550 min insan Ebolaya yoluxacaq - SOS
Bizi izləyin

Dünya

550 min insan Ebolaya yoluxacaq - SOS

Ebola virusuna yoluxanların sayı dörd aydan sonra, yəni 2015-ci ilin yanvar ayının sonuna qədər 100 dəfə artaraq 550 minə çatacaq. Publika.az-ın məlumatına görə, bu barədə Bloomberg xəbər verib.

Dəhşətli statistika ilə bağlı təsdiqlənməmiş məlumatı isə ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzi yayıb. Mərkəz əməkdaşları hesab edirlər ki, əgər bu xəstəliklə ictimai şəkildə mübarizə aparılmasa, yaxın zamanda Ebola yüz minlərlə insanın həyatını məhv edəcək. Hazırda mərkəz vurisa qarşı mübarizə üçün tədbirlər hazırlayır. Bu barədə mərkəzin rəsmi nümayəndəsi Barbara Reynolds məlumat verib.

Bir neçə gün öncə ABŞ prezidenti Barak Obama rəsmi şəkildə bəyan etmişdi ki, Ebola virusu artıq nəzarətdən çıxır. Virusun qurbanlarının sayı isə 10 minlərlə ola bilər. Daha əvvəl isə Vaşinqtonun Qərbi Afrikaya virusla mübarizə üçün üç min əsgər göndərəcəyi ilə bağlı məlumat yayılmışdı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda ən çox yoluxma halları Liberiya, Serra-Leon, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda yayılıb. Yoluxanların 53%-i ölümlə nəticələnir. ÜST-nin məlumatına görə, Ebolaya yoluxanların sayı Qərbi Afrikada 5335 nəfərdir. 2014-cü ilin əvvəlindən bu xəstəlikdən ölənlərin sayı ən azı 2622 nəfər olub.

Hələ ki, bu virusa qarşı vaksin mövcud deyil.

Bir qədər əvvəl ABŞ Ebola virusu ilə mübarizəyə 1 milyard dollar xərcləməyi planlaşdırdığını bəyan etmişdi.

Qeyd edək ki, Ebola virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara regionunda və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya əsasən, mərkəzi və qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə bu ilin martından etibarən qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada başlanıb.

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.

Virusun yayılmasına gəlincə isə, Ebola virusu insanlara əsasən qan və digər bədən daxili mayelər, eləcə də, virus daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri virus daşıyıcısı ola bilər;

- Ebola insandan insana qan və digər bədən daxili mayelərlə əlaqə yolu ilə keçir;

- Dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də virusa yoluxmaq mümkündür;

- Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anıyla xəstəliyin əlamətlərinin müşahidəsi arasındakı müddət) 2 gündən 21 gün arasında dəyişə bilir;

- Qanlarında və daxili əzalarında virus daşıdıqları müddətcə insanlar infeksiya daşıyıcısı hesab olunur;

İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qaraciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.

Virusa yoluxmamaq üçün ferma və təsərrüfatları tez-tez təmizləmək və dezinfeksiya tədbirləri görmək; heyvanlara yalnız əlcək və qoruyucu geyimlər geyindikdən sonra toxunmaq, ət məhsullarını yaxşıca qaynatdıqdan sonra yemək; hər hansı heyvanın virusa yoluxması məlum olan kimi dərhal ilkin təhlükəsizlik tədbirləri görmək, yoluxmuş heyvanları yaşayış yerlərindən təxliyyə etmək; Ebola virusuna yoluxmuş insanlarla ünsiyyətdən çəkinmək və zəruri hallarda qoruyucu geyimlərdən istifadə etmək; viruslu xəstələrin müalicəsindən və ziyarətindən sonra əlləri yaxşıca yumaq; virusa yoluxma halı hiss edilən kimi dərhal aidiyyəti hökumət qurumlarına məlumat vermək; virus qurbanları təcili olaraq təhlükəsiz şəraitdə dəfn edilməli və cəsədə birbaşa toxunmaqdan çəkinilməlidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm