Türkiyə İŞİD-lə müharibəyə təhrik olunur: Süleyman şah türbəsi ssenarisi işə salındı
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-lə müharibəyə təhrik olunur: Süleyman şah türbəsi ssenarisi işə salındı

Türkiyənin Mosul konsulluğundakı 49 diplomatın İŞİD-in girovluğunda olduğu vaxt belə Ankaranın ABŞ-ın liderlik etdiyi koalisiyaya qoşulmama ehtimalı aşağı qiymətləndirilirdi. Baxmayaraq ki, türk rəsmilər hər addımında diplomatların İŞİD-in əlində olmasının Türkiyənin terror təşkilatına qarşı mübarizədə əl-qolunun bağladığını dilə gətirirdilər. İŞİD-ə qarşı mübarizədə Türkiyədən dəstək xahişi ilə Ankaraya gələn ABŞ dövlət katibi Con Kerri və müdafiə naziri Çak Hegelə də “49 diplomatımız girovluqdadır. Biz bu məsələdə həssas davranmalıyıq” demişdi.

Amma tale elə gətirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İŞİD-ə qarşı qurulacaq koalisiya ilə bağlı məsələlərin də müzakirə olunacağı BMT Baş Assambleyasının 69-cu sessiyasına getməmişdən öncə diplomatlar azad olundu. Bundan sonra isə Ərdoğan İŞİD koalisiyası mövzusunda yaxasını kənara çəkə bilməzdi. Bu, onun ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden ilə görüşlərdən sonra verdiyi açıqlamalardan da görünürdü. ABŞ və ərəb ölkələrinin İraq və Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatları şərh edən Ərdoğan bölgədəki terror təşkilatlarına, o cümlədən İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlara müsbət baxdıqlarını bildirib. O, koalisiya qüvvələrinin İŞİD əməliyyatına lazım olan dəstəyi verəcəyini, bu dəstyin hərbi və ya lojistik ola biləcəyini qeyd edib.

ABŞ dövlət katibi Con Kerri Ərdoğan Nyu-Yorkda olarkən Türkiyənin İŞİD-ə qarşı yaradılan koalisiyaya qatılacağına söz verdiyini açıqladı. C.Kerri Türkiyənin koalisiyanın və İŞİD-ə qarşı mübarizənin bir hissəsi olacağını ifadə edib. Ərdoğanın özü də ABŞ səfərindən qayıdan kimi keçirdiyi mətbuat konfransında Türkiyənin İŞİD-lə bağlı hazırkı strateginın, 49 diplomatı girovluqda olan Türkiyənin İŞİD strategiyasından fərqli olduğunu, yeni bir xətt çəkildiyini bəyan etdi.

Sual oluna bilər ki, Türkiyənin İŞİD-ə qarşı mübarizədə hərbi iştirakı hansı formada olacaq? ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri artıq bir həftədir ki, İŞİD-in Suriya və İraqdakı mövqelərini bombalayır. Eynilə Türkiyənin də eyni şeyi edəcəyi barədə fikir yürütmək olar. Ancaq maraqlıdır ki, Türkiyənin İŞİD koalisiyaya qatılmasına razı olması ilə bağlı bəyanatından sonra Qərb mediasında İŞİD-in yalnız hava zərbələri ilə məhv edilməyəcəyi barədə fikirlər artmağa başlayıb. İŞİD-i məhv etmək üçün quru əməliyyatlarının mütləq olduğu bildirilir. Türkiyə isə indiki halda quru əməliyyatları üçün vacib ölkədir. Və bunun üçün artıq əsas da yaranıb.

Son məlumatlara görə, Suriyadakı Süleyman şah türbəsini mühafizə edən 36 türk əsgərini İŞİD yaraqlıları mühasirəyə alıb. “İnternethaber” xəbər verir ki, dünən gecədən etibarən terror qruplaşmasının 1100 silahlısı mühasirəni davam etdirir. Bölgədəki yerli mənbələrdən verilən məlumata görə, İŞİD üç gündür ki, Süleymaniyyə torpağına silahlı yığır. İŞİD-in türbəyə gedən ən kritik boğaz sayılan Küçə kəndini əlində saxladığı və orada 420 silahlı yerləşdirdiyi bildirilir.

Qeyd edək ki, 928 illik Süleyman şah türbəsi Türkiyənin ölkə hüdudlarından kənarda yerləşən tək ərazisidir. Burada Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası Süleyman şah və iki əsgərinin məzarı yerləşir.

Osmanlı İmperiyası dağılandan sonra Süleyman şah türbəsi fransız Suriyasının sərhədləri daxilində qalıb. Ancaq Türkiyə Respublikasının Fransa ilə bağladığı Ankara Andlaşması və Lozanna sazişinə görə qala və türbə Türkiyənin torpağı sayılıb. 1938-ci ildə Türbədə Jandarma polis bölməsi qurulub. Bundan sonra oranın qorumas Türkiyə əsgərlərinə həvalə edilib.

Türbədəki 36 türk hərbçisinin ələ keçirilməsi xilas olunan 49 diplomatı əvəzləyə bilər və bununla da Ankaranı İŞİD-ə qarşı vuruşmaqdan çəkindirə bilər. Bu yalnız birinci ehtimaldır. İŞİD-in arxasındakı güc hər kim olursa-olsun təşkilatın bu vaxta kimi atdığı addımlar ən çox islam dininə zərər verir və bölgəyə kənar müdaxilələri qanuniləşdirir. Bölgəyə kimlər müdaxilə etmək istəyir? ABŞ və onun bəzi müttəfiqləri, ilk növbədə Türkiyənin Əsədin devrilməsi üçün hər şeyi etməyə hazırdırlar. Ankara Dəməşq rejiminin qatı düşmənidir. Süleyman şah türbəsinə edilən hücumun düşünülmüş bir ssenari olub-olmadığını iddia etmək çətin olsa da, fakt odur ki, Türkiyənin torpağı təhlükə qarşısındadır. Süleyman şah türbəsinin ələ keçirilməsi eyni zamanda Türkiyənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriləcək.

Bu halda isə Türkiyənin Suriya ərazisinə qoşun yeritməyə tam əsası yaranır. Həmçinin Ankaranın Suriya siyasətini sərt tənqid edən ölkə ictimaiyyəti də bu halda müdaxiləni dəstəkləməlim olacaq. Amma bu məsələdə Türkiyə tək olmayacaq. Məsələ ondadır ki, Türkiyə NATO üzvüdür və Süleyman şah türbəsinə edilən hücum hərbi alyans nizamnaməsinin beşinci maddəsinin tətbiqini aktuallaşdırır. Həmin maddəyə görə, ittifaqın bir üzvünə edilən hücum bütün üzvlərə edilən hücum kimi qiymətləndirilir. Beləliklə, qapı-qapı gəzib İŞİD-ə qarşı koalisiyayı genişləndirməyə çalışan ABŞ eyni zamanda NATO-nun 28 üzvünü müharibəyə cəlb edə biləcək.

Amma istənilən halda bir sualın cavabı verilməmiş qalır: İŞİD 49 türk diplomatı 36 hərbçi ilə əvəzləməklə Türkiyəyə qarşı yeni “kozır” qazanmaq istəyir, yoxsa Türkiyə illərdir ki, girmək istəmədiyi bataqlığa itələnir?

Süleyman şah türbəsinə hücumdan sonra NATO nizamnaməsinin 5-ci maddəsi işə düşsə və Türkiyənin ardınca ittifaqın 28 ölkəsi Suriyaya daxil olsa belə, region ölkəsi olaraq ən böyük zərəri Türkiyə görəcək.

Amma bunun Türkiyənin öz istəyi ilə baş verdiyi barədə fikir yürütmək də çətindir. Amma Ərdoğanın 49 diplomatın azad olunmasından sonra Türkiyənin İŞİD strategiyasından fərqli olduğunu deməsi Suriyaya müdaxilənin müəyyən mənada Ankaranın planlarına daxil olduğunu deməyə əsas verir. İŞİD-in bölgəyə kənar müdaxilələri qanuniləşdirmək üçün yaradıldığı barədə fikirlər də indiki situasiyada öz yerinə düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm