İrəvana cavab: “Azərbaycan torpaqları azad edilmədən sərhədlər açılmayacaq”
Bizi izləyin

Dünya

İrəvana cavab: “Azərbaycan torpaqları azad edilmədən sərhədlər açılmayacaq”

BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sərkisyanın çıxışı Ankara-İrəvan münasibətlərini bir daha gündəmə gətirdi.

Publika.az-ın verdiyi xəbərə görə, bu çıxışı şərh edən Ermənistan və Türkiyənin ekspertləri 2009-cu ildə əldə olunmuş diplomatik nailiyyətdən imtina olunmasının ölkələrin xarici siyasətinin kursunda heç vaxt dəyişikliyə gətirib çıxarmayacağını bildirir.

“Türkiyə hələ Ermənistanla “İkitərəfli münasibətlərin inkişafı üzrə protokolu” və “Diplomatik münasibətlərin qurulması haqqında protokolu” ratifikasiya etməyib. Dağlıq Qarabağ Azərbaycana qaytarılmadan bu sənədləri təsdiqləməyəcəklərini deyirlər. Cəhənnəm olsun sizin ratifikasiyanız. Vətən müqəddəsdir, satılmaz. Bizdən uzaq durun”, - deyən Ermənistan prezidentinin qondarma “erməni soyqırımı”nın yüzüncü ildönümünə hazırlaşdığını büruzə verdi. Aydın məsələdir ki, 1915-ci il hadisələrinin 100 illiyi ərəfəsində İrəvan bütün gücü ilə antitürk addımları atmaq niyyətindədir. Belə olan halda BMT tribunasından onun çıxışında Türkiyə ilə bağlı hansısa müsbət məqamları axtarmaq yersiz olardı.

Qeyd edək ki, Ermənistan və Türkiyə arasında 10 oktyabr 2009-cu ildə Sürix protokolu imzalanıb və bu günə qədər də ratifikasiya edilməyib. Hazırda isə İrəvan protokollardan imtina edəcəyi ilə bağlı Ankaranı hədələyir.

Türkiyə və erməni ekspertləri hesab edir ki, hazırda erməni-türk protokollarının təsdiqi üzrə proses onsuz da dalana dirənib. MDB ölkələri İnstitutunun erməni filialının direktoru Aleksandr Markarov bildirib ki, protokollarla bağlı parlamentdən verilən cavab erməni ideoloqları tərəfindən “erməni soyqırımı” kimi təqdim edilən 1915-ci il hadisələrinin 100 illiyi ərəfəsində Ermənistanın həyata keçirməyi planlaşdırdığı siyasi tədbirlərin tərkib hissəsidir. A.Markarov rəsmi Ankaranın xarici siyasətində Kiprlə yanaşı, erməni məsələsində də hər hansı bir dəyişikliklərin olacağını güman etmir: “Belə güman etmək olar ki, İrəvan prosesin aktivləşdirilməsi üçün türk tərəfinə təsir edə bilər. Amma hadisələrin inkişafının belə variantı, fikrimcə, istisna edilir”.

Politoloq həmçinin bildirib ki, region əvvəlki kimi sərhədlərin açılmasına kəskin ehtiyac hiss edir: “Ermənistan bu problemin həlli üçün digər infrastruktur resursları və nəqliyyat dəhlizlərini araşdırıb, ancaq daha bir nəqliyyat dəhlizinin mövcudluğu, yəni açılacaq Türkiyə-Ermənistan sərhədləri Ermənistanın iqtisadiyyatına müsbət təsir edə bilər”.

Öz növbəsində, türkiyəli politoloq Kasım Kamer vurğulayıb ki, erməni-türk protokolları vaxtından əvvəl məhz Ermənistan hökuməti tərəfindən dondurulub: “Hərçənd Ermənistan Konstitusiya Məhkəməsi bir neçə dəfə bildirib ki, protokollar ölkənin əsas qanununa zidd deyil. Amma erməni hakimiyyətinin sözü ilə əməli tamamilə başqadır. Xatırlatmaq lazımdır ki, Türkiyə protokollara 1915-ci il hadisələrinin araşdırılması üzrə tarixçilərin birgə komissiyasının yaradılması haqqında bənd daxil edib. Amma Ermənistan tərəfi nədənsə ortaq komissiyanın yaradılmasına qarşı çıxır”.

K.Kamerin fikrincə, Türkiyə “erməni soyqırımı” məsələsinin elmi çərçivədə və obyektiv öyrənilməsinin tərəfdardır: “Çünki bu iki ölkənin münasibətlərində normallaşmaya gətirib çıxarardı. Amma Ermənistan hakimiyyəti buna kəskin şəkildə qarşı çıxır və protokolların həyata keçirilməsi üzrə səylərə maneə olur. Düşünürəm ki, əgər Ermənistan protokolları parlamentdən geri çağırsa, bu Ankara üçün ciddi bir hadisə olmayacaq və Türkiyənin xarici siyasətinə heç vaxt təsir etməyəcək. Bu protokollar onsuz da işləmirdi".

Ermənistan-Türkiyə sərhədlərin açılması məsələsinə gəlincə, türkiyəli politoloq qeyd etdi ki, bu məsələ hazırda gündəlikdə deyil: “Hazırda Türkiyənin qarşısında daha ciddi çağırışlar dayanıb. Türkiyənin qarşısında həll edilməsi daha vacib olan problemlər var. Türkiyə-Ermənistan sərhədlərin açılması üçün Ankaranın mövqeyi qətidir: Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. 1993-cü ilə qədər sərhədlər açıq idi və və Ankaranın İrəvanla hərtərəfli münasibətləri var idi. Amma Kəlbəcər rayonunun işğalından sonra bu əlaqələr kəsildi. Türkiyənin öz mövqeyini təkrar gözdən keçirməsi isə əlbəttə ki, ağlasığmazdır. Azərbaycan torpaqları azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin bərpası kimi bir variant tamamilə istisna edilir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm