Ankara atom bombası hazırlayır? ­– Alman mediası BND-ni xilas edir
Bizi izləyin

Dünya

Ankara atom bombası hazırlayır? ­– Alman mediası BND-ni xilas edir

Son günlərdə gündəmdə şok effekti yaradan xəbərlərdən biri də Almaniyanın “Die Welt” nəşrinin Türkiyənin atom silahını hazırladığı barədə xəbəri oldu. Nəşr alman kəşfiyyatına istinadən bildirib ki, dövlət bu prosesi olduqca gizli aparır, amma bununla belə kəşfiyyat sübutlara malikdir.

Alman kəşfiyyatının məlumatına əsasən Türkiyə nüvə strategiyası üçün İranın nüvə proqramından istifadə edir. Nəşr qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2010-cu ildə uranın zənginləşdirilməsi üçün texnologiyanın yaradılması haqqında sərəncamı verib.

Hazırda Türkiyədə iki nüvə layihəsi həyata keçirilir. Dəyəri 15 milyard dollar olan “Akkuyu” Atom Elektrik Stansiyasını Rusiya, “Sinop” stansiyasını isə Yaponiya və Fransa inşa edir. “Die Welt” qeyd edir ki, Türkiyə istifadə olunan nüvə yanacağının qaytarılması barədə müqavilələri imzalamayıb.

Müəllif qeyd edir ki, həmin müqavilələrə Türkiyə tərəfindən nüvə tullantılarının geri qaytarılmaması il bağlı maddə əlavə edilib. "İstifadə olunan yanacaq çubuklarının 90 faizi sadəcə çöpdü. Ancaq o çubuklardan uran və platinium əldə etmək mümkündü. Hətta o çubukları reaktorlarda təkrar istifadə etmək də olar. Halbuki bu, yenisini almaqdan daha bahalı prosesdi. O zaman Türkiyənin yanmış yanacaq çubuqlarını təhvil verməməsinin səbəbi nə ola bilər? Atom bombası üçün material toplamaq", - deyə müəllif iddia edir.

İran nüvə proqramı çoxdan dünya cəmiyyətinin diqqətindədir. Tehran təkid etməkdə davam edir ki, proqram sülh xarakteri daşıyır. Beynəlxalq müşahidəçilərin məlumatlarına görə, Tehran silahın istehsalı üçün nüvə yanacağının zənginləşdirilməsi məqsədilə kifayət qədər sentrifuqlara malikdir.

Alman nəşri həmçinin bildirir ki, Ankara nüvə sentrifuqalarını Pakistandan ala bilər.

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl hesab edir ki, “Die Welt”də dərc olunan məqalənin hədəfi alman kəşfiyyatının hərəkətlərinə bəraət qazandırmaqdır. Belə ki, yaxın vaxtlarda alman kəşfiyyatı tərəfindən Türkiyənin yüksək vəzifəli məmurlarının dinlənildiyi ortaya çıxdı.

“Məqalənin mətnindən görünür ki, alman jurnalı yüksək vəzifəli türk siyasətçilərini dinləyən Almaniya xüsusi xidmət orqanlarına bəraət qazandırmağa çalışır. Bütün məqalə Türkiyənin daxili işlərinə qarışmaq ehtiyacına qazandırılan bəraətdən ibarətdir ki, Ankara guya nüvə silahını hazırlayır”, - deyə Toğrul İsmayıl bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə bu iftiralardan məyus olub: “Türkiyə heç nəyi gizlətmir. Əgər o nüvə silahını yaratmaq istəsəydi, demokratik bir ölkə kimi bunu açıq ifadə edərdi.

Toğrul İsmayıl qeyd edib ki, Ankaraya nüvə silahı Ankaraya lazım deyil. “Bu gün nüvə silahı düşmənlərdən müdafiənin bir üsulu olaraq üstünlüyün sübutudur. Amma Türkiyə artıq NATO-nun üzvü kimi nüvə silahı ilə qorunub. Ankara hazırda “qonşularla sıfır problem” siyasətini aparmağa çalışır. O halda nüvə silahını yaratmaq barədə niyə düşünək? Buna görə də “Die Welt”də gedən məqalənin heç bir əsası yoxdur”.

Qeyd edək ki, bu, nüvə silahına sahib yeganə müsəlman ölkəsi olan Pakistanın digər müsəlman ölkələrə nüvə silahı yaratmaq üçün kömək etdiyi barədə yayılan ilk xəbər deyil.

Bundan əvvəl Səudiyyə Ərəbistan-Pakistan nüvə əməkdaşlığı barədə növbəti iddialar səsləndirilib. İddialara görə, Səudiyyə faktiki olaraq, atom bombasına sahib olub və yeni raketləri Pakistana satıb. Amma bu cür iddialar dəfələrlə gündəmə gəlsə də, heç vaxt təsdiqini tapmayıb və inandırıcı da deyil.

BBC yazır ki, ona danışan çoxlu sayda mənbə Səudiyyə Ərəbistanının Pakistanın nüvə layihələrinə sərmayə qoyduğunu və bunun qarşılığında istədiyi zaman bu ölkədən nüvə başlıqları ala biləcəyini söyləyir. BBC-nin diplomatiya və müdafiə üzrə redaktoru Mark Urban sözügedən iddiaları şərh edərək ötən illərdə baş verənləri, gizli rəsmi yazışmaları, mütəxəssislərin fikirlərini xatırladıb.

Bu ilin əvvəlində NATO-nun üst səviyyəli bir səlahiyyətlisi Pakistanda Səudiyyə Ərəbistanı üçün istehsal olunan nüvə silahlarının nəql edilməsinə dair kəşfiyyat hesabatlarıni gördüyünü söyləmişdi.

Ötən ilin sonlarında isə İsrail hərbi kəşfiyyatının keçmiş rəhbərlərindən olan Amos Yadlın İsveçdə keçirilən bir konfransda “İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı bir ay belə gözləməyəcək. Pulu ödəyiblər, bombaları hazırdır. Pakistana gedib ehtiyacı olan qədər götürüb dönəcəklər”, - demişdi.

2009-cu ildə Səudiyyə Ərəbistanı kralı Abdullah ABŞ-ın Orta Şərq nümayəndəsi Dennis Rossu İranın nüvə silahı əldə edəcəyi halda özlərinin də bu silahı əldə edəcəyi ilə bağlı xəbərdar etmişdi. Krallıq həmin tarixdən bu yana amerikalılara bu mövzudakı niyyəti barədə saysız-hesabsız mesaj göndərib.

Ancaq Qərbin İsraildən sonra Yaxın Şərq regionunda ikinci bir dövlətə nüvə silahına sahib olmağa imkan verəcəyi heç inandırıcı görünmür. Bu Qərbin NATO-dakı strateji partnyoru Türkiyə olsa belə.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm