“Kobani hadisələri”nin gizlinləri: Ankaranı nəyə məcbur edirlər?
Bizi izləyin

Dünya

“Kobani hadisələri”nin gizlinləri: Ankaranı nəyə məcbur edirlər?

Türkiyənin cənub-şərq əyalətlərində bir neçə gündür ki, insanlar küçələrdən çəkilmək istəmir. Əhalinin əhəmiyyətli hissəsi kürdlər olan bu əyalətlər hakimiyyətdən kürd şəhəri sayılan Kobanini İŞİD-dən xilas etməyi tələb edir.

Etiraz aksiyaları nəticəsində artıq 30-a qədər insan həlak olub, 150-dən çoxu yaralanıb, təxminən 400-ü isə saxlanılıb. Kürd etirazlarının episentri olan altı şərq əyalətində insanların küçələrə çıxması qadağan edilib.

Rəsmi Ankara isə Suriyaya müdaxilə etmək niyyətində deyil. Türkiyənin rəhbərliyi bildirir ki, suveren Suriyanın işi olan münaqişəyə qarışmaq istəmir.

Publika.az-ın verdiyi xəbərə görə, vestikavkaza.ru saytına danışan türkiyəli ekspertlər Türkiyənin Kobaninin terrorçulardan xilas etməyəcəyini bildiriblər.

Politoloq Toğrul İsmayıl qeyd edib ki, Türkiyə dünya birliyinin icazəsi olmadan, eyni zamanda, beynəlxalq prosedurlar tətbiq olunmadan Suriyaya müdaxilə etməyəcək. Politoloqun fikrincə, hərçənd Türkiyənin bunu etməsi üçün əsasları var. Türkiyənin cənub-şərq əyalətlərində toqquşmaları şərh edən türkiyəli ekspert istisna etməyib ki, burada Türkiyənin yeni münaqişəyə çəkmək məqsədi ilə provokasiyalar baş verə bilər.

“Türkiyə şəhərlərindəki toqquşmaların arxasında Suriyadakı xüsusi qrup dayana bilər. Bilirsiniz ki, Türkiyə hökumətinin əsas məqsədi prezident Bəşər Əsəd rejiminin devirilməsidir. Bununla əlaqədar istisna etmirəm ki, Dəməşqin özü Türkiyədə vəziyyətin gərginləşməsində maraqlıdır. Axı rəsmi Ankaranın diqqətinin daxili problemlərə daha çox yönəlməsi bir o qədər Əsədi devirmək cəhdlərini azaldacaq. Ola bilər, Türkiyəyə sübut etmək istəyirlər ki, kimsə burada istənilən vaxt burada qarışıqlıq yarada bilər. Mən hesab edirəm ki, bu mesajlar nəzərə alınmalıdır”, - deyə Toğrul İsmayıl vurğulayıb.

Politoloq əmindir ki, heç bir aksiya, mitinq və ya toqquşmalar Ankaranı Suriya ərazisindəki münaqişəyə birbaşa qarışmağa məcbur edə bilməyəcək: “Türkiyə “İslam Dövləti”nə qarşı döyüşlərdə kürd özünümüdafiə dəstələrinə (YPG) kömək etməkdən imtina edir. Bunun da obyektiv səbəbləri var: Kobanini müdafiə edən kürd özünümüdafiə dəstələri Türkiyədə həbsxanada cəza çəkən Kürdüstan İşçi Partiyasının lideri Abdulla Öcalanı özlərinin ideoloqu və ilhamverəni hesab edirlər. Ankara PKK kimi YPG-ni də terror təşkilatı hesab edir. Bundan başqa, Abdullah Öcalan Hafiz Əsədin hakimiyyəti illərində kürd terrorçularının fəaliyyətini Suriyadan idarə edirdi. Nəticədə, Ankara və Dəməşq münasibətlərinə ciddi zərər vurdu. Ankara Kobaniyə kömək edə bilmir, çünki şəhəri türk nöqteyi-nəzərindən terrorçular müdafiə edirlər”.

Türkiyəli digər bir ekspert Haldun Yalçın Kaya Kobani uğrunda İŞİD-lə PYD-nin hərbi qanadı olan YPG-nin vuruşduğuna diqqət çəkir: “Hər ikisi terrorçu təşkilat elan edilib. Ankara üçün bu döyüş iki terror qruplaşmasının döyüşüdür”.

Ekspert qeyd edib ki, Kobanini qorumaq üçün vuruşan YPG-nin silahlandırılması Türkiyə hakimiyyətinin nəzərində əslində terrorçuların silahlandırılması anlamına gəlir. Lakin türkiyəli ekspert Türkiyənin YPG-də silahla yardım edəcəyini də istisna etmir: “Müharibə nəzəriyyələrindən birinə görə, sən başqa bir dövlətin ərazisində bir təşkilata qarşı mübarizə aparmağa qərar verirsənsə, o halda yerli əhalinin dəstəyini əldə etmək lazımdır. Sadə xalqın dəstəyini təmin edən Qərb koalisiya gücləri Əfqanıstana daxil oldu. İndiki vəziyyətdə isə Türkiyə Kobanidə vuruşan iki tərəfdən birinin – İŞİD və yaxud PYD-nin dəstəyini təmin etməlidir. Bəli, hər iki təşkilat Türkiyə tərəfindən terrorçu elan edilib. Əgər PYD antitürk fəaliyyətindən imtina edərsə və Əsədə qarşı mübarizədə Ankaranı dəstəkləyərsə, Türkiyə nəzəri baxımdan ona silah verə və istənilən dəstəklə təmin edə bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm