Həmsədrlər və KTMT rəhbərliyi İrəvanı razı salıb - Rəy
Bizi izləyin

Dünya

Həmsədrlər və KTMT rəhbərliyi İrəvanı razı salıb - Rəy

Çünki yanvar ayının iyirmi dördündə Parisdə xarici işlər nazirləri arasında keçirilən görüş zamanı da atəşkəs rejimi pozulurdu. Hesab edirəm ki, xüsusi bir vəziyyət yoxdur.

Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti dəfə səfər etdilər. Vasitəçilər dünən isə Ermənistanda idilər. Diqqət çəkən məqam isə eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rəhbərlərinin Ermənistana səfəridir.

Erməni mətbuatının yazdığına görə Ermənistanın Milli Təhlükəsizliyinin Şurasının katibi Artur Baqdasaryan KTMT-nin baş katibi Nikolay Bordyuja və təşkilatın birləşmiş qərargahının başçısı Aleksandr Studenikini qəbul edib. Görüşdə KTM çərçivəsində əməkdaşlıq, birləşmiş aviasiya güclərinin inkişaf etdirilməsi, Qafqaz regionunda təhlükəsizliyin təmin olunması, İrəvanda KTMT-nn illik beynəlxalq strateji sammitinin keçirilməsi məsələləri müzakirə edildiyi bildirilir.

Təşkilatla bağlı dünən baş verənlər bununla bitmir. “Ayos Arsivner” (“Erməni qartalları”) təşkilatının nümayəndələri ilə görüşdə Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibə başlayacaqsa, KTMT erməni tərəfinə kömək göstərəcək. O, bunun təşkilatın nizamnaməsində də nəzərdə tutulduğunu dilə gətirib. Ermənistanın təşkilatın təsisçilərindən biri olduğunu xatırladan nazir “Hazırda təşkilatın hərbi-siyasi inkişafı üzrə ciddi addımlar atılır. Müxtəlif tədbirlərdə iştirakımızla biz uyğun olan elə bir mühit yaradırıq ki, ehtiyac olduğu halda təşkilatın üzvləri Ermənistanın kömək göstərsin”, - erməni müdafiə naziri vurğulayıb.

Minsk qrupu həmsədrləri və müharibə olacağı halda Ermənistana kömək edəcəyi ilə bağlı Azərbaycanı tez-tez hədələyən KTMT rəhbərlərinin İrəvana eyni gündə səfər etməsinin arxasında nə dayana bilər?

Publika.Az bu sualla Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirliyə müraciət edib.

E.Nəsirli hesab edir ki, indiki halda həm həmsədrlərin, həm də KTMT-nin əsas məqsədi cəbhə xəttində atəşkəs rejiminin saxlanılmasıdır:“Soçi Olimpiadasında təhlükəsizliyin təmin olunması Rusiya üçün hava və su kimi lazımdır. Bu idman yarışı heç də rahat keçməyəcək. ABŞ və Fransa prezidenti, Böyük Britaniya baş naziri, Almaniya kansleri, eləcədə digər dövlət və hökumət rəsmiləri həm Rusiyaya təzyiq baxımından, həm də təhlükəsizlik maraqlarından çıxış edərək bu tədbirə qatılmayacaqlar. Təbii ki, bu da rəsmi Moskvanı narahat edən məsələdir. Rusiya ciddi şəkildə çalışır ki, həmin dövrdə təhlükəsizlik güclü şəkildə təmin olunsun. Atəşkəs rejiminin pozulması və hərbi əməliyyatların başlanması Soçi olimpiya oyunları üçün çox ciddi problemlər yarada bilər. KTMT-nin Ermənistanın yanında olacağı ilə bağlı bəyanatlar da bununla bağlıdır. Həmsədrlər isə onunla öyünürlər ki, onlar olmasaydı, müharibə çoxdan başlamışdı. Atəşkəs rejiminin pozulması ilə onların öyündükləri yeganə məsələnin də üstündən xətt çəkilmiş olur. Rusiyanın hazırkı maraqları və Soçi Olimpiadası konteksində atəşkəsin qorunmasında çox maraqlıdır. Hesab edirlər ki, məsuliyyət bütün hallarda atəşkəsi pozan tərəfin üzərində qalacaq. Burada müəyyən təzyiq elementləri də var və Azərbaycana da təzyiq göstərirlər. Ermənistanın gün ərzində iki yüz dəfə atəşkəz rejimini pozmasına və bu nəticə etibarilə müharibə versiyasını çox yaxınlaşdırmasına baxmayaraq, Azərbaycana mesaj göndərirlər ki, müharibəyə başlamaq olmaz. Bu baxımdan KTMT rəhbərliyi ilə həmsədrlərin mövqeləri üst-üstə düşür”.

Siyasi elmlər doktoru həmsədrlərin son bəyanatlarında da yeni bir şey görmədiyini dilə gətirib. Onun fikrincə, danışıqlar konfidensial keçirildiyindən məsələlərə aydınlıq gəlmir və prinsip etibarilə nikbin olmaq üçün də əsas yoxdur. “Çünki yanvar ayının iyirmi dördündə Parisdə xarici işlər nazirləri arasında keçirilən görüş zamanı da atəşkəs rejimi pozulurdu. Hesab edirəm ki, xüsusi bir vəziyyət yoxdur. Fikrimcə, həmsədrlərin nikbinliyi onunla bağlıdır ki, onlar atəşkəs rejiminə riayət edəcəyi barədə İrəvanı razı salıblar. Ermənistanın belə bir öhdəlik götürdüyü barədə informasiyalar yerli mediada yayılıb”,- E.Nəsirli qeyd edib.

Müsahibimiz Moldovanın Qaqauziya muxtariyyətində keçirilən referendumdan ermənilərin ruhlanmasına da münasibət bildirib:“Kosova 2008-ci ildə müstəqilliyini elan edən zaman da ermənilər ruhlanmışdılar və hesab edirdilər ki, analoji addımın atılması üçün onlara da icazə veriləcək. Ermənistan tərəfi unutmamalıdır ki, Kosovanın müstəqilliyi qeyd edilən zaman beynəlxalq birlik bunun analoji problemlər üçün presedent sayılmayacağını bəyan etdi. Ona görə də 2008-ci ildən altı il keçməsinə baxmayaraq, Ermənistanın arzuları elə arzu olaraq qalıb və bu reallaşa bilməz. Azərbaycan gücləndikcə də bu bir illüziyaya oxşayır və reallaşması qeyri-mümkün olur. Hesab edirəm ki, hansısa paralellərin aparılmasının heç bir mənası yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm