İrəvan-Tehran iqtisadi əməkdaşlığı: Niyyətlər və ammalar
Bizi izləyin

Dünya

İrəvan-Tehran iqtisadi əməkdaşlığı: Niyyətlər və ammalar

Tehran və İrəvan İran qazının Ermənistana çatdırılması üzrə danışıqları aktivləşdirib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi deyib.

Onun sözlərinə görə, İran-Ermənistan birgə hökümətlərarası komissiya İran qazının Ermənistan vasitəsilə Qərbə tranziti imkanlarını araşdırır. Səfir xatırladıb ki, yaxın vaxtlarda iki ölkə nümayəndələri azad ticarət zonasının yaradılması üzrə məsələləri müzakirə edib. M.Rəisi həmçinin bildirib ki, İran qazının Ermənistan üzərindən Qərbə ixracı müzakirə olunan yeganə məsələ deyil. O, iki qonşu ölkə arasında əməkdaşlıq imkanları daha böyük olduğunu, müxtəlif sferalarda qarşılıqlı əlaqələrin dərinləşməsi üçün hökümətlərarası komissiyanın işlədiyini deyib. İran İslam Respublikasının Ermənistandakı diplomatik missiyasının başçısı danışıqların təfərrüatlarından danışmayıb.

Erməni ekspertləri isə İran qazının Ermənistan üzərindən Qərbə ixracı imkanlarına şübhə ilə yanaşırlar.

“İran və Ermənistan arasında hansı məsələlərin danışıqlara daxil edildiyini demək çətindir. Qaz layihəsinə gəlincə, düşünürəm ki, hazırda bu, qeyri-mümkündür. Onun reallaşdırılması maliyyə, həm də siyasi xarakter kimi böyük çətinliklərlə bağlıdır. İrandan Ermənistana qaz hazırda barter sxemi üzrə hərəkət edir. İrandan alınan qaz Ermənistanın enerji şəbəkəsinə yönəlir, əvəzində isə İrana elektrik enerjisi çatdırılır”, - deyə İrəvan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan arasında energetika sxemləri barəsində vaxtaşırı ekspertlər səviyyəsində müzakirələr keçirilir. Lakin A.İsgəndəryan bu layihələrin məhsuldar görünmədiyini vurğulayıb. A.İskəndəryan həmçinin qeyd edib ki, Tehran və İrəvan münasibətlərində bir qədər canlanma müşahidə olunur: “Ermənistan ticarət balansının təxminən üçdə biri məhz bu ölkə ilə bağlıdır. Ölkələr arasında siyasi münasibətlər kifayət qədər yaxşıdır. İqtisadi əlaqələr daha geniş ola bilərdi. İran və Ermənistan arasında xüsusi problem yoxdur, amma əməkdaşlığın genişləndirilməsi Qərblə Tehranın münasibətlərinin spesifikasına söykənir. Buna görə də əhəmiyyətli dəyişikliklər haqqında danışmaq hələ tezdir”.

İran və Ermənistan iqtisadi əlaqələri yaxınlaşdırmaq üçün dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də bir sıra böyük layihələrin həyata keçirilməsi barədə niyyət protokollarını imzalayıb. Belə ki, Ermənistandan İrana yeni yüksəkgərginlikli elektrikötürmə xətti çəkilməli idi. Əks istiqamətdə neft kəmərinin çəkilməsi, həmçinin İran-Ermənistan sərhədində neft emal edən zavodu tikmək planlaşdırılırdı. İki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsindən söhbət gedirdi. Və nəhayət, İran Ermənistana özünün avtomobil yollarından, həmçinin Xəzər dənizindəki Ənzəli və Fars körfəszindəki Benderabbas limanından sıfır tranzit haqqı ilə istifadə barədə təklif verib.

“Noravank” Strateji Tədqiqatlar Fondunun direktor müavini, iranşünas Sevak Saruxanyan bu layihələrin reallaşdırılmasında əsas maliyyə yükünün Tehranın üzərinə düşdüyünü, amma Qərbin sanksiyalarının İranı puldan məhrum etdiyini bildirib: “Buna görə də sözügedən layihələr həyata keçirilmədi. Bu layihələrdən dəmir yolunun tikintisi İran üçün ən aktualdır. Amma o da Ermənistan üçün mənasını tamamilə itirə bilər. Analoji İran-Azərbaycan layihəsinin reallaşdırması haqqında söhbətlər gedir. Qəzvin-Rəşt- Astara dəmir yolu Azərbaycanla İranın dəmiryollarını birləşdirəcək və Tehran üçün aktual olan Rusiya və gürcü limanlarına çıxış məsələsi Ermənistansız həll ediləcək. Abxaziyadan keçən dəmir yolu işləsəydi, İran üçün erməni dəmiryolları ilə birləşmək xüsusi məna kəsb edərdi. Amma hələlik bu yoxdur”.

İranşünasın fikrincə, azad ticarət zonasının yaradılması layihəsi icraata ən yaxın olan layihədir. Amma erməni ekspert problemlərin də olduğunu diqqətə çatdırır: “Düzdür, burada da sual yaranır ki, azad ticarət zonası Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə necə uyğunlaşdırılacaq. Azad ticarət zonasını belə təqdim etmək lazım deyil ki, İran malları rüsumlarsız Avrasiya İqtisadi İttifaqı bazarına hərəkət etməyə başlayacaq. Azad ticarət zonası Ermənistan-İran layihəsidir. Bu halda isə Ermənistandan Avrasiya İttifaqı bazarlarına hərəkət edən istənilən İran məhsuluna müvafiq rüsumla vergi qoyulacaq”.

Ermənistan ekspertləri hesab edir ki, İrəvan ötən ilin sentyabr ayında Rusiyanın sahibi olduğu Gömrük Şurası seçməklə özünü daha çətin vəziyyətə saldı. Qeyd olunur ki, İrəvan ətrafında baş verən prosesləri sadəcə olaraq müşahidə etməklə məşğuldur. Erməni mediası da ölkəsi ilə bağlı yaranmış xoşagəlməz vəziyyətin fərqindədir. Ermənistanın “Lragir” qəzeti bu qənaətdədir ki, Ermənistan ətrafında proses gizli şəkildə inkişaf edir. “Lragir” yazır ki, regionda baş verən proseslər Ermənistan üçün də faydalı ola bilərdi. Amma erməni nəşri Ermənistan qarşısında əsas maneənin Avrasiya İqtisadi İttifaqının yaradılması olduğunu bildirir:

“Ermənistan və Gürcüstan İranın Avropa ilə əlaqəsinin ən optimal üsuludur. Ancaq Ermənistanda sovetləşmənin ikinci mərhələsi başlayıb. Moskva onu təcrid edərək İrana və Avropa üçün Türkiyə və Azərbaycan variantını saxlayıb. Moskva İran neft və qazının Ermənistan vasitəsilə Avropaya çatdırılmasına maneə olur. Rusiya artıq İran qazının Ermənistanla tranzitini qadağan edib və “yad” neftə əlavə rüsumları tətbiq etməyə hazırlaşır. Rusiya Ermənistana Avropa İttifaqının azad ticarət zonasına daxil olmağa icazə vermədi. Bütün bunlar Ermənistanı barıt çəlləyinə çevirir. İran qazı Azərbaycan-Türkiyə xətti ilə axarsa, Ermənistan “partlaya” bilər”.

Qeyd edək ki, “Lragir” qəzeti bundan əvvəlki yazıların birində də regionda baş verən proseslərin Ermənistanın əleyhinə olduğunu qeyd etmişdi. “Azərbaycan öz saatını gözlədi və qazandı” başlıqlı yazıda Cənubi Qafqazda yerləşən vassal ölkə olan Ermənistanın yalnız faydasız deyil, həm də Rusiyanın hərbi bazası fonunda olduqca təhlükəli olduğunu bildirilirdi.

“Lragir” vassal ölkələrin adının Qərbin partnyorları siyahısından silinəcəyini, Cənubi Qafqaz iki dövlətdən -Gürcüstan və Azərbaycandan ibarət olacağını yazmışdı.

“Hazırda Cənubi Qafqazda yeni geosiyasət ağlasığmaz xarakter kəsb etməyə başlayıb və bu ssenari artan xətt üzrə inkişaf edəcək. Bu yeni vəziyyətin əsas iştirakçısı Azərbaycan olacaq və artıq olub. Azərbaycan uzun vaxt idi ki, beynəlxalq siyasətdə üç istiqamət üzrə fürsət gözləyirdi: Birincisi, ABŞ və NATO Türkiyə-Azərbaycan hərbi ittifaqını bəyəndi, Qərb cəmiyyətinin maraqlarına əsaslanaraq bu ittifaq qanuni oldu, ikincisi, Cənubi Qafqazda rus vassalının iddialarının tanınması tamamilə məhdudlaşdırıldı, üçüncüsü, Rusiyanın Azərbaycana qarşı ekspansiyası tanınmış oldu və Qərb Azərbaycana bu ekspansiyanın dəf edilməsində kömək göstərməyə hazırdır”, - erməni nəşri qeyd etmişdi.

Ermənistanın energetika nazirinin müavini Aleq Qalstyanın bir müddət əvəvl verdiyi bəyanat da ölkənin xarici siyasəti ilə reallığı bir daha göstərmiş oldu: İrəvan xarici siyasəti ilə bağlı bütün qərarları Moskvanın diktəsi ilə qəbul edir. Nazir müavini bildirib ki, Ermənistan-İran ikinci elektrik ötürücü xəttinin çəkilişi layihəsinin icrası dayandırılıb. A.Qalstyan bunu layihəni maliyyələşdirən bankın sanksiyalara məruz qalması ilə izah edib. Amma erməni ekspertləri bunun başqa səbəblərinin olduğu qənaətindədir. Ermənistan Gömrük Şurasına üzv olduqdan sonra İrana elektrik enerjisini satıb-satmayacağına gəlincə, nazir müavini qeyri-müəyyən cavabı verdi: “Mövsümi mübadilə ola bilər”.

“Ermənistan İranda alınan qaza əvəz olaraq elektrik enerjisini verir. İranın nümayəndələri son zamanlar açıq şəkildə bildiriblər ki, Ermənistanın elektrik enerjisi onlara lazım deyil, elektrik enerjisini də qarşı tərəfə qaz lazım olduğu üçün alırlar. Əgər Ermənistan İrana elektrik enerjisini verməyə dayandırmağa hazırlaşırsa, deməli, İran qazını almaq niyyətində deyil”, - A.İskəndəryan vurğulayıb.

Erməni ekspertləri qeyd edir ki, Moskva faktiki olaraq, yalnız Ermənistan və Gürcüstan vasitəsilə İran qazının Avropaya ixracını bloklamır, eyni zamanda Ermənistana İrandan qaz almağı qadağan edir. Xususi olaraq İranın qazını Rusiya ilə müqayisədə Ermənistana daha ucuz satdığı vurğulanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm