• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

BMT-dən gülməli namə: Qaribaşvili-Marqvelaşvili döyüşündən Saakaşvili “qazandı”

  • Dünya
  • 25 Sentyabr 2014 16:13
  • 939 Baxış
BMT-dən gülməli namə: Qaribaşvili-Marqvelaşvili döyüşündən Saakaşvili “qazandı”

Son zamanlar Gürcüstanda ən çox müzakirə edilən məsələlərdən biri də prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili arasındakı növbəti münaqişədir.

Publika.az-ın “Novosti Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin liderləri arasında qarşıdurma BMT-nin Baş Assambleyasının hazırda davam edən 69-cu sessiyasında kimin təmsil etməsinin müəyyənləşdirilməsi ilə başlayıb.

Bir çoxları hesab edirlər ki, bu prezident və baş nazirin arasında son münaqişə deyil. Gələcəkdə də dövlətin birinci şəxsləri arasında qarşıdurmanın yeni raundlarını gözləməyin lazım olduğu deyilir. Gürcü politoloqu Nanu Devdariani hesab edir ki, xoşagəlməz hadisələr üçün məsuliyyət tamamilə prezidentin üzərinə düşür. “Çünki o, yaxşı bilirdi ki, hansı səlahiyyətlər daxilində prezidentliyə namizəd olur. İndi isə Marqvelaşvili sanki prezident seçildikdən demək olar ki, bir il sonra bütün səlahiyyətlərin baş nazirdə olduğunu bilib”, - politoloq deyib.

“BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında ölkənin kim təmsil edəcək?” mübahisəsi nəhayət hökumət başçısının qələbəsi ilə bağa çatdı. Öz növbəsində prezident ABŞ-a səfərinin ləğv edildiyini açıqladı.

“Hər kəs öz işini görsə….”

Baş nazir və prezident arasındakı münasibətlərdə kəskinləşmə hələ sentyabr ayının ikinci ongünlüyündə başlandı.

“BMT Baş Assambleyasının sessiyasına mənim iştirakımın qarşısı alınıb. Bu səhər mənə məlum oldu ki, bu səfərə mane olmaq üçün ciddi iş aparılıb”, - deyə sentyabrın 11-də Marqvelaşvili baş nazirə etirazını bildirib. Onun sözlərinə görə, bu addımlar dövlət maraqlarına əsaslanmadan atılıb: “Əgər biz bu yolla gedəcəyiksə və hər hansı dövlət institutunu inhisara almağa çalışacağıqsa, o halda biz Saakaşvilinin təsiri altında qalacağıq”.

Eyni zamanda Gürcüstan prezidenti bildirib ki, o, heç vaxt qarşıdurmaya gətirib çıxaran hərəkətlərə təşəbbüs etməyib: “Mənim mövqeyim ondan ibarətdir ki, hakimiyyətin bütün qollarının nümayəndələri öz funksiyaları və vəzifələrini aydın və effektiv şəkildə icra etsinlər. Mən siyasi institutları həmişə gücləndirməyə çalışmışam və bunu etməkdə davam edəcəyəm”.

Gürcüstanın baş naziri isə prezidentlə münasibətlərin bu şəkildə pisləşməsini gözləmədiyini bildirb. “Mən bu məsələdən çox narahatam. Əgər desəm ki, bu haqda çox düşünürəm, yalan danışmış olaram. Amma əlbəttə ki, son zamanlar baş verənlərə görə təəssüf edirəm. Mən münasibətlərin bu şəkildə pisləşməsini gözləmirdim”.

Gürcüstanın baş naziri eyni zamanda qeyd edib ki, vəziyyət qaydaya salınır: “Hər kəz öz işini görsə başqasına mane olmayacaq. İnanıram ki, prezident, parlament, hökumət, məhkəmə və KİV öz məsuliyyəti çərçivəsində işləyəcək. Hər kəs öz işini görsə, inanıram ki, bu ölkədə hər şey yaxşı olacaq. Biz bir-birimizin işinə qarışmamalıyıq”.

ABŞ-a niyə Qaribaşvili getdi?

“Gürcü arzusu” koalisiyasının nümayəndəsi Gürcüstan parlamentinin vitse-spikeri Manana Kobaxidze hesab edir ki, Nyu-Yorka məhz baş nazirin getməsinin “bir sıra səbəblər” var. Onun sözlərinə görə, baş nazir səfərinə hazırlıq çoxdan gedirdi və onun bir sıra əhəmiyyətli görüşləri planlaşdırılmış, bu barədə prezidentə də məlumat verilmişdi. Mən prezidentin səfərinin qarşısının alındığı barədə iddiaları düzgün hesab etmirəm. Düşünmürəm ki, bu bizim ölkəmizin xeyrinədir”, - Kobaxidze deyib.

Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, beynəlxalq tədbirə baş nazirin gedəcəyi barədə hökumət dairələrində əvvəlcədən razılıq var idi: “Düşünürəm ki, burada mübahisəli heç nə yoxdur. Nyu-Yorka baş nazir getməli idi. Əvvəlcədən razılıq var idi ki, NATO-nun Uels sammitinə prezident, BMT-nin tədbirinə baş nazir gedəcək. Düşünürəm ki, ölkədə daha əhəmiyyətli problemlər var və onlar haqqında danışmaq daha yaxşıdır”.

Dövlət başçısına azaldılmış səlahiyyətləri mane oldu?

Gürcüstan Konstitusiyasının yeni modelinə əsasən (2010-cu ilin oktyabrında parlament tərəfindən qəbul edilib və 2013-cü il prezident seçkilərindən sonra qüvvəyə minib) prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldııdı və parlament ilə hökumət arasında bölüşdürüldü. Məhz yeni Konstitusiyaya istinad edən hökumət nümayəndələri ABŞ-a Marqvelaşvilinin niyə getməməli olduğunu əsaslandırmağa çalışırlar.

“Xarici səfərləri Xarici İşlər Nazirliyi təşkil edir. Hökumət xarici siyasət prioritetlərinin əsas icraçısıdır”, - Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili bildirdi.

Bu açıqlama cavabsız qalmadı. Prezidentin xarici əlaqələr üzrə məsləhətçisi Tengiz Pxaladze xatırlatdı ki, Gürcüstanın Konstitusiyanın 69-cu maddəsinin 3-cü hissəsinə əsasən prezident ölkəni beynəlxalq münasibətlərdə təmsil edir.

"Bu, onun birbaşa öhdəliyidir. Prezident beynəlxalq arenada Gürcüstanı təmsil edir. BMT tribunası da ölkənin təqdim olunduğu yerdir. Buna görə də prezidentin səfəri planlaşdırılırdı. Prezident bu haqda yaxşı bilir və heç bir presedent yoxdur ki, onu pozaq”, - Pxaladze deyib.

BMT-də Saakaşvilini Gürcüstanın prezidenti kimi tanıyırlar?

Eyni zamanda, məlum oldu ki, BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində keçirilən İqlim sammitində iştirak etmək üçün dəvət Marqvelaşvili deyil, səhvən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin adına gəlib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

KİV-ə açıqlanan məlumata görə, BMT-nin baş katibi adından Gürcüstan prezidenti adına dəvət 25 fevral 2014-cü ildə Xarici İşlər Nazirliyində daxil olub. Nazirlik bu barədə bir neçə ay sonra - 11 iyunda prezidenti xəbərdar edib.

“Necə olursa-olsun, çox gülməli hadisədir ki, məktub keçmiş prezident Mixail Saakaşvilinin adınadır və BMT katibliyinin nümayəndəsi onu imzalayıb", - xarici işlər nazirinin birinci müavini David Zalkaliani Zalkaliani bildirib.

“Səhv”in məlum olmasından sonra BMT-nin Gürcüstandakı nümayəndəliyi onu düzəltmək xahişi ilə BMT katibliyinə müraciət edib. Maqvelaşvili adına yenilənmiş dəvət məktubu isə yenidən 25 fevral tarixi ilə göndərildi. Prezidentin məsləhətçi Pxaladze də bunun yolverilməzliyi olduğunu bildirib: “Gürcüstanda prezident seçkilərindən dörd ay sonra BMT-yə informasiya çatmadımı ki, prezidenti GeorGi Marqvelaşvilidir, yoxsa Mixail Saakaşvili?”

Saakaşvilinin partiyası Marqvelaşvili vəkilidir?

Baş nazir və prezident arasında qarşıdurmada Georqi Marqvelaşvili azlıqda qaldı. Sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası istisna olmaqla hökumətlə dövlət başçısının qarşıdurmasında hamı birinci tərəfi müdafiə edirdi.

Bu həmçinin siyasi bəyanatlar üçün də əsas yaratdı. Gürcüstanın ədliyyə naziri Teya Sulukiani Saakaşvilinin partiyasını Marqvelaşvilinin vəkili adlandırdı. Onun sözlərinə görə, Marqvelaşvili elə fiqur deyil ki, “Vahid Milli Hərəkat” kimi vəkilə ehtiyacı oldun.

Müxalifət deputatı Nuqzar Siklauri hökumətlə prezidentin münasibətlərini “milli böhran” adlandırdı.

Qarşıdurma haqqında müzakirələr hətta o səviyyəyə çatdı ki, KİV-də Marqvelaşvili tərəfindən yeni siyasi gücün yaradılacağı barədə xəbərlər yayıldı. Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili də müzakirələrə qoşularaq bildirdi ki, Marqvelaşvili hökumət və Gürcüstan parlamenti ilə rəqabəti aparır. Marqvelaşvili də cavab verdi ki, hökumətlə rəqabət aparmır və heç vaxt hakimiyyətin müxtəlif strukturlarının fəaliyyətinə mane olmağa cəhd göstərməyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR