Litvadan “informasiya müharibəsi”ndə Moskvaya ağır zərbə
Bizi izləyin

Dünya

Litvadan “informasiya müharibəsi”ndə Moskvaya ağır zərbə

Litva Ukraynanın yolunu gedərək Rusiya telekanallarının yayımını məhdudlaşdırmaq istəyir.

Publika.az-ın BBC-nin rus xidmətinə istinadən verdiyi məlumata görə, Litva prezidenti xanım Dalya Qribauskayte “İctimaiyyətə məlumat verilməsi haqqında Qanuna” dəyişikliklərlə bağlı təkliflərini parlamentə təqdim edib.

Dəyişikliklər ölkə ərazisində Rusiya telekanalların yayımının məhdudlaşdırılmasını nəzərdə tutur. Təklifə görə, ümumi efir payının yalnız 10 faizi rus telekanallarına verilə bilər. Prezidentin məsləhətçisi Virginiya Budene BBC- yə açıqlamasında qərara dəyişiklikləri Ukraynanın şərqindəki hadisələr və “rus təbliğatının güclənməsi” ilə izah edib.

“Yaranmış geosiyasi vəziyyət bizi informasiya məkanımızı qorumağa məcbur edir”, - deyə Budene dəyişikliklərə olan ehtiyacı əsaslandırıb.

Litvada bu il Rusiya telekanallarının translyasiyası üç dəfə kəsilib. Litva İnformasiya Məkanına Nəzarət Şurası tərəfindən rus telekanalları millətlərarası düşmənçiliyin qızışdırılmasında ittiham edib.

“Litva artıq 10 ildir ki, Avropa İttifaqının üzvüdür. Buna görə də prezident hesab edir ki, ölkədə teleproqramların 90 faizi dövlət dili və Avropa İttifaqının başqa dillərində yayımlanmalıdır. Üçüncü ölkələrin dillərində isə teleproqramların yayımı hazırkı 30 faiz səviyyəsindən 10 faizə qədər azaldılmalıdır”, - prezidentin məsləhətçisi deyib.

Litvanın kabel televiziyası assosiasiyası isə qanuna düzəlişlərə müsbət baxmır. Assosiasiyanın icraçı direktoru Vayvı Jukenenin sözlərinə görə, Rusiya kanalların yayımının azaldılması kabel televiziya şirkətlərinin xidmətlərinin bahalaşmasına gətirin çıxaracaq: “Hazırda telekanalların əsas paketində Rusiya proqramlarının payı təxminən 30 təşkil edir. Düzəlişlər kabel şəbəkələrinin qanuni biznesinə zərər vuracaq. Hansı ki, ölkədə 600 min insan onların xidmətlərindən istifadə edir. Əgər insan Rusiya kanallarına baxmağı çox istəyəcəksə, internetə azad giriş onların bu istəyini təmin edəcək. Beləliklə, ölkədə qeyri-leqal bazar genişlənəcək. Bu vəziyyətdə kim qalib gəlir? Heç kəs. İnsanlar qeyri-leqal yola əl atacaqlar, təbliğat heç bir yerə yox olmayacaq”.

Beynəlxalq Münasibətlər İnstitutunun siyasi elmlər müəllimi Neriyus Malyukyaviçyus hesab edir ki, indiki geosiyasi vəziyyətdə Litva özünün informasiya məkanına nəzarət etmək üçün sərt qaydalar tətbiq etməyə məcburdur.

“Biz Ukrayna təcrübəsində görürük ki, Rusiyanın mərkəzi telekanalları elan edilməmiş müharibənin ayrılmaz hissəsinə çevrilib. Biz həmçinin rusdilli sakinlərimizin manipulyasiyalarına icazə verməməliyik. Vətəndaşlarımız informasiyanı Rusiyanın dövlət kanallarından almamalıdır. Bizim KİV-lərimiz isə rusdilli həmvətənlərimiz üçün obyektiv informasiya verməlidir”, - Malyukyaviçyus qeyd edir.

Hazırda Litvanın pulsuz teleefirində rus dilində yayımlanan heç bir milli telekanal yoxdur. Litvada bir rusdilli kommersiya radiostansiyası fəaliyyət göstərir.

Sorğular göstərir ki, sakinlərin əksəriyyəti Rusiya telekanalların qadağasının çıxış yolu olmadığını düşünür. Hər dörd tamaşaçıdan yalnız biri Litva ərazisində Rusiya telekanallarının tam qadağasını bəyənir, hərçənd yalnız 6 faizi onların xəbərlərinə etibar edir. Eyni zamanda rusdilli əhalinin 70, polyakların isə 50 faizi belə qadağaya qarşı çıxır.

Litva Dövlət Statistika İdarəsinin məlumatına görə, ruslar ölkənin 5,8 faizini təşkil edirlər. Eyni zamanda sorğular göstərir ki, ölkənin 90 faizi rus dilində danışır və bu dili başa düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm