"Boinq-777" qəzasındakı yeni fakt – Şok iddia
Bizi izləyin

Dünya

"Boinq-777" qəzasındakı yeni fakt – Şok iddia

Ukraynanın şərqində “Malayziya hava yolları” şirkətinə məxsus "Boinq-777" təyyarəsinin aviaqəzası nəticəsində həlak olanlardan biri oksigen maskası ilə tapılıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə beynəlxalq tədqiqat qrupuna başçılıq edən Niderlandın xarici işlər naziri Frans Timmermans bildirib.

Daha əvvəl isə hesab edilirdi ki, təyyarədəki bütün insanlar bir anda həlak olublar. “Çətin ki, insanlar raketin yaxınlaşdığını qeyd etməyə vaxt tapıblar. Amma təəccüblüdür ki, həlak olanlardan biri üzündə oksigen maskası ilə tapılıb. Deməli, nəsə etmək üçün vaxt var idi”, - deyə niderlandlı nazir söyləyib.

Niderland Təhlükəsizlik Şurasının aviaqəza ilə bağlı dərc etdiyi ilkin məruzədə isə oksigen maskası haqqında heç bir informasiya yox idi. Təşkilatın məlumatına görə, “Boinq-777” təyyarəsi havada kiçik hissələrə bölünüb. Ekspertlərin məlumatına görə, belə bir vəziyyətdə insanlar yalnız bir neçə saniyə sağ qala bilərdilər.

Tədqiqat qrupuna başçılıq edən Niderland ilkin məruzəsində hansısa tərəfi ittiham etməməsinə baxmayaraq, rəsmi Kiyev və Moskva bir-birini ittiham edir.

Rusiya Müdafiə Nazirliyi sözçüsü Andrey Kartapalov və Rusiya Hərbi Hava Qüvvələrinin baş qərargah rəisi Makuşev laynerin qəzaya uğraması ilə bağlı bir müddət əvvəl yeni faktlar açıqlayıblar. Bildirilib ki, “Boinq-777” qəzaya uğrayarkən onu Ukraynanın “SU-25” qırıcı təyyarəsi müşayiət edib. Bu zaman onların arasındakı məsafə 5 kilometr olub. Kartapalov jurnalistlərə “Bu məsafədən isə SU-25 qırıcılarındakı “hava-hava” tipli raketlərlə mülki təyyarəni vurmaq mümkün idi. Niyə hərbi qırıcı mülkü avialaynerlə eyni hava dəhlizində olub” sualı ilə müraciət edib.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın 4 “Buk-M1” zenit-raket divizionu var. Hadisə günü həmin komplekslərin yerdəyişməsi qeydə alınıb.

ABŞ isə iddia edir ki, hərbi peyk özünümüdafiə dəstələrinin Malayziya təyyarəsinə raket atdığı anı çəkiblər. Amerika kəşfiyyatı “torpaq-hava” tipli raketin uçuşunu qeydə alıb. Bu tip raketlər həm üsyançılarda, həm də Ukrayna ordusunda mövcuddur.

Xatırladaq ki, sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvü olub. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm