Kerri: “Bəşər Əsədin İŞİD-dən fərqi yoxdur”
Bizi izləyin

Dünya

Kerri: “Bəşər Əsədin İŞİD-dən fərqi yoxdur”

ABŞ Dövlət katibi Con Kerri Ərbil və Bağdadın hava hücumları sayəsində İŞİD-dən qorunduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, CNN-ə müsahibə verən Kerri Suriyada Əsəd rejiminin nəzarəti tamamilə itirdiyini bildirib:

“Məqsədimiz İŞİD-in nəzarətində olan torpaqları geri alıb əsl müsəlmanlara vermək və terrorçuları məhv etməkdir. 200 minə yaxın insanı kimyəvi silahla məhv edən Bəşər Əsəd isə heç də bu terrorçulardan fərqlənmir”.

Kerri Suriyadakı hədəfləri vurarkən kəşfiyyat məlumatlarını əldə etmə imkanlarına aydınlıq gətirib və fərqli taktika işlətdiklərini açıqlayıb:

“Suriyada fərqli kəşfiyyat qaynaqlarımız var. Hamısı da fərqli-fərqli formalarda. Kəşfiyyat məlumatları dəqiq idi”.

Gələn həftə bölgəyə gedəcəyini deyən Kerri Suriya müxalifətinə verilən dəstəklə bağlı fikirlərini bölüşüb:

“Suriya müxalifəti İŞİD və Əsəd rejimi ilə mübarizə aparır. Onlar həyatda qalmağı bacardı. İŞİD-i Hələbdən çıxartdılar. İŞİD-in sıraları azaldıqca müxalifətin sayı artacaq”.

ABŞ ordusunun İraqa girib-girməyəcəyi ilə bağlı sualı cavablandıran Dövlət katibi hələ bu mövzuda müzakirələrin getmədiyini bildirib:

“İraq hökuməti yeni qurulub. Baş nazir İbadi Nyu Yorkdadır. Onunla görüşüb fikir mübadiləsi aparırıq. İŞİD-i məğlub edəcəyik. Barak Obama da “gec-tez İŞİD-in sonu çatacaq” deyib. Bizə müəyyən zaman lazımdır. Çünki İraq ordusu yenidən qurulur. Amma hələlik İŞİD-in irəliləməsini dayandırmışıq. Hava hücumları öz nəticəsini verdi. İŞİD Bağdada irəliləyirdi. Hava hücumları olmasaydı, indi Bağdad və Ərbil İŞİD-in əlində idi”.

Kerri yaxın zamanlarda əməliyyatların bitməyəcəyini qeyd edib:

“Bölgədə bir çox dövlətlər bizi dəstəkləyir. Mübarizənin bir çox fərqli sahəsi var. Önümüzdəki 2-3 həftədə bu əməliyyatların bitməsini gözləməyin. Bölgədə sabitliyin təmin olunması üçün bizə uzun müddət lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm