Ekstremistlər və Əsədsiz Suriya: Moskva çarəsizdir
Bizi izləyin

Dünya

Ekstremistlər və Əsədsiz Suriya: Moskva çarəsizdir

Amerika suriyalılar üçün dini ekstremistlər və Əsədsiz gələcəyi hazırlamaq istəyir. Amma ABŞ-ın Suriyaya hazırkı müdaxiləsi Rusiyanın maraqlarına birbaşa təhdid anlamına gəlir.

Publika.az-ın verdiyi xəbərə görə, vestikavkaza.ru saytında dərc olunan bir yazıda Rusiyanın Suriyada təhdid altında olan maraqlarından söhbət açılır.

Qeyd olunur ki, İran və “Hizbullah”ın hərbi dəstəyi, Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında siyasi dəstəyi Suriyanı indiyə kimi Qərbin hərbi müdaxiləsindən xilas edə bilsə də, mövcud durumda müdaxilənin qarşısıalınmaz olduğu görünür.

“Suriya prezidenti Hüsnü Mübarək kimi həbs edilmədi, Müəmmər Qəddafi kimi ağlını itirmiş camaat tərəfindən parçalanmadı, Ben Ali kimi ölkədən qaçmadı.Əksinə, Əsəd tufan zamanı gəmini tərk etməyən kapitan kimi davrandı. Amma Suriya hazırda “ala-bəzək dövlət”ə çevrilib, ərazisində terrorçuların bütün rənglərinə rast gəlinir. Bu gün Suriya hökmdarı çarəsiz vəziyyətdədir və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İŞİD-ə zərbələrini dəstəkləyir. Bəşər Əsədin hökuməti ən qəddar düşmənlərinə qarşı koalisiya ilə de-fakto birgə mübarizəsi öz-özlüyündə çox diqqətəlayiqdir. Bu bildirirmi ki, rəsmi Dəməşq Vaşinqtondan indulgensiyanı aldı?” - yazıda bildirilir.

Qeyd etmək lazımdır ki, ABŞ-ın Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, BƏƏ və Qətəri “İslam dövləti”nə qarşı beynəlxalq koalisiyaya cəlb etməyi müsəlman dünyasına qarşı Qərbin təcavüz etdiyi barədə ittihamları zərərsizləşdirdi. Ərəb Dövlətləri Liqası üzvləri ilə sıx əməkdaşlıq regionda Qərbin hərəkətlərini qanuniləşdirir və buna amerikalılar son dərəcə ehtiyac duyurlar. Amma görünür ki, Vaşinqton Şərq müttəfiqlərinə tamamilə etibar etmir. Belə ki, ABŞ Hərbi Hava Qüvvələri Suriyada Qətərə yaxın olduğu deyilən “Al-Nüsra” Cəbhəsinə aviazərbələri tək vurdu. ABŞ ərəb müttəfiqləri birlikdə yalnız “İslam dövləti”nin hədəflərinə hücüm etdilər. Qeyd olunur ki, İŞİD ideoloji və siyasi ambisiyalarla hərbi əməliyyatlarda iştirak edən ərəb dövlətlərdən hər biri üçün təhlükədir.

Vestikavkaza.ru hesab edir ki, ərəb partnyorlarının İŞİD-ə qarşı koalisiyada təmsil olunması Amerikanı onlara müəyyən güzəştlər getməyə məcbur etdi: “Bu güzəşt ilk növbədə Bəşər Əsəd rejimi ilə bağlı oldu. Heç də təsadüf deyil ki, “İslam dövləti” terrorçularına qarşı birgə hərbi əməliyyatların başlanması ilə Barak Obama Suriya müxalifətinin mülayim hissəsinə dəstəyi gücləndirəcəyini bildirdi. Bundan başqa mülayim müxalifətə Amerika silahlarının çatdırılmasından söhbət gedir. Hansı ki, Obamada indiyə qədər buna müsbət baxmırdı. Bütün bunlar isə rəsmi Dəməşqə yaxşı heç nə vəd etmir. Nə qədər paradoksal olsa da, Suriyada “İslam dövləti”nin mövcudluğu Bəşər Əsəd rejiminin maraqlarına cavab verir. İŞİD olmadan Bəşər Əsəd üçün mülayim müxalifətlə mübarizədə sağ qalmaq şansları xeyli azalacaq. Vaşinqton İŞİD-in məhvindən sonra Əsədlə barışacaqmı? Bu suala cavab vermək çətindir. Demək olar ki, ABŞ gələcəkdə Suriya prezidentinin nazı ilə oynamağa hazırlaşmır. Obamanın BMT Təhlükəsizlik Şurasının iclasında çıxışını xatırlayaq. ABŞ prezidenti Suriya böhranını siyasi yollarla həll etməyə çağırdı. Məlum olduğu kimi, ABŞ prezidenti Suriyada “böhrandan siyasi çıxış yolu”nu Bəşər Əsədin istefasında görürlər. Vaşinqtonun mülayim müxalifətin silahlandırılmasına hazırlaşması göstərir ki, amerikalılar suriyalılar üçün dini ekstremistlərsiz və Bəşər Əsədsiz gələcək hazırlayır”.

Yazıda qeyd olunur ki, ABŞ İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradaraq Suriyaya müdaxilə etməklə Moskvanı yeni vəziyyət qarşısında qoymağa çalışır: “Suriya və İraqa müdaxilə praktiki olaraq BMT Təhlükəsizlik Şurasının səlahiyyətindən kənar icra olundu. Bununla da BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan Rusiya və Çin oyundan kənarda saxlanıldı: “Vəziyyət o həddə çatıb ki, rəsmi Dəməşq belə öz ərazisində amerika və onun müttəfiqlərinin bombardmanlarını dəstəkləyir. Bu isə Moskva üçün əlverişsiz vəziyyət yaradır və Vaşinqtonun birtərəfli addımlarına əks addımlarını son dərəcə məhdudlaşdırır. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi də Moskvanın maraqlarına təhdid olan “İslam dövləti”nə qarşı əməliyyatları ritorik səviyyədə dəstəkləyir. Əgər İŞİD-dən sonra Suriya rejiminin hərbi obyektləri ABŞ Hərbi Hava Qüvvələrinin hədəfi olacarsa, onda etiraz etmək gec ola bilər. Necə ki, bu, Liviyada baş verdi.

Beləliklə, Qərb davam edən geosiyasi qarşıdurmada növbəti gedişini etdi. İndi söz Moskvanındır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm