Ərdoğan: “Gülən üçün qırmızı bülleten çıxarıla bilər”
Bizi izləyin

Dünya

Ərdoğan: “Gülən üçün qırmızı bülleten çıxarıla bilər”

Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti Obamadan təhvil almaq istədiyi Fətullah Gülən haqqında qırmızı bülleten çıxarıla biləcəyini deyib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, ABŞ-da Xarici Əlaqələr Konseyində danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalıları dövlət içində dövlət qurmaq istəyənlərə qarşı xəbərdar edib. Daha sonra toplantının mediaya qapalı hissəsində o, ABŞ prezidenti Obamadan təhvil verilməsini istədiyi Fətullah Gülən haqqında qırmızı bülleten çıxarıla biləcəyini deyib.

Türkiyənin xəbərdarlıqları ciddiyə alınmadı

Ərdoğan bildirib: “Türkiyənin ərəb dünyası ilə əlaqədar illər əvvəl dediyi sözlər ciddiyə alınmadı. Suriyada böhranın başladığı anlarda həm Bəşər Əsədi, həm də dünyanı səmimi bir şəkildə xəbərdarlıq elədik. Təəssüflər olsun ki, sözlərimizə diqqət ayrılmadı və acı nəticə ortaya çıxdı. Modern dünyanın laqeydliyi nəticəsində Suriya böhranında yüz minlərlə məsum insan həlak olub, altı milyona yaxın insan yerini dəyişməyə məcbur olub, bu, getdikcə faciəvi hal alan tragediyaya çevrilib”.

Terrorla çiyin-çiyinə ola bilmərik

Türkiyəni terrorla çiyin-çiyinə göstərmək istəyənlər var. Xüsusən də, ABŞ-dakı bəzi yayım orqanları Türkiyəni hədəfə alıb. Məhz İŞİD məsələsində bəzi media orqanları tərəfindən son dərəcə haqsız xəbərlərə obyekt oluruq. Hər hansı bir terror təşkilatına dəstək verməyimiz qətiyyən mümkün deyil. O qədər vicdansız, o qədər qaynağı olmayan iftiralar atırlar ki... İŞİD-lə neft ticarəti etdiyimizi deyirlər. Tamamilə yalandır, şərdir”.

Dövlət içində dövlət qurmaq istəyənlərin təsiri

“ABŞ-dakı bəzi media orqanları və vətəndaş cəmiyyətlərinin “dövlət içində dövlət qurmaq istəyənlər” adını verdiyim bu təşkilatın, şəbəkənin qismən də olsa təsiri altında qaldığını görürük. Bu, Türkiyə içərisində təxminən 30 ildir fəaliyyət göstərən təşkilatdır. Bu təşkilatın lideri 1999-cu ildə Türkiyəni tərk etdi və ABŞ-ın Pensilvaniya ştatında yerləşdi. Şəbəkəsini buradan idarə etməyə başladı. Başqa-başqa ölkələrdən əldə etdiyi güc ilə ciddi bir təhlükə yaratmağa başladığı məlum oldu”.

Fətullah Güləni istədik

“Cənab prezident Barak Obama başda olmaqla amerikalı dostlarımıza bu məsələni ətraflı şəkildə izah elədik. Prezident Obamaya “bizdən istədiyiniz terrorçuları necə ki biz sizə veririk, siz də bizim milli təhlükəsizliyimizi təhdid edən bu şəxsi ya deportasiya edin, ya da bizə verin” dedik. Hesab edirəm ki, Türkiyə və ABŞ hakimiyyəti hər iki ölkə üçün təhlükə kəsb edən bu şəbəkə ilə mübarizədə əməkdaşlıq edəcək. Qırmızı bülleten çıxarıla bilər”.

Obyektivlik xəbərdarlıq

“Sizdən və amerikalı dostlarımızdan xahişim budur ki, Türkiyə ilə əlaqədar analizlərinizdə obyektiv mənbələrə istinadən edəsiniz”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm