından başqa real üsyançılar da var. Onları sındırmaq üçün isə şəhərlərdə döyüşlər aparmaq lazımdır və nəticədə dinc əhali məhv olacaq. Bütün bunlar isə Ukrayna hakimiyyəti üçün əlverişsizdir. Maraqlıdır ki, Putin hazırda Ukraynanın ərazi bütövlüyünün ən qızgın tərəfdarıdır. Əlbəttə ki, Krımdan başqa. Ona Donbasın Rusiyaya birləşməsi lazım deyil, əksinə, Donbas xərçəng şişinə çevrilməsi üçün Ukraynada qalmalıdır. Putinə lazımdır ki, Ukrayna onun iradəsinə tabe olsun. Daha bir nüans var. Putin bir tərəfdən hərbi güclə təzyiq göstərir, digər tərəfdən isə Avropa Birliyi ilə münaqişədən qorxur. Putinə əlavə problemlər lazım deyil. Amma fikrimcə, Avropa kimlə qarşılaşdığını hələ anlamır. Hesab edirəm ki, Putin növbəti tələb Krımla bağlı olacaq. Krımda vəziyyət ağırdır, qış yaxınlaşır və onu təchiz etmək lazımdır. Rusiya Ukraynadan bunu tələb edəcək.

- Kreml artıq Baltikyanı ölkələrdə rusdillilərin müdafiəsi haqqında danışır. Bu məsələyə necə baxırsınız?

- Ukraynada baş verənlər qlobal layihənin hissəsidir və bunu Putin də gizlətmir. O, 17 mayda Krımda etdiyi məşhur nitqində “rus dünyası” konsepsiyası irəli sürdü. Putin etnik rusları harad olmasından asılı olmayaraq müdafiə edəcəyini bildirdi. Və Krımdan sonra növbəti hədəfin “Novorossiya” olduğunu dedi. Ukraynanın səkkiz vilayəti “Novorossiya” adlandırıldı. Təbii ki, növbəti hədəf rus azlığı olan Baltikyanı ölkələridir. Baltikyanə ölkələrində rusların vəziyyəti ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını yada salmağa dəyər. Ukrayna müharibəsi də etnik rusların hüquqları barədə narahatlıqdan başlandı. Putin deyib ki, SSRİ-in dağılması iyirminci əsrin ən böyük geosiyasi faciəsi idi. Budur, Putin keçən əsrin qisasını iyirmi birinci əsrdə almaq istəyir.

Mən Hitlerlə Putini müqayisə etmirəm. Əgər belə olsaydı, mən indi sizinlə oturmazdım və sabah Moskvaya qayıda bilməzdim. Çünki genişmiqyaslı repressiyalar istənilən vaxt başlana bilər. Amma xarici siyasətdə paralellər o qədər aşkardır ki, Kreml təbliğatçılarından biri Putinin hərəkətlərinin Hitlerin hərəkətlərinə çox oxşar olduğunu bildirib. Hitler Birinci Dünya Müharibəsindəki məğlubiyyətin qisasını almaq istəyirdi. Putin üçün isə bu “soyuq müharibə”dəki məğlubiyyət üçün qisasdır. Onun təbliğatçıları həm də deyirlər ki, biz dördüncü dünya müharibəsini aparırıq, Ukrayna ilə vuruşmuruq, biz ABŞ-la vuruşuruq, rus dünyası anqlosaks dünyası ilə vuruşur. Budur Kremlin konsepsiyası.

- Putin Baltikyanı ölkələrə nə vaxt girə bilər?

- Hər şey Ukrayna döyüşündən asılı olacaq. Əgər Putin müvəffəqiyyət qazanarsa, yəni Ukraynanı tamamilə tabe edə bilsə və onun Avropa vektorunu dəyişdirə bilsə, növbəti hədəf Baltikyanı ölkələr olacaq. Putinin başı hələ ki Ukraynaya qarışıb. Amma siz Qərb dostlarınıza izah etməlisiniz ki, Putinin təmiz iqtisadi və siyasi vasitələrlə dayandırılması imkanı var. Heç kim Qərbin hərbi iştirakını gözləmir. Amma bu o vaxta kimi davam edəcək ki, “yaşıl adamcığazlar” Baltikyanı ölkələrdə referendum keçirəcək. Qərb isə öz öhdəliklərini yerinə yetirmək üçün nüvə dövləti ilə vuruşmalı olacaq. Təbii ki, Rusiya müəyyən yolla nüvə şantajından istifadə edəcək. Bu dəhşətli ssenaridən qaçmağın yeganə yolu Ukraynada Putinin layihəsinə qalib gəlməkdir.

- Sizcə, Qərbin sanksiyaları hansı nəticələr verəcək?

- Əlbəttə, milyarderlər nəhəng pullar itirirlər. Onlarda sual yaranır, niyə biz bütün bunlara bir insanın ambisiyalarına görə dözməyə məcburuq? Vəziyyətdən çıxmaq üçün xalqa hakimiyyəti qanuniləşdirən hansısa mifologemanı təqdim etmək lazımdır. “Rus dünyası” proqramı məhz bu miflərdən biridir. Putinin ətrafı da imperialist düşüncə ilə yoluxdurulub.

“Rus dünyası” kimi təhlükəli bir konsepsiyanı məğlub etmək çox əhəmiyyətlidir. Çünki o, bizi yalnız dünya müharibəsinə deyil, nüvə müharibəsinə gətirib çıxaracaq. Çünki Rusiya iqtisadi baxımdan Qərbdən daha zəifdir, silah baxımından da ABŞ, bütövlükdə NATO-dan daha zəifdir. Deməli, Putin müharibədə qalib gəlməyə hazırlaşırsa, nüvə silahı ilə şantajdan istifadə edərək Qərbi geri çəkilməyə məcbur etmək istəyəcək. 1930-cu illərin məsələsini xatırlayın: “Siz Qdansk üçün ölməyə hazırsınızmı?” Mənim məqalələrimdən biri belə adlanır: “Siz Narva üçün ölməyə hazırsınızmı?" Avropalılar və amerikalıların əksəriyyəti “yox” deyəcəklər. Putin qalib gəlmək üçün hər şeyi etməyə hazırdır. Əgər o, Ukraynada məğlub olarsa, hakimiyyətdən devriləcək. Bu vəziyyət mənə Stalinin həyatının son aylarını xatırladır. O, üçüncü dünya müharibəsinə hazırlaşırdı. Tarixçilərin əksəriyyəti hesab edirlər ki, o, məhz özünün ətrafı tərəfindən aradan götürülmüşdü. Əgər Qərb nüvə müharibəsi səviyyəsində Estoniyada Putinlə qarşılaşmaq istəmirsə, onu Ukraynada dayandırmaq lazımdır. Bunun üçün bütün imkanlar var. Hətta sanksiyalar Rusiya iqtisadiyyatı üçün çox ağırdır. Avropalılar müharibədən qorxurlar. Amma onlara bu əlaqəni izah etmək lazımdır ki, Putinə Ukraynaya sahib olmağa icazə verərlərsə, o, Baltikyanı ölkələrdə də qalib gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm