Kiyev MDB-dən de-fakto çıxdı
Bizi izləyin

Dünya

Kiyev MDB-dən de-fakto çıxdı

Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasında Ukraynanın hansı səviyyədə təmsil olunacağı hələ müəyyən edilməyib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

“MDB-nin illik sammitində Ukrayna prezidentindən başqa praktik olaraq bütün üzv ölkələrin prezidentləri iştirak edəcək. Ukrayna prezident səviyyəsində təmsil olunmayacaq. Minskdə Ukraynanı kimin təmsil edəcəyi də hələ aydın deyil”, - deyə Rusiya prezidentinin köməkçisi əlavə edib.

Ukraynanın dövlət başçısı səviyyəsində MDB-nin Minsk toplantısında iştirak etməməsi isə bu ölkənin qurumu tərk edəcəyi barədə iddiaları gücləndirir. Hələ bu ilin mart ayında Krımın Rusiyaya birləşməsindən sonra Ukraynada MDB-ni tərk etməyin vacibliyi barədə çağırışlar səslənməyə başladı. May ayında Ukraynanın MDB-dən çıxması haqqında sənədlər Ali Radaya daxil olub. Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy də bəyan etmişdi ki, ölkə MDB-dən çıxma prosesinə start verib: "Milli Təhlükəsizlik Şurasında qərara alınıb ki, Ukrayna nəinki MDB-də fəaliyyətini dayandırmalıdır, eyni zamanda bu təşkilatdan çıxma prosesinə start verməlidir".

Xatırladaq ki, Ukrayna məhz MDB-nin təsisçilərindən biridir. MDB ilkin dövrdə 3 dövlət – Rusiya, Ukrayna və Belarus tərəfindən qurulub. MDB-nin qurulması haqqında razılaşma 1991-ci il dekabrın 8-də imzalanıb. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan quruma üzv olub.

1993-cü ilin ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra qurumdakı iştirakını dayandırıb.

2014-cü ildə Ukraynanın imtinasından sonra MDB-də sədrliyi Belarus öz üzərinə götürüb.

Məşhur politoloq, Rusiya və postsovet məkanı üzrə ekspert Pol Qobl “Amerikanın səsi”nə müsahibəsində deyib ki, Ukrayna Rusiya üçün əbədi itirilib: “Vladimir Putin indiyədək tarixdə heç bir rus hökmdarının nail olmadığı şeyə nail oldu. O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti antirus etdi. Ola bilər ki, Rusiya hökuməti Krımı birdəfəlik tutsun, amma bunu etməklə Moskva Ukraynanı birdəfəlik itirib. Heç bir ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Vladimir Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Mən əminəm ki, Putin bu son hərəkətləri ilə elə proseslərə yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq. Ola bilsin, bu qarşıdakı aylarda və yaxud da illərdə baş verəcək”.

2008-ci ilin avqustunda Rusiya torpaqlarının bir hissəsini zəbt etdikdən sonra Gürcüstanın MDB-dən çıxdığını xatırladan amerikalı politoloq ümid etdiyini bildirib ki, Moldova və Azərbaycan da bu addımı atacaq: “Belə bir addım Moskvaya güclü siqnal olardı ki, Qara dənizdəki bir yarımadanı tutmaqla o, öz qonşuları ilə münasibətlərinə ağır zərbə endirib və bu istiqamətdə əlavə addımlardan çəkinməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm