Şimal qütbünün geopolitikası: Gələcəyə oynanan oyun
Bizi izləyin

Dünya

Şimal qütbünün geopolitikası: Gələcəyə oynanan oyun

İyirmi birinci əsrin əvvəllərində böyük dövlətlərin qitələrdə prioritetləri də böyük ölçüdə bəlli idi. Bundan sonra isə Arktika ətrafındakı ölkələrin “buzlaqlar qitəsinə” artan marağı gündəmə gəlməyə başladı.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan “Şimal qütbünün geopolitikası: gələcəyə oynanan oyun” yazısında Şimal qütbünə olan diqqətdən bəhs edilir.

Yazıda qeyd olunur ki, bu diqqət yalnız Arktikanın bütün şimal yarımkürəsini nəzarət altında saxlamağa imkan verən geostrateji mövqeyi ilə deyil, əlavə olaraq onun nəhəng hidrokarbon və bioloji qaynaqları ilə əlaqədardır: “Yalnız bunu vurğulamaq kifayətdir ki, dünyadakı neft ehtiyatlarının 13 faizi Arktikadadır. Bu baxımdan Rusiya, ABŞ, Kanada və Norveçin Arktikanın bölüşdürülməsinə göstərdikləri maraq təsadüfi sayılmır”.

Rusiya: Rusiyanın öngə gələn neft və qaz şirkətlərinin nümayəndələri düşünürlər ki, Rusiyanın dövlət strategiyasının Arktikada həyata keçirilməsinə heç bir şey mane ola bilməz. Şimalın kəşfi bu böyük dövlətin xammal baxımından uzun illər davam edən beynəlxalq lider statusunu qəti olaraq gücləndirəcək. Xüsusilə, Qərbi Sibirin neft və qaz ehtiyatları tükəndiyi üçün Arktika bahalı olsa da “tayqa diyarı”na alternativ ola bilər. Rusiya prezidenti Vladimir Putin hökumətə Arktikanın neft ehtiyatlarının axtarışları üzrə strateji prioritet verib. Bölgənin özü isə Putinin söylədiyi kimi, artıq ”milli proyekt” statusu alır.

ABŞ: Bəzi kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, 10 Noyabr 2009-cu il tarixində “ABŞ-ın Arktikada Hərəkətlər Planı” kimi milli təhlükəsizliklə bağlı silsilə sənədlər hazırlanıb. Bu sənədlərdə amerikalıların Arktika bölgəsində geniş və təməl mənfəətlərinin olduğu, ABŞ-ın bu mənfəətləri müstəqil və ya başqa ölkələrlə ortaq şəkildə təmin etməyə hazır olduğu qeyd olunub. Əslində, ABŞ bununla da qütb dairəsi daxilində geniş bir ərazini özünün strateji mənfəətləri bölgəsi elan etmiş oldu.

Kanada: Mütəxəssislərin fikirlərinə görə, Kanadanın Arktikada mənfəətlərini təmin etməsi ilə bağlı özünəməxsus anlayışı var. Bu anlayış normativ-hüquqi təməli və beynəlxalq əməkdaşlıq modelini ehtiva edir. 2006-cı ildə isə Ottava “Kanadanın Arktika və Uzaq Şimalda Baş Siyasət Planı” hazırlanıb. Kanadanın ABŞ ilə bir ittifaqda olmasına baxmayaraq, bu ölkələrin qarşılıqlı əlaqələri heç də yaxşı deyil. Kanadanın Şimal-qərb keçidini öz ərazi suları elan etməsi beynəlxalq statusa sahib olduğunu iddia edən ABŞ tərəfindən mənfi qarşılanır.

Norveç: Arktikada daha çox torpaq iddiası olan ölkə Norveçdir. NATO üzvü olan Norveç Qərbi Avropa və ABŞ-ın Arktikada strateji maraqlarını aktiv olaraq təmin edir. Onun bölgədəki mövcud xarici siyasəti digər Arktika ətrafı dövlətlərin “buzlu qitə”nin təbii və su ehtiyatlarından istifadə edilməsi ilə bağlı siyasətinə qarşıdır.

Beləliklə, Arktika yaxın gələcəkdə kifayət qədər kəskin və nəticələri təxmin olunmayan geopolitik və geoiqtisadi rəqabət meydanına çevrilə bilər. Artıq bu rəqabətin müəyyən siqnalları da verilir.

Rusiyanın Arktikada öz hərbi potensialını yerləşdirməsindən narahatlığını ifadə edən Kanada, demək olar ki, Arktika uğrunda Rusiya ilə müharibəyə hazırlaşdığını elan etdi. Bu yaxınlarda Kanada xarici işlər naziri Con Berd Danimarkanın “Berlingske” qəzetinə müsahibəsində Arktikada maraqlarını əllərdə silahla müdafiə etməyə hazır olduğunu bildirib. “Ottava Arktikada öz maraqlarının müdafiəsinə qalxmağa hazırlaşır. Əgər lazım gələrsə, güc də tətbiq ediləcək”, - nazir deyib.

Rusiya Sovet İttifaqının dağılmasından sonra praktik olaraq tərk etdiyi Arktikaya qayıdır. Kreml mütəmadi olaraq Arktika ilə bağlı hərbi planlarını açıqlayır, şimal qütbü ətrafında aviasiya bazaları yaradacağı barədə niyyətlərini açıq şəkildə ifadə edir. “Biz ora həmişəlik qayıtdıq, çünki bura qədim rus torpağıdır”, - Müdafiə nazirinin müavini, general Arkadi Rusiya KİV-inə açıqlamasında söyləyib. 2007-ci ildə Arktikanın rusiyalı tədqiqatçı Artur Çilinqarov Şimal qütbündə okean altına düşərək orada Rusiya bayrağını sancdı və dünyaya mesaj verdi. “İndi bu regiona çox ölkələr, o cümlədən Çin və Braziliya kimi ölkələr də iddia etməyə başlayıblar. Halbuki onların ümumiyyətlə şimalla əlaqəsi yoxdur”, - rusiyalı hərbi ekspert Viktor Litovkin söyləyib. Hərbi ekspertin fikrincə, Arktika bölgəsinə artan iddialar Rusiyanı hərəkət etməyə, qanuni hüquqlarını müdafiə etməyə məcbur edir. O, Rusiya siyasi rəhbərliyinin Arktikaya qayıtmaq qərarını qəbul etdiyini, Rusiya zonasının müdafiə olunması üçün Hərbi Dəniz Donanmasının inkişaf etdiriləcəyini vurğulayıb.


Qeyd edək ki, 5 sərhədyanı dövlət olan – ABŞ, Kanada, Danimarka, Norveç və Rusiyadan başqa daha 20 dövlət Arktikanın zənginliklərinə namizəddir. Onlardan ən iddialısı isə Çindir. Son vaxtlar isə Çinin qütbdəki yeraltı sərvətlərin ələ keçirilməsi üçün aktivliyi nəzərə çarpır. Bölgə dövlətləri hərbi hərəkətlərlə iddialarını ortaya qoysa da Çin qütbdə torpağı olmadığı üçün bölgədə yer əldə etmək məqsədilə diplomatik vasitələrdən istifadə edir. Mərkəzi Avstraliyada yerləşən Beynəlxalq Siyasət İnstitutunun direktoru Linda Jakobson bildirib ki, Arktika son iki ildə Çinin xarici siyasətinin gündəmindədir və Pekin bölgədə iştirak etmək üçün davamlı şəkildə yollar axtarır.

Qütblər Birləşmiş Millətlər Təşkilatının dənizlər qanunu ilə idarə olunur. Qanuna görə, 200 dəniz mili qütb bölgəsindəki ölkələr üçün iqtisadi sərhəd olaraq göstərilir. Bu ölkələrə dənizaltı araşdırmalar aparmağa icazə verilir. Şimal qütbünün daha uzaq sahələri kimsəyə aid olmadığından, burada şərtlər çox daha çətindir.


Arktika problemləri ilə məşğul olan ən böyük və nüfuzlu dövlətlərarası təşkilat - rəsmi olaraq 1996-cı ildə yaradılmış Arktika Şurasıdır. Buraya qütbə yaxın bütün dövlətlər daxildir. Bu dövlətlərdən başqa Şurada aleutlar, eskimoslar, saamlar və digər şimal xalqlarının təşkilatlarının nümayəndələri də təmsil olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm